BAKI, TurkicWorld
İstanbulda 14 ölkənin iştirak etdiyi "Təbii Sərvətlər Zirvəsi" (INRES 2025) fəaliyyətə başlayıb.
TurkicWorld xəbər verir ki, Turkuvaz Media-nın ev sahibliyi və Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə İstanbulda "Təbii Sərvətlər Zirvəsi" (INRES 2025) işə başlayıb.
Sammitdə enerji sahəsində qlobal əməkdaşlıq imkanları, strateji investisiyalar və resurs təhlükəsizliyi ilə bağlı kritik məsələlər müzakirə olunur. Tədbirə 14 ölkədən enerji və sənaye nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və nüfuzlu şirkət rəhbərləri qatılıb.
Zirvə Lütfü Kırdar Konqres Mərkəzində keçirilir. Səhər saatlarında start götürən sammitin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın günortadan sonra çıxış edəcəyi elan olunub. Zirvə çərçivəsində dörd əsas sessiya keçiriləcək və burada enerji təhlükəsizliyi, kritik minerallar, karbohidrogen ehtiyatları və enerji keçidində investisiya modelləri kimi məsələlər diqqət mərkəzində olacaq.
İlk sessiya “Enerji transformasiyası üçün kritik minerallar” mövzusuna həsr olunub. EPİAŞ(Enerji Bazarlarının İdarəedilməsi Səhmdar Cəmiyyəti) baş direktoru Taha Meli Arvasın moderatorluğu ilə keçirilən bu paneldə, Eti Maden CEO-su Yalçın Aydın, Mədən Birliyi Başçısı Mehmet Yılmaz, TÜMAD Mədən İdarə Heyətinin sədri Hasan Yücel, geosiyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə müstəqil araşdırma aparan HCSS-in strateji müşaviri Peter Handley və Norveç Enerji Texnologiyaları İnstitutu Qrup rəhbəri və tədqiqatçı Duyqu Yılmaz tələb və təklifin yeni kritik texnologiyalarını müzakirə edəcəklər.
İkinci sessiyada “Enerji keçidində mədənçilik” məsələsi gündəmə gətirilib. Bu panelin moderatoru Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar olub. Sessiyada Liviyanın sənaye və mədən naziri Əhməd Əbu-Heisa, Nigeriyanın mədən naziri Ousmane Abarchi, Somalinin neft naziri Dahir Şire Məhəmməd, Səudiyyə Ərəbistanının sənaye nazirinin müavini Xalid Əl Mudaifer və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Günün ikinci yarısında keçiriləcək sessiyada isə “Təchizat təhlükəsizliyi: imkanlar və problemlər” mövzusu ətrafında müzakirələr aparılacaq. Bu müzakirədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, İraqın baş nazirinin müavini və neft naziri Hayan Əbdül Qani Əlsəvad, Bolqarıstanın energetika naziri Jeço Stankov, Moldovanın energetika naziri Dorin Junghietu və Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja çıxış edəcəklər.
Sonuncu sessiyada isə “Karbohidrogenlər: Yeni strategiyalar” mövzusu gündəmdə olacaq. Sessiyaya OME-nin Karbohidrogenlər və Enerji Departamentinin direktoru Söhbət Karbuz moderatorluq edəcək. Panel iştirakçıları arasında TPAO-nun baş direktoru Əhməd Türkoğlu, SOCAR-ın vitse-prezidenti Anar Məmmədov, Schlumberger rəqəmsal departamentinin rəhbəri Gökhan, Uniper şirkətinin vitse-prezidenti Michael Hilmer və digər tanınmış adlar yer alır.
Qeyd edək ki, Türkiyə son on ildə enerji sahəsində mühüm addımlar ataraq həm daxili enerji təminatını gücləndirib, həm də beynəlxalq enerji diplomatiyasında fəal iştirakçıya çevrilib. Türkiyə bu gün Azərbaycan, Macarıstan, Nigeriya, Mərakeş, İraq və ABŞ da daxil olmaqla bir çox ölkələrlə enerji əməkdaşlığını genişləndirir. Sammit çərçivəsində Rumıniya ilə təbii qaz sahəsində yeni strateji sazişlərin imzalanması da gözlənilir.