Rusiyanın baş naziri Mixail Mişustin videokonfrans vasitəsilə Primorsk diyarında Tümen çayı üzərində avtomobil yolu körpüsünün tikintisinə rəsmən start verib.
Hafta.az-ın “Vedomosti”yə istinadən yazdığına görə, yeni infrastruktur layihəsi Rusiya ilə Şimali Koreyanı birbaşa birləşdirəcək. Hökumətin açıqlamasına görə, körpünün tikintisinin təxminən il yarım davam edəcəyi gözlənilir.
Layihənin tikintisini Soçidə yerləşən “Tonnelyujstroy” şirkəti öz üzərinə götürüb. Dövlət müqaviləsinə əsasən layihənin rəsmi başa çatma tarixi 2026-cı il dekabrın 31-dir. Martın sonunda Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora Tumen çayı üzərində körpünün tikintisinə yaxın vaxtlarda başlanılacağını bildirmişdi. Həmin vaxt hazırlıq işləri yekunlaşmaq üzrə idi.
Bu infrastruktur təşəbbüsü 2024-cü il dekabrın 4-də qüvvəyə minmiş Rusiya-Şimali Koreya strateji əməkdaşlıq sazişi ilə paralel olaraq nəzərdən keçirilir. Rusiya Xarici İşlər Nazirliyi bu sazişin iki ölkə arasında çoxşaxəli əməkdaşlığın yeni strateji səviyyəyə qaldırılmasına töhfə verəcəyini vurğulayıb. Körpünün təkcə nəqliyyat deyil, həm də ticarət və siyasi əlaqələri gücləndirəcəyi gözlənilir.