Parlament Kamran Əliyevin Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verib
Mayın 1-də Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə 13 məsələ daxil edilib.
İlk olaraq, Prezident İlham Əliyevin təqdimatı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi üçün Kamran Bayram oğlu Əliyevin namizədliyi Milli Məclisin müzakirəsinə çıxarılıb. Bu barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Kamran Əliyev Baş prokuror kimi çalışdığı dövrdə prokurorluq orqanlarında islahatlar müasir tələblərə uyğun olaraq daha da dərinləşdirilib və öz müsbət nəticəsini vermişdir. Bu dövr ərzində prokurorluqda yeni informasiya texnologiyalarının tətbiqinə, həm də beynəlxalq əlaqələrin genişlənməsinə nail olunub.
Əli Hüseynli: Hazırda prokurorluq əməkdaşlarının 90 faizi gənc, amma peşəkar kadrlardır
Onun sözlərinə görə, hazırda prokurorluq əməkdaşlarının 90 faizi gənc, amma peşəkar kadrlardır və bu illər ərzində ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizədə prokurorluq aparıcı rol oynayıb: “Müasir dövrdə prokurorluq və digər hüquq-mühafizə, güc strukturları arasında çox ciddi, səmərəli, qarşılıqlı əməkdaşlıq mövcuddur. Bunun nəticəsidir ki, ölkəmizdə mütəşəkkil cinayətkarlığın bütün formalarına qarşı effektiv mübarizə həyata keçirilir. Təəssüf ki, bir sıra hallarda bəzi xarici dairələrin prokurorluğun və bütövlükdə hüquq-mühafizə orqanlarının separatçılığa, terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətli mövqeyini şübhə altına qoymaq kimi neqativ cəhdlərini müşahidə edirik. Hesab edirəm ki, cəmiyyətimiz və medianın bu məsələlərdə vahid qətiyyətli mövqeyi mövcuddur və bu davamlı olmalıdır. İndi Azərbaycan ictimaiyyəti Bakı Hərbi Məhkəməsində hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesində bir daha prokurorluq orqanlarının necə peşəkar istintaq apardığının şahidi olur. Məhz istintaqda əldə olunmuş təksibolunmaz faktlar və sübutlar məhkəmə prosesində separatçıların öz cinayətlərinin etirafı ilə bağlı ifadələrə gətirib çıxarır”.
Komitə sədri qeyd edib ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilərdə prokurorluq orqanları fəaliyyətə başlayıb, bir sıra yerlərdə, o cümlədən Xankəndi şəhərində də ən yüksək standartlara cavab verən inzibati binalarla təmin olunub və bu sahədə işlər davam etdirilir. Ə.Hüseynli ötən dövrdə Milli Məclis və Baş Prokurorluq arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayıb. Belə ki, deputatların sorğuları, müraciətləri diqqətlə araşdırılır, ehtiyac olduqda qəbullar həyata keçirilir və müvafiq tədbirlər görülür. Prokurorluq orqanları nümayəndələri cinayət və inzibati qanunvericiliyin hazırlanmasında işçi qrupları çərçivəsində çox səmərəli fəaliyyət göstəriblər. Ə.Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Kamran Əliyevin namizədliyinə müsbət rəy verdiyini diqqətə çatdırıb.
Sonra səsvermə keçirilib və Kamran Əliyevin Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında qərar qəbul olunub.
Kamran Əliyev: Respublika prokurorluğunun qarşısında yeni və mühüm vəzifələr dayanır
Çıxış edən Kamran Əliyev ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkür edib. K.Əliyev bildirib ki, respublikamızın bugünkü uğurlarının əsasını müasir Azərbaycanın qurucusu, hüquq sisteminin əsasını təşkil edən Konstitusiyamızın müəllifi Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı suverenliyimizin tam bərpasına hədəflənmiş strategiyası və uzaqgörən siyasəti təşkil etməkdədir. Məhz bu strategiyanın Prezident İlham Əliyev tərəfindən dünyada gedən qarışıq siyasi proseslər fonunda uğurla davam etdirilməsinin, habelə balanslaşdırılmış səmərəli xarici siyasətin aparılmasının və ordu quruculuğuna verilən önəmin nəticəsidir ki, 30 ildən çox bir müddətdə davam etmiş ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı problemlərə birdəfəlik son qoyulub, ölkəmizin suverenliyi və konstitusiya quruluşu bütün ərazilərimizdə tam bərpa olunub.
O qeyd edib ki, prokurorluq orqanlarında aparılan islahatların mütərəqqi nəticəsi kimi ölkə Prezidenti tərəfindən imzalanmış müvafiq Fərmanlarla yaradılmış “Elektron Prokurorluq” informasiya sistemi artıq 2 ildən çox müddətdir ki, tətbiq edilməkdədir. Nəticədə bütün prokurorluq orqanlarının işi rəqəmsallaşdırılıb, fəaliyyət istiqamətlərinə uyğun olaraq icraatlar üzrə proseslər sürətlənib ki, bu da fəaliyyətimizdə çevikliyi artırmaqla vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət etməkdədir.
“Siyasi iradədən qaynaqlanan hazırda davam etdirilən islahatlar bu yeni dövrdə, xüsusən də “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Prokurorluğu qarşısında yeni və olduqca mühüm vəzifələr qoyur”,- deyən K.Əliyev bu kontekstdə prokurorluğun qarşısında duran əsas vəzifələrdən bəzilərini diqqətə çatdırıb. Belə ki, dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizənin gücləndirilməsi, dövlətçiliyin daxili və xüsusən də xarici təhdidlərdən müdafiəsi; Cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndirilməsi; Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi; Dövlət və özəl sektorda korrupsiyanın bütün təzahür formalarına, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi, eyni zamanda kölgə iqtisadiyyatına qarşı kəsərli mübarizənin aparılması; Dövlətə və dövlətçiliyə sadiq gənc hüquqşünasların yetişdirilməsi, onların prokurorluq orqanlarında şəffaf prosedurlar əsasında işə qəbul edilməsi, müasir dövrün tələbinə uyğun olaraq prokurorluq əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, layiqli kadrların vəzifələrdə irəli çəkilməsinin diqqətdə saxlanılması; “Elektron prokurorluq” informasiya sistemi daim təkmilləşdirilməklə süni intellektin istifadəsinin təmin edilməsi, ölkə üzrə rəqəmsal cinayət prosesinin tətbiqinə nail olunması; İkitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməklə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi və qabaqcıl təcrübənin öyrənilərək tətbiqinin təmin edilməsi və s. qarşıda dayanan vəzifələr sırasındadır.
Çıxışının sonunda K.Əliyev əmin edib ki, bundan sonra da Azərbaycan Prokurorluğu öz fəaliyyətinin göstərilən ali etimada layiq səviyyədə qurulması üçün Konstitusiya və qanunlarda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək.
Növbəti iclas mayın 8-də keçiriləcək
Sonra millət məkilləri gündəlikdə olan digər məsələləri müzakirə ediblər. Əvvəlcə bir sıra qanun layihələri üçüncü oxunuşda qəbul olunub. Eləcə də, Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Qanunda, “Əmək pensiyaları haqqında” Qanunda, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda və bir sıra digər qanunlarda nəzərdə tutulan dəyişikliklər ikinci oxunuşda qəbul olunub.
Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının mayın 8-də keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI