AZ

Saziş imzalandı - ABŞ nə vəd edir?

Kiyev Ağ Ev - Kreml danışıqlarının nəticəsini gözləməli olacaq

Müharibə bitəcək, yoxsa...

ABŞ və Ukrayna arasında faydalı qazıntılara dair saziş imzalanıb - saziş təbii sərvətlərin satışından əldə edilən gəlirlərə çıxışı özündə əks etdirir. Bu barədə “Bloomberg” xəbər yayıb. Bildirilib ki, müqavilə birgə investisiya fondunun yaradılmasını, iki ölkə arasında ortaq aktivlərin və imkanların Ukraynanın iqtisadi dirçəlişini sürətləndirə biləcəyini” təmin etmək üçün nəzərdə tutulmuş iqtisadi tərəfdaşlığı nəzərdə tutur. ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, saziş Tramp administrasiyasının azad, suveren və uzunmüddətli firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqliyi haqda bir mesajıdır. Nazirin sözlərinə görə, ilk 10 ildə fondun gəlirlərinin bölüşdürülməyəcəyi gözlənilir; yalnız yeni layihələrə investisiya qoymaq və ya ölkəni bərpa etmək mümkün olacaq. “Bu şərtlər daha sonra müzakirə olunacaq”, - deyə Ukraynanın iqtisadi inkişaf naziri Yuliya Sviridenko bildirib.

Yubanma səbəbi...

Qeyd edək ki, bu ilin aprelin 18-də Kiyev və Vaşinqton arasında resurslarla bağlı müqavilə bağlamaq niyyəti haqqında memorandum imzalanmışdı və bu memorandumda saziş üzərində işi sürətləndirmək barədə razılığa gəlinmişdi. Sənəddə Vaşinqtonun 2022-ci ildən bəri Kiyevə əhəmiyyətli maliyyə və maddi dəstək verdiyi göstərilir, tərəflərin Ukraynada davamlı sülhü və ABŞ-Ukrayna arasında daha güclü tərəfdaşlığı arzuladıqları, bu tərəfdaşlığın bir hissəsi olaraq yenidənqurma investisiya fondu yaratmaq niyyəti öz əksini tapırdı. Memoranduma əsasən, danışıqlar üzrə qruplar saziş üzərində işi mümkün qədər tez imzalamaq üçün aprelin 26-dək başa çatdırmalı idilər.

İmzalanma hələ fevralın 28-də Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı baş tutmalı idi - lakin bu baş vermədi. Zelenski ilə Tramp arasında məlum “mübahisə”dən sonra Ukrayna nümayəndə heyətindən Ağ Evi tərk etmək tələb olundu. Martın 4-də ABŞ-ın Kiyevə hərbi yardımı dayandırması xəbərindən sonra (onlar bunu bir neçə gündən sonra bərpa etdilər) Vladimir Zelenski Ağ Evdəki görüşün gözlənildiyi kimi keçmədiyinə təəssüfləndiyini bildirdi. “Mən və komandam Prezident Trampın güclü rəhbərliyi altında davamlı sülhə nail olmaq üçün işləməyə hazırıq”,- deyən Zelenski Ukraynanın istənilən vaxt və istənilən əlverişli formatda” resurs sazişi imzalamağa hazır olduğunu dilə gətirdi: “Biz bu sazişi təhlükəsizliyin və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndiririk və onun səmərəli işləyəcəyinə ürəkdən ümid edirik”.

Beləliklə, Ukraynanın bu sənədi imzalaması çox şeydən xəbər verir. Xatırladaq ki, imzalanan sənədin ilk variantı “Bərpa İnvestisiya Fondunun Qaydaları və Şərtlərinin yaradılması haqqında İkitərəfli Saziş” adlanırdı, 11 bənddən ibarət idi.

Vaşinqton nə verir - Kiyev nə istəyir?

İmzalanan yeni saziş isə əvvəlkindən fəqlənir. Yeni sazişə əsasən yerin təki üzərində tam mülkiyyət və nəzarət Ukraynada qalır. Harada və nəyin hasil olunacağını müəyyən edən Ukrayna dövlətidir. Yerin təki Ukraynanın mülkiyyətində qalır. ABŞ və Ukrayna arasında bərabər tərəfdaşlıq qorunacaq - Fond 50/50 nisbətində yaradılıb və heç bir tərəf həlledici səsə malik olmayacaq.

Eyni zamanda, milli mülkiyyət hüququ qorunur. Belə ki, imzalanan saziş özəlləşdirmə proseslərində və ya dövlət şirkətlərinin idarəçiliyində dəyişiklik nəzərdə tutmur. “Ukrnafta” və “Energoatom” kimi şirkətlər dövlətə məxsusdur.

İmzalanan sazişdə Ukraynanın ABŞ qarşısında hər hansı borc öhdəliyindən bəhs edilmir. Sazişin həyata keçirilməsi hər iki ölkəyə bərabərhüquqlu əməkdaşlıq və investisiyalar hesabına iqtisadi potensialını artırmağa imkan verəcək. Müqavilə Konstitusiyaya uyğundur və Ukraynanın Avropaya inteqrasiya kursunu dəyişdirmir. Fond yalnız yeni lisenziyalardan əldə edilən gəlirlə doldurulacaq. Söhbət kritik materiallar və neft-qaz sahəsində layihələr üçün yeni lisenziyalardan əldə olunan vəsaitin 50 faizindən gedir ki, bu da Fond yaradıldıqdan sonra büdcəyə köçürüləcək. Artıq başlanmış layihələrdən əldə edilən gəlirlər və ya planlaşdırılan büdcə gəlirləri Fonda daxil edilmir. Müqavilə gələcək strateji əməkdaşlığı nəzərdə tutur.

Bundan başqa, Fondun fəaliyyət göstərməsi üçün yalnız büdcə kodunda dəyişiklik etmək lazım gələcək və bu halda Saziş Ali Rada tərəfindən ratifikasiya edilməlidir.

Yeni fond DFC agentliyi vasitəsilə ABŞ hökuməti tərəfindən dəstəklənəcək. DFC-nin Ukraynaya ABŞ, Avropa İttifaqı və digər ölkələrdən investisiya və texnologiyalar cəlb edəcəyi gözlənilir. Müqavilə vergi zəmanətlərini təmin edir. Fondun gəlirləri və töhfələri nə ABŞ-da, nə də Ukraynada vergiyə cəlb edilmir, buna görə də sərmayə qoymaq ən böyük nəticəni verə bilər.

Bundan əlavə, Ukrayna lazım bildiyi təqdirdə əlavə töhfələr verə bilər - söhbət gələcək onilliklər üçün əməkdaşlıqdan gedir.

Tramp zəmanət vermir - Kelloq güzəştləri “sayır”...

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vladimir Putin Ukraynada müharibəni bitirmək niyyətində deyildi, lakin indi güzəştə getməyə məcbur olacaq. Amerika lideri bu barədə müsahibəsində Rusiya-Ukrayna münaqişəsinin həlli perspektivlərini şərh edərkən danışıb. “Məncə, o, bu müharibəni bitirməyi planlaşdırmayıb. Mən seçkidə qalib gələndən sonra danışdıq. Düşünürəm ki, razılığa gələcəyik. Mən buna zəmanət verə bilmərəm, razılaşma razılaşmadır və hər şey ola bilər, amma düşünürəm ki, biz bunu edəcəyik”.

Amerika prezidentinin fikrincə, əgər o, seçkilərdə qalib gəlməsəydi, Putin hücumlarını davam etdirəcəkdi və bu, qurbanların sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaqdı. “Mən Ukraynaya hörmət edirəm. Ukraynalılar gözəl döyüşçülərdir, amma deməliyəm ki, bizim texnikamız olmasaydı, çoxlarının dediyi kimi, bu müharibə çox tez bitərdi”, - o vurğulayıb.

ABŞ prezidenti ötən həftə sonu Vatikanda yerləşən Müqəddəs Pyotr Bazilikasında Vladimir Zelenski ilə görüşünü də “rahatlıq anı” adlandırıb. “Bu, mənim müharibəm deyil, amma mən bunu həll etməyə çalışmaq istəyirəm, yəqin ki, hər həftə təxminən 5 min gənc əsgər, ruslar və ukraynalılar ölür. Biz də Ukraynada çox böyük pullar xərcləyirik”, - Tramp əlavə edib.

ABŞ dövlət katibi Marko Rubio X platformasındakı hesabında yazıb ki, Vaşinqton və Kiyev arasında nadir torpaq metallarına dair razılaşma silahlı münaqişənin həlli istiqamətində atılan mühüm addımdır.

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Foks Nyus” telekanalına müsahibəsində bildirib ki, Ukrayna tərəfi münaqişənin həlli üçün ərazi güzəştlərinə getməyə hazırdır, lakin bunu hüquqi cəhətdən tanımaq istəmir. “Ukraynalılar Rusiyanın faktiki işğal etdiyi əraziləri hüquqi cəhətdən əbədi olaraq tanımasalar da, güzəştə hazırdırlar. Onlar bu variantla razılaşırlar. Başa düşürlər ki, atəşkəs əldə olunanda tərəflərdən hər biri tutduğu mövqelərdə qalacaq. Məhz buna hazırdırlar. Keçən həftə mənə dedilər ki, bu sazişi artıq müzakirə ediblər”, - deyə Kelloq qeyd edib.

“The New York Times”ın mənbələrə istinadən verdiyi məlumata görə, sənəddə Kiyev üçün təhlükəsizlik təminatlarının olmaması onları müvəqqəti güzəştə məcbur edir - nəşrin mənbələrindən biri bildirib ki, ABŞ danışıqların ilkin mərhələsində təhlükəsizlik təminatı ideyasından birmənalı imtina edib.

Sülhün ilk raundu nə vaxta təsadüf edə bilər?

Bəzi ekspertlər iddia edirlər ki, sazişin imzalanması həm atəşkəsin bağlanmasına, həm də sülhün birinci raundunun reallaşmasına ümidləri artırır. Buna əsas səbəb kimi isə Ukraynanın və ABŞ-ın sırf iqtisadi maraqlara köklənməsi ön plana çıxarılır. Başqa sözlə, Ukrayna müharibə prosesində “taym-aut” götürərək özünün iqtisadi itkilərinin bərpasına çalışacaq. Rusiyanın bu müddət ərzindəki davranışları isə Vaşinqton-Moskva əlaqələrinin gələcək perspektivindən daha çox asılı olacaq. Hətta “Financial Times”ın 2025-ci ilin əvvəlində dərc etdiyi proqnoza görə də, bu il Rusiya və Ukrayna sülh nizamlanmasına dair razılığa gələcəklər: Kiyev beynəlxalq təhlükəsizlik zəmanəti müqabilində Moskvanın münaqişə zamanı əldə etdiyi ərazilər üzərindəki faktiki nəzarətini tanıyacaq. Razılaşmanın şərtlərindən biri Ukraynanın NATO-ya daxil olması prosesinin qeyri-müəyyən müddətə dondurulması olacaq.

Bunu istisna edənlər də var - bəzi politoloqlar Rusiya ilə Ukrayna arasında sülhün tezliklə bağlanacağına şübhə edirlər. Ukrayna ölkədəki hərbi vəziyyəti avqusta qədər uzadıb - Tramp danışıqlardan çıxmaqla hədələyir, Avropa isə Ukraynaya qoşun göndərib-göndərməmək barədə qərar verə bilmir. Siyasi texnoloqlar ortada olan mənzərəni belə təsəvvür edirlər - təklif oluna biləcək konkret, real plan yoxdur. Birləşmiş Ştatlar epizodik olaraq kompromis üçün müəyyən məqamlar tapmağa çalışır - amma real sülh formatı hazırlanmır. Onların düşüncəsinə görə, hazırki proseslər münaqişənin sadəcə konfiqurasiyasını dəyişəcək. Hətta Trampın danışıqlardan çıxaraq Ukraynaya külli miqdarda silah verməyə başlayacağını belə ehtimal edənlər tapılır. Amma sülh prosesinin inkişaf etdirilməsi bütövlükdə Vaşinqton-Moskva münasibətlərinin gələcəyindən asılıdır.

P.İSMAYILOV

Seçilən
0
48
yeniazerbaycan.com

10Mənbələr