AZ

Deputat: Xüsusi Təyinatlıların döyüş sınağından çıxmış məktəbi yarandı

XTQ-nin Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq, onların artıq öz müstəqil və şanlı döyüş məktəbini yaratdığını sübut edib.

Xüsusi Təyinatlı Qüvvələrin yaradılması ideyası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev deyib.

O bildirib ki, XTQ-nin əsası 1999-cu ilin aprelində Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman əsasında qoyulub.

Bu birləşmələrin yaradılması zamanı Türkiyə və Pakistan Silahlı Qüvvələrinin döyüş təcrübəsindən geniş şəkildə istifadə olunub.

Millət vəkilinin sözlərinə görə, XTQ-nin Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq, onların artıq öz müstəqil və şanlı döyüş məktəbini yaratdığını sübut edib.

“Döyüş və mübarizə sınağından çıxmış bu məktəbin sıralarına daxil olmaq üçün Azərbaycan gəncləri böyük maraq göstərirlər. Seçim şərtləri əvvəlki illərlə müqayisədə daha sərtləşdirilib. Burada fiziki hazırlıqla yanaşı, psixoloji və mənəvi keyfiyyətlər, vətənpərvərlik və Ali Baş Komandanın əmrləri əsasında döyüşmək əzmi xüsusi rol oynayır”, – deyə deputat qeyd edib.  

Millət vəkili əlavə edib ki, XTQ-nin şücaəti və qəhrəmanlığı xalq arasında yüksək qiymətləndirilir. O, Cəbrayılın və Şuşanın azad olunması zamanı bu birləşmələrin göstərdiyi rəşadəti xüsusi olaraq vurğulayıb.

“Bu cəsur döyüşçülər ölümün üzərinə şüacətlə gedərək Zəfər tariximizdə adlarını öz qanları ilə əbədi həkk etdilər”, – deyə o bildirib.

Qeyd olunub ki, Prezident İlham Əliyev də 2022-ci ildə XTQ-nin N saylı hərbi hissəsinin açılışında onların xidmətini yüksək qiymətləndirib və bu sahəyə dövlət qayğısının davam etdiriləcəyini bəyan edib.

Seçilən
0
operativmedia.az

1Mənbələr