AZ

Ermənistan həsrətində olduğu Şimal-Cənub dəhlizi xatirinə borca girdi...


Ermənistan Asiya İnkişaf Bankından 236 milyon avroluq yeni kredit alacaq. Hökumət sözügedən beynəlxalq bankla yeni kredit sazişini təsdiqləyib. 236 milyon avro kredit Şimal-Cənub magistralının 27,1 kilometrlik hissəsinin tikintisinə ayrılacaq. Ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyanın sözlərinə görə, maliyyə vəsaiti ümumi dəyəri 335 milyon avro olan təxminən 60 kilometrlik Sisian-Qacaran hissəsinin şimal hissəsinin tikintisinə yönəldiləcək:

“Biz Şimal-Cənub yolunun təxminən 60 kilometrlik hissəsinin bizim üçün mühüm əhəmiyyət kəsb edən Sisian-Qacaran hissəsini üç hissəyə ayırdıq: şimal, Bərgüşat tunel yarımsahəsi və cənub. Şimal yarımsahəsi bu kreditlə tikiləcək”.

Kredit bir neçə tunel və çoxsaylı körpüləri olan 27,1 km uzunluğunda müasir yolun tikintisi üçün nəzərdə tutulub. Layihənin 2033-cü ilin noyabrında başa çatdırılması planlaşdırılır. Hökumətin iclasında bildirilib ki, Sisian-Qacaran yolunun digər iki hissəsinin də maliyyələşdirilməsi üçün beynəlxalq investorlarla danışıqların aparılması istiqamətində işlər aparılır. Baş nazir Nikol Paşinyan da öz növbəsində Şimal-Cənub layihəsinin artıq həlledici icra mərhələsinə qədəm qoyduğuna ümid etdiyini bildirib. Ötən il isə Avropa İnvestisiya Bankı Ermənistanla 300 milyon avrodan çox kredit müqaviləsi imzalayıb. Ermənistanın İqtisadiyyat Nazirliyi qeyd edir ki, Avropa İnvestisiya Bankı Global Şimal-Cənub nəqliyyat dəhlizinin “kritik” seqmenti olan Sisian-Qacaran yolunun tikintisini birgə maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb: “Bu layihə Ermənistan və Cənubi Qafqaz regionu üçün dönüş nöqtəsi olmaq və Avropa İttifaqı, Yaxın Şərq və Asiya arasında nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq potensialındadır”. Qeyd edək ki, Ermənistan uzun müddətdir, Şimal-Cənub dəhlizinin ərazisindən keçməsinə can atır və bunu özü üçün xilas yolu kimi görür. Bu dəhliz Hindistandan Orta Şərq və Qafqaza kimi uzanaraq Mərkəzi Asiya və Avropanı birləşdirir. Gəmi, quru və dəmir yolları Hindistanın Mumbay limanı ilə İranın Bəndər Abbas limanlarını, həmçinin Bakı, Həştərxan, Moskva, Sankt-Peterburq yollarını birləşdirərək Skandinaviyaya kimi uzanır. İran, Hindistan və Rusiyadan əlavə, bu nəqliyyat şəbəkəsi Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Tacikistan, Oman, Suriya və Bolqarıstan arasında da inteqrasiyanı asanlaşdırır. Ermənistan dəhliz üzrə magistral yolun onun ərazisindən keçməsinə çalışır. Amma Ermənistanda bu magistral yolun tikintisinə Asiya İnkişaf Bankı ilə ilk kredit sazişinin imzalandığı 2009-cu ildə başlanılsa da, indiyə qədər hansısa ciddi iş görülməyib. Şimal-Cənub dəhlizi üzrə magistral yolun İrəvan-Artaşat hissəsinin tikintisinə Asiya İnkişaf Bankının ayırdığı 60 milyon dollar xərclənib. Amma bu yol da hazır deyil. Rusiyadan Hindistana qədər uzanan Şimal-Cənub dəhlizində Cənubi Qafqaz regionu mühüm yer tutur. İndiki halda regionda yalnız Azərbaycan Şimal-Cənub dəhlizinin həyata keçirilməsi istiqamətində zəruri addımlar atır. Xüsusən də Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi Şimal-Cənub dəhlizinin reallaşmasında, eləcə də Azərbaycan vasitəsilə Rusiya və İran arasında ticarət dövriyyəsinin artmasında mühüm rol oynayıb. Ancaq dəhlizin tam işə düşməsi üçün Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt dəmir yoluna birləşməlidir. Bunun üçün hazırda Rəştdən İran Astarasına dəmir yolu inşa edilir. Yaxın Şərq siyasəti üzrə iranlı ekspert, tədqiqatçı Məhəmməd Xətibi bununla bağlı bildirir: “İran və Azərbaycan Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas hissələrindən biri olan Astara yük terminalı layihəsini birgə reallaşdırırlar. Eyni zamanda, 2028-ci ilə qədər tamamlanması planlaşdırılan Rəşt–Astara dəmir yolunun tikintisi davam edir. Bu layihə regionda logistika və ticarət əməliyyatlarının səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. İran ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi həm iqtisadi, həm də strateji baxımdan mühüm rol oynayır. Bu, ticarət dövriyyəsinin artmasına, qarşılıqlı əlaqənin güclənməsinə, tranzit üçün tələb olunan vaxt və xərclərin azalmasına xidmət edir. Nəqliyyat infrastrukturunun inkişafı həm Tehran, həm də Bakı üçün Avrasiya ticarətində əsas tranzit qovşaqları kimi mövqelərini möhkəmləndirməyə və regional iqtisadi danışıqlarda təsir imkanlarını artırmağa şərait yaradır. Logistikanın və tranzit marşrutlarının effektivliyinin artırılması xarici investisiyaların cəlb olunmasına, xüsusilə limanların, dəmir yolu şəbəkələrinin və “ağıllı logistika” sistemlərinin inkişafına təkan verir. Bu da hər iki ölkənin iqtisadiyyatının neft sektorundan kənar diversifikasiyasına töhfə verir”.

Xatırladaq ki, bu günlərdə Tehranda İran və Rusiya rəsmiləri ölkəmizin ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm hissəsi olan Astara–Rəşt dəmir yolunun tikintisi ilə bağlı saziş imzalayıblar. Bu, sözügedən dəhlizin fəaliyyətə başlaması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilir. Bu kontekstdə Qədim İpək Yolu üzərindəki Orta Dəhlizlə bərabər, Şimal-Cənub dəhlizinin əhəmiyyətini kəskin artırır.Azərbaycanın İranla inşa etdiyi Araz dəhlizi də prosesdı mühüm rol oynayacaq. Qara dənizlə Körfəzi birləşdirən Araz dəhlizi həm də Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Astara-Astara, həmçinin Astara-Rəşt dəmir yolu layihələri isə İranla Azərbaycan arasında ticarət əlaqələrini gücləndirəcək. Bütün bunlar Ermənistanda ciddi narahatlıq yaradır. Ötən illərdə Ermənistan İrandan magistral yol, dəmir yolu xətti çəkmək niyyətində olub. Amma bunların heç biri həyata keçməyib. Ermənistanın Şimal-Cənub dəhlizinə qoşulmasını indiki şərtlər daxilində təmin edə bilən yeganə ölkə Azərbaycandır. Lakin bunun üçün Ermənistan ölkəmizlə sülh müqaviləsi imzalamalı, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamalı, Zəngəzur dəhlizini açmalıdır. Buna qədər isə Azərbaycan Şimal-Cənub dəhlizinin işə düşməsi prosesini digər iştirakçılarla birlikdə təmin edəcək.

Ramil QULİYEV

Seçilən
0
baki-xeber.com

1Mənbələr