AZ

Putin "Stalinin irsinə" dönüş edir - ilk addım atıldı...


Rusiya prezidenti Vladimr Putin Volqoqradın Qumrak hava limanının adının dəyişdirilməsi haqqında fərman imzalayıb. Bundan sonra onun adı “Stalinqrad” olacaq.

Kremlin mətbuat xidmətindən bildirilib ki, bu təşəbbüs bölgənin veteranları tərəfindən irəli sürülüb və Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov tərəfindən prezident Vladimir Putinə təqdim olunub. Putin də təşəbbüsü dəstəkləyib.

Putin Volqoqrad hava limanının adını dəyişdirib “Stalinqrad”qoydu. Burda məqsəd nədir? Putində Stalin irsinə marağın səbəbi nədir?

Elşad Həsənov: “Rusiyanın bir neçə şəhərində artıq Stalinə heykəllər, büstlər qoyulur”

Siyasi ekspert Elşad Həsənov “Bak-Xəbər”ə bildirdi ki, Putinin sərəncamı ilə sözügedən hava limanının adının dəyişdirilib “Stalinqrad” qoyulması yerli müharibə veteranlarının xahişi ilə olub. “Bu hava limanının “Stalinqrad” adlandırılması ilə bağlı voloqoradlı müharibə veteranları Putinə müraciət edib, o da onların müraciətinə cavab verib və hava limanının adını dəyişdirib. Görünən odur ki, Putin dərk edir ki, Stalin doğrudan da Rusiyanın tarixinbdə çox böyük rol oynayıb. Ali Baş Komandan kimi olmazın məsələlərini həyata keçirib, onun dəmir iradəsi, təşkilatçılığı SSRİ-nin möhtəşəmliyini böyüdüb, eyni zamanda Stalin faşizm üzərində qələbəni təmin edib. Sonrakı dövrdə Xruşşov tərəfindən onun adının qara siyahıya salınması, antistalin tədbirlərinin həyata keçirilməsi, adının tarixdən silinməsi onu göstərir ki, rus şovinzm inkişaf edib. Son on illikdə, xüsusən də Rusiya Ukrayna müharibəsi dövründə artıq ruslar başa düşür ki, Stalin böyük sərkərdə olub və o xalqı səfərbər edərək SSRİ-I ərazilərini faşistlərdən azad edib. Çünki o dövrdə SSRİ-nin ərazilərinin çox hissəsi işğalda idi, faşist Almaniyasının qoşunları Mozdoka qədər gəlib çıxmışdı, Bakını belə bombalayırdılar. Yəni Stalin xalqı birləşdirib faşizmi məhv etdi. Bunun nə qədər ağır olduğunu ruslar Rusiya Ukrayna müharibəsində dərk etdilər ki, gör, Stalin necə bir iradəyə, necə bir gücə sahib böyük şəxsiyyət olub ki, o bütün bunları təşkil edib və SSRİ-ni işğaldan azad edib və faşizm üzərində qələbə çalıb.

Düzdür, ona ABŞ, İngiltərə kömək edib. Bu başqa məsələdir. Amma bu gün Rusiyada Stalinin təşkilatçılığı özünü açıq şəkildə göstərir.

Onu deyim ki, Rusiyanın bir neçə şəhərində artıq Stalinə heykəllər, büstlər qoyulur. İnsanlar onun abidəsini ziyarət edirlər, Stalin haqqında əfsanələr danışılər. Bütün bunlar onu göstərir ki, məhz bu gün Rusiya xalqı başa düşür ki, Stalin Rusiyanın tarixində çox mühüm rol oynayıb. Bu gün Rusiya 40 milyon əhalisi olan Ukraynaya qarşı apardığı müharibədə qələbə çala bilmir. Artıq öz hərbiçiləri bəs etmir, ona görə də Şimali Koreyadan hərbiçilər gətirir. Kursknin azad olunmasında Putin xüsusilə Şimali Koreyadan olan döyüşçülərin şücaətindən danışdı, onlara təşəkkürünü bildirdi.

Bu onu göstərir ki, məhz rus xalqında milli vətənpərvərlik, döyüşkənlik İkinci Dünya Müharibəsindəki kimi deyil. Artıq insanlar müharibəni, özü də işğalçılıq müharibəsini, qardaş xalqla müharibə etmək istəmir. Bu mənada bunlar hamısı ortaya çıxır. Bu halda da bir daha Stalinin dühası rus xalqının yadına düşür. Ona görə hesab edirəm ki, gələcəkdə Volqoqrad şəhərinə Stalinqrad adı qaytarılacaq. Son illər sosial şəbəkələrdə Stalinlə bağlı çox böyük təbliğat gedir, onun gördüyü işləri yada salıb Ali Baş Komandanın necə olmalı olduğunu göstərirlər.

Təsəvvür edin, Stalinin övladlarının ikisi müharibədə döyüşüb həlak oldu. Bu dövlətlərə böyük örnəkdir”.

E.Həsənov qeyd etdi ki, bu gün Stalinin şəxsiyyəti, böyüklüyü rus xalqının yadına düşür və onlar onu özünün bir ziyarətgah yeri bilir. “Ona görə də düşünürəm ki, Stalinin adının əbədiləşdirilməsi üçün başqa tədbirlər də görüləcək”-deyə E.Həsənov bildirdi.

Məhərrəm Zülfüqarlı: “Volqoqrad hava limanına “Stalinqrad” adının verilməsi də, digər məsələlər də göstərir ki, Putin Sovet sisteminin bərpasına çalışır”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə isə Putinin Volqoqrad hava limanına “Stalinqrad” adı verməsi onun sonillər yeritdiyi siyasətin nəticəsidir: “Putin 1999-cu ildə hakimiyyətə nisbətən demokratik fikirli, Sovet rejimini tənqid edən bir şəxs kimi gəlmişdisə indi sırf Sovet sistemini müdafiə edən və SSRİ-nin bərpa olunmasına çalışan bir prezidentdir. Yəni bunu Rusiya Ukrayna müharibəsi də, onun keçmiş Sovet respublikalarına qarşı yeritdiyi siyasət də, bəzilərinə qarşı ərazi iddiasında olması da göstərir. Volqoqrad hava limanına “Stalinqrad” adının verilməsi də, digər məsələlər də göstərir ki, Putin Sovet sisteminin bərpasına çalışır. Volqoqradın adı əvvəllər Stalinqrad olub. Putinin hava limanının adını dəyişib “Stalinqrad” qoyması onu göstərir ki, onun qurduğu rejim qalarsa yaxın gələcəkdə Volqoqradın adını dəyişib Stalinqrad edə bilər və Stalin kimi də siyasət yeritməkdə davam edər. Stalin də bəşəriyyətə düşmən, qeyri-humanist siyasət yeridib, Putin də bu siyasəti eynən davam etdirir. Ukrayna uşaqlarının oğurlanıb Rusiyaya daşınmasına görə ona cinayət işi açılıb, bu cinayətləri ört-basdır etmək üçün radikallığını daha da artırır. Rusiya prezidentinin Qumrak hava limanının adını dəyişib “Stalinqrad” qoyması dab u radikallığın, total sistemin bərpasına yönəlmiş bir siyasətdir. Bunun da heç bir nəticəsi olmayacaq”.

M.Zülfüqarlının fikrincə, Putinin hakimiyyəti artıq çökmək üzrədir. Professor Zülfüqarlıya görə, çünki o, XXI əsrdə qeyri-humanist, radikal siyasət yürüdür, amma belə bir dövrdə imperiya siyasətini qoruyub saxlamaq, totalitar rejim yaratmaq mümkün deyil. Bunları müvəqqəti hal olduğunu deyən M.Zülfüqarlının sözlərinə görə, indiki şəraitdə Putin 9 may Qələbə paradı keçirməklə, güc nümayiş etdirməklə Ukraynadakı cinayətlərinə haqq qazandırmaq istəyir, bunun da heç bir nəticəsi olmayacaq.

İradə SARIYEVA

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr