AZ

Qərbin Qarabağ erməniləri ilə bağlı illər əvvəlki planı açılır - 2023-cü ilin iyulunda...


Ermənistanda Qarabağ erməniləri kartından istifadə yenidən müxalif siyasi qüvvələrin xüsusi diqqət mərkəzində yer alır. Məhz belə bir vaxtda Qarabağı könüllü tərk etmiş ermənilər İrəvanda toplantı keçirərək Ermənistan hökumətini küçə döyüşləri ilə təhdid ediblər.

"Artsax Vətəndaşlarının Hüquqlarını Müdafiə Şurası" adlandıran qondarma qurumun bəyanatında qeyd olunub ki, onlar hakimiyyətlə mübarizəyə hazırdırlar. Şuranın toplantısında öncə Qarabağdan könüllü köçən ermənilərin sosial problemləri və onların həlli yollarından bəhs olunub. Onlar hökumətdən mənzil, pul tələb ediblər: “Tələbimiz yerinə yetirilməsə, hər an küçə döyüşlərinə qayıda və daha sərt addımlar ata bilərik”.

Bu arada bir məqmı da qeyd edək ki, Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkidə hakimiyyət üçün yaranan fiasko müxalifləri xeyli aktivləşdirirb. Uzun müddət siyasi arenalardan uzaq qalan siyasilər aktivləşərək, ard-arda bəyanatlar səsləndirir, özünü xalqın gözünə soxmağa, unutdurmamağa çalışırlar. Təsadüfi deyil ki, "Vətən naminə Tavuş" hərəkatının lideri Baqrat Qalstanyan, bir sıra ruhanilər, müxalifətin müxtəlif düşərgələrini təmsil edən irili-xırdalı şəxslər hakimiyyət əleyhinə fikirlər səsləndirir, Nikol Paşinyanın baş nazir postundan uzaqlaşdırılmasını yeganə çıxış yolu kimi təqdim edirlər. Hakimiyyətə və hakim partiyaya qarşı son illərin ən geniş istifadə edilən kart - Qarabağ erməniləri yenidən gündəmə gətirilib. Artıq müəyyən qüvvələrin dəstəyi ilə separatçı rejimin tör-töküntüləri müxtəlif mitinqlər keçirir, açıqlamalar verir, bəyanatlar səsləndirirlər. Ölkənin keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan son vaxtlar siyasi fəallığını artırmaqla diqqət mərkəzinə gəlib. Onlar hakimiyyəti tənqid edən çıxışlar edir, ölkədəki sosial və siyasi gedişatdan narazılığını açıq şəkildə söyləyirlər. Bu şəxslər Nikol Paşinyanın Ermənistanı böhrana sürüklədiyini və yeni hakimiyyətin zəruri olduğunu bildirir. Həmişəki kimi də Qarabağ ermənilərindən istifadə etməyə çalışırlar. Elə bu günlərdə erməni bloger İşxan Verdyan da Qarabağ ermənilərinin ölkə daxilində ciddi problemə çevrildiyini diqqətə çatdırıb: “Mən Azərbaycan prezidentindən Qarabağ ermənilərinin reinteqrasiya proqramında iştirak etməyə icazə istəyəndə qarabağlı ermənilərin əslində kim olduqları barədə heç bir anlayışım yox idi. İndiyədək heç vaxt ümumiləşdirməmişəm, amma əgər xalq öz elitasının dili ilə danışırsa, onda demək olar ki, qarabağlı ermənilər - bu, təbii fəlakətə bənzər bir bəladır”. Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər bu ərazi üçün yad insanlar idi: “Ermənistan və Azərbaycana qarşı bu qədər açıq-aşkar düşmən münasibət - bu, region üçün anlaşılmaz və fenomenal bir haldır. Qarabağ ermənilərində onlara aid edilən erməni mədəniyyətinin daşıyıcıları yoxdur. Bütün ermənilər Bakı və Gəncədə doğma idilər, lakin Qarabağda ermənilər bu ərazidə tamamilə yad və zərərli bir varlıq idilər, mədəni baxımdan bu torpaqlarla heç bir bağlılıqları yox idi”. Verdyan ermənilərin Qarabağda qalması üçün səy göstərdiyinə indi çox peşman olub: “Əgər bunu əvvəldən bilsəydim, heç vaxt belə ermənilərin Qarabağda qalmasını istəməzdim. Və o müraciətimi də yazmazdım. Yaxşı ki, Azərbaycan belə qeyri-sağlam bir hadisədən xilas oldu. Qalır bircə məsələ - Ermənistan onlarla nə edəcək?”.

Eyni zamanda, erməni hökumətinin rəsmiləri açıqlama verərək, Ermənistanda ikinci bir dövlətə yer olmadığı fikrini təkrarlayaraq, separatçı rejimə imkan verməyəcəklərinə işarə ediblər. Amma Qarabağ erməniləri də sakit dayanmaq istəmirlər. Bu arada Ermənistan hökuməti Qarabağ məsələsini Azərbaycanla sülh danışıqlarında gündəmə gətirməkdən imtina etməsinə görə məsuliyyəti separatçı rejim rəhbərliyinin üzərinə qoyduqdan sonra müxalifətin sərt tənqidləri ilə üzləşib. Xarici İşlər Nazirliyi bildirib ki, məsələ Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması gündəmindən Samvel Şahramanyanın 2023-cü ilin sentyabrında imzaladığı “sərəncam” səbəbi ilə çıxarılıb. “Sərəncam” özünü müstəqil elan etmiş separatçı “Dağlıq Qarabağ Respublikası”nın ləğvini nəzərdə tutur. Şahramanyan isə 2023-cü ilin dekabrında “sərəncamı” etibarsız elan edərək bildirib ki, onun imzalanmasının yeganə məqsədi təhlükə altında olan Qarabağ əhalisinin Ermənistana təhlükəsiz şəkildə keçməsini təmin etmək olub. Nikol Paşinyanın siyasi müttəfiqləri Qarabağın separatçı rəhbərinin bu qərarının Ermənistanın milli təhlükəsizliyini ciddi təhlükə altına qoyduğunu bildirib. Paşinyan isə həmin vaxtdan bəri dəfələrlə bəyan edib ki, onun hökuməti üçün Qarabağ məsələsi artıq bağlanmış bir mövzudur. Ermənistan hakimiyyəti onu da bildirib ki, 2023-cü ildə Azərbaycan hərbi əməliyyata başlamazdan üç ay əvvəl Qarabağın separatçı rəhbərliyi üçüncü ölkələrdə Azərbaycan rəsmiləri ilə danışıqlar aparmaqdan imtina edib. Qərb tərəfindən təşkil olunan həmin danışıqların 2023-cü ilin iyulunda Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi planlaşdırılırdı. Qarabağ təmsilçiləri o vaxt bildirmişdi ki, görüş avqusta təxirə salınıb, lakin sonradan bəyan etdilər ki, rəsmi Bakı bu görüşü ləğv edib. Paşinyan isə 2023-cü ilin əvvəlində Qarabağ üzərində Azərbaycanın suverenliyini rəsmi şəkildə tanıyıb. Azərbaycan prezidenti İlham Əliyev daha əvvəl bildirib ki, 2024-cü ilin yanvarına qədər İrəvan danışıqlarda tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın taleyini sülh sazişinin mətninə daxil etməyə çalışıb. Onun sözlərinə görə, bu məsələ Ermənistan-Azərbaycan sülh danışıqlarında əsas maneələrdən biri olub. Martın 13-də tərəflər sülh sazişinin mətninin razılaşdırıldığını elan ediblər. Müvafiq mətndə nə Qarabağdan, nə də ermənilərin Qarabağa qayıtmasından bəhs edilir. İndi bütün bunlardan sonra Qarabağ erməniləri kartının Ermənistanda yenidən gündəmə gətirilməsi cəhdi sülh prosesinə xələl gətirir.

Tahir TAĞIYEV

Seçilən
0
baki-xeber.com

1Mənbələr