AZ

Saxta ittihamlar, islamofobiyanı gizlətmək CƏHDİ – Hindistanın gərginlik yaratmaq planının PƏRDƏARXASI

Kəşmir bölgəsində vəziyyət yenidən gərginləşib. Belə ki, Pakistanla Hindistan arasında silahlı toqquşmalar başlayıb.

Kəşmirdə nə baş verir?

Aprelin 22-də Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam şəhərində 26 turistin ölümü ilə nəticələnən insident iki ölkə arasında gərginliyi yenidən alovlandırıb. Hücuma görə məsuliyyəti “Laşkar-e-Taiba” silahlı qruplaşmasının qolu olan Müqavimət Cəbhəsi öz üzərinə götürüb. Lakin Hindistan Pakistanı hücumu dəstəkləməkdə günahlandırıb. Pakistan isə ittihamları rədd edərək hadisəni "yalançı bayraq əməliyyatı" adlandırıb.
 

İnsidentdən sonra Hindistan radikal və qızışdırıcı addımlara üstünlük verib. Rəsmi İslamabadı terroru dəstəkləməkdə günahlandırandan sonra rəsmi Dehli Pakistan diplomatlarını ölkədən qovub. Bununla kifayətlənməyərək, Pakistan vətəndaşları üçün vizalar ləğv edilib və orduya Cammu və Kəşmirdə "əməliyyat azadlığı" verilib.


Yalnız bundan sonra Pakistan tərəfindən zəruri cavab tədbirləri görülüb. İslamabad hava məkanını Hindistan təyyarələri üçün bağlayıb. Hindistan diplomatları ölkədən çıxarılıb və Şimla Müqaviləsi birtərəfli qaydada dayandırılıb.

Hindistan vəziyyəti qəsdən gərginləşdirir...

Baş verənlər təbii ki, dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Təsadüfi deyil ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin aprelin 29-da BMT-nin Baş katibi Antonio Quterreş ilə telefon danışığı olub. Telefon danışığında Baş nazir Pakistanın terrorizmin bütün forma və təzahürlərini pislədiyini təkrarlayaraq, ölkəsinin terrorizmlə qlobal mübarizədə əhəmiyyətli töhfələr verdiyini vurğulayıb.

Hindistanın Pakistana qarşı son iddialarını əsassız adlandıran Şərif Pakistanı Pahalqam hadisəsi ilə əlaqələndirmək cəhdlərini qəti şəkildə rədd edib və insidentin şəffaf və neytral araşdırılması çağırışını təkrarlayıb.

Şərifin çağırışı təbii ki, Quterreş tərəfindən o qədər də həssaslıqla qarşılanmayıb. Baş katib Pakistanın konkret tələbləri qarşısında ümumi ifadələr işlədib və  Pakistanın Cənubi Asiyaya sülh gətirmək səylərini yüksək qiymətləndirdiyini bildirib.

Gərginlikdə xarici qüvvələrin rolu

Maraqlıdır ki, Pakistanın Cammu və Kəşmirdə baş verən insidentin obyektiv şəkildə araşdırılması təklifinə nə Hindistan, nə BMT, nə də aparıcı dünya dövlətləri maraq göstərir. Bu da onu sübut edir ki, Cammu və Kəşmirdə vəziyyətin gərginləşməsində maraqlı olan xarici güclər var.

Bundan əlavə, hadisədən cəmi yarım saat sonra Hindistan açıq şəkildə, heç bir araşdırma aparmadan və ortaya dəlil qoymadan Pakistanı günahlandırıb. Üstəlik, rəsmi Dehli qarşı tərəfin mövqeyini öyrənmədən birtərəfli qaydada Pakistanla bütün diplomatik və humanitar əlaqələri kəsib. Hindistanın bu addımı isə şübhələri daha da artırır.

Budəfəki insidentdə diqqətçəkən bir məqam da var. Bu da yerli əhalinin yox, məhz turistlərin qurban seçilməsidir. Yəni, rəsmi Dehli Pakistanla savaşda həlak olan və zərər görən insanların vətəndaşı olduğu ölkələri də yanında görmək istəyir. Bu da Hindistan hökumətinin Pakistanla bağlı məsələni lokallıq səviyyədən beynəlxalq miqyasa çıxarmaq cəhdidir.  

Hadisələrin inkişafı göstərir ki, Hindistan az da olsa, öz məkrli niyyətinə nail olub. Çünki əksər ölkələr rəsmi Dehlinin saxta ittihamlarına əsasən Pakistanı qınayır.

Hindistan insanlığa qarşı müharibə aparır.

İnsidentdən dərhal sonra Hindistan “Hind Suları Müqaviləsi”ndə iştirakını dayandırıb və Hind çayının Pakistana axınının qarşısını kəsib.

Hindistanın bu qərarı birbaşa olaraq insanlığa qarşı yönəlik bir addımdır. Çünki Pakistanın su ehtiyatları əsasən mənbəyi Hindistanda olan çaylar hesabına formalaşır. Ona görə də “Hind Suları Müqaviləsi”nin birtərəfli qaydada dayandırılması milyonlarla pakistanlını ölümə məhkum etməkdir.

Çox təəssüf ki, bu həssas və vacib məqama nə BMT, nə də digər ölkələr diqqət ayırırlar. Bu da onu göstərir ki, Cammu və Kəşmirdə baş verənlər təsadüfi deyil, planlaşdırılmış bir insidentdir.

Müsəlman dünyasına qarşı çirkin addım

Nəzərə alaq ki, bu ilin əvvəllərində Hindistanın rəsmi dairələrində təkcə Pakistana qarşı deyil, bütün müsəlman dünyasına qarşı çirkin kampaniya başlayıb.

Belə ki, Hindistan parlamenti 2025-ci il aprelin 3-də Vəqflər haqqında qanunu qəbul edib. Sözügedən qanunda müsəlman dini və xeyriyyə fondlarının (vəqflərin) idarə olunmasında ciddi dəyişikliklər nəzərdə tutulur. Qanun ölkə daxilində geniş müzakirələrə və etirazlara səbəb olub.

Sözügedən qanuna əsasən, dini fondların idarəetmə şuralarında ən azı iki qeyri-müsəlman təmsil olunmalıdır. Üstəlik, yeni qanunla dini fondların baş icraçı direktoru vəzifəsinə qeyri-müsəlmanların təyin olunması mümkün olacaq.
 

Bundan əlavə, Vəqflər haqqında qanun uzun müddət dini məqsədlərlə istifadə olunmuş əmlakların dini fondların əmlakı kimi tanınması prinsipini ləğv edir. Əgər bir əmlakın Vəqf və ya dövlət mülkiyyəti olduğu ilə bağlı mübahisə varsa, bu barədə qərarı yerli hakimlər verəcək.


Qanun, xüsusilə müsəlman icmaları və müxalifət partiyaları tərəfindən ciddi tənqid olunub. Çünki bu dəyişikliklər dini idarəetməyə müdaxilə deməkdir. Üstəlik, yeni qanun layihəsi bir çox tarixi məscid və dini obyektlərin hüquqi statusunu təhlükə altına qoyur. Ən çox narahatlıq doğuran məqam isə ondan ibarətdir ki, sözügedən qanun Vəqf əmlaklarının dövlət tərəfindən ələ keçirilməsi riskini artırır.

Bu səbəbdən, qanunun qəbulundan sonra Hindistanın müxtəlif bölgələrində, o cümlədən Murşidabad və Tripurada etiraz aksiyaları keçirilib. Bu aksiyalar zamanı bir neçə nəfər həlak olub və çox sayda insan həbs edilib. ​

Bu isə onu deməyə əsas verir ki, Hindistan Pakistanla münasibətləri gərginləşdirməklə həm də islamafob qərarlarını pərdələməyə çalışır.

Rəsmi Dehli nəyi planlaşdırır?

Məlum olduğu kimi 2 il sonra Hindistanda növbəti seçkilər keçiriləcək. Baş nazir Modi də seçki hazırlıqlarına indidən başlayıb. Xatırladaq ki, 2019-cu ildə də seçkilər ərəfəsində Cammu və Kəşmirin Pulvama bölgəsində Hindistanın CRPF (Mərkəzi Ehtiyat Polis Qüvvələri) konvoyuna hücum edilib və 40-dan çox Hindistan əsgəri həlak olub.

Bundan sonra sərhəddə toqquşmalar başlayıb və radikal ritorika seçən Modi seçkilərdə qalib gəlməyi bacarıb.

Göründüyü kimi tarix təkrar olunur. Hindistan hökuməti radikal ünsürlərin faşist istəklərini alovlandırmaqla yenidən çoxsaylı seçicinin rəğbətini qazanmaq istəyir. Amma bu olduqca qorxunc bir oyundur. Əhalisinə görə dünyanın ən böyük ölkəsi olan Hindistanda bu cür şovinist addımlar milyonlarla insanın ölümünə səbəb ola bilər. Eyni zamanda Asiyada yeni və çox qorxulu müharibənin alovlanması mümkündür.

Bu münaqişə kimlərə sərf edir?

Hindistanın qeyri-insani və məsuliyyətsiz addımları çox təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən heç də lazımi səviyyədə diqqətə alınmır. Əksinə, bəzi dövlətlər açıq şəkildə Cammu və Kəşmirdə baş verən insidentin qlobal müharibəyə çevrilməsinə çalışırlar.

Bunun üçün hər iki tərəfi qızışdıracaq məsuliyyətsiz və əsassız bəyanatlar getdikcə çoxalır. Amma bu tip bəyanatlar səsləndirənlər bir acı reallığı unudur ki, qarşı-qarşıya gələn ölkələrin hər ikisi nüva silahına sahibdir. Yəni, ən xırda məsuliyyətsiz addım dünyada ilk nüvə müharibəsinin başlamasını qaçılmaz edəcək.

Bunun nəticəsində isə milyonlarla insanın həyatını itirə bilər...

Surxay Atakişiyev, Bizim.Media

 

Seçilən
0
bizim.media

1Mənbələr