ABŞ Dövlət Departamenti ABŞ Konqresinə Ukraynaya 50 milyon dollar dəyərində müdafiə təyinatlı məhsullar ixrac etmək üçün lisenziyanın sertifikatlaşdırılması ilə bağlı bildiriş göndərib.
Hafta.az “Mignews” yəhudi nəşrinə istinadla xəbər verir ki, 29 aprel tarixli, EC859 nömrəli müvafiq bildiriş ABŞ Konqresinin saytında dərc edilib.
Mətndə Dövlət Departamentinin Qanunvericilik İşləri İdarəsinin baş əməkdaşının “Silah İxracına Nəzarət Aktı”na uyğun olaraq “Ukraynaya müdafiə məhsulları, o cümlədən texniki məlumatlar və müdafiə xidmətləri üzrə 50 milyon ABŞ dolları və ya daha çox həcmdə ixrac etmək üçün təklif olunan lisenziyanın sertifikatlaşdırılması” barədə bildirişindən bəhs edilir. Bildiriş Senatın Xarici Əlaqələr Komitəsinə göndərilib.
Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra ilk dəfədir ki, Ukraynaya silah ixracını təsdiqləyir.