Rizvan Qarabağlı: “Abidələr mühafizəsi hazırda bərbad vəziyyətdədir”
Ölkəmiz tarixin müxtəlif dövrlərinə aid tarix-mədəniyyət abidələri ilə zəngindir. Bütün yerli, regional və dünya əhəmiyyətli tarix-mədəniyyət abidələri Azərbaycan xalqının irsidir. Arxeoloji və təbiət, memarlıq abidələri ucqar kəndlərdən tutmuş paytaxt Bakıya qədər hər yerdə mövcuddur.
Məsələ burasındadır ki, abidələrimizlə bağlı uzun illərdən bəri mövcud olan bəzi problemlər hələ də qalmaqdadır. İlk növbədə abidələrimizin siyahıya alınmasısahəsində ciddi problem var ki, hələ bu proses tam başa çatmayıb. Bu gün soruşsaq ki, ölkəmizdəki abidələrin sayı nə qədər? Bu suala birmənalı cavab almaq çox çətin olar. Tutaq ki, Mədəniyyət Nazirliyi bir rəqəm deyəcək, ekspertlər də başqa bir rəqəm. Ona görə də bütün abidələr qeyydiyyata alınmalıdır. Bildiyimiz qədər Mədəniyyət Nazirliyində hazırda bu proses başlayıb. Amma bu indinin işi deyildi, bu proses 30 il bundan əvvəl başlamalı və başa çatdırmalı idi. Amma bilindiyi kimi bu işlər görülməyib, görülsə də, tamamlanmayıb.
Abidələrimizlə bağlı ən ciddi problemlərdən biri də odur ki, hələ bir sıra abidələrin mühafizə zolaqları yoxdur. Xüsusən də ucqar yerlərdə, meşələrdə, dağlarda yerləşən abidələrin əksəriyyətinin mühafizə zonası olmadığı üçün ora mal-qara belə asanlıqla girə bilir. Bəzi abidələrin mühafizə zolaqlarının olmaması şərait yaradır ki, o ərazilərə müdaxilə olunsun. Bəzən yerli bələdiyyələr abidələrin ərazilərini sata da bilirlər. Biz arxeoloqlardan və ziyalılardan çox eşitmişik ki, bəzi bölgələrdə meşələrin içində yerləşən abidələrin ümumiyyətlə üzərində lövhə yoxdur ki, adam onun haqqında məlumat alsın. Düzdür, abidələrin üzərinə “Mədəniyyət Nazirliyi tərəfindən qorunur” yazılsa da, amma onların mühafizəsində ciddi nöqsanlar var. Yəni bu yeni deyil, köhnə “mirasdır”, nazirliyin yeni rəhbərliyi də bildiyimiz qədər bu problemləri aradan qaldırmağa çalışır.
Abidələrin mühafizə zolaqlarının olmaması, güclü qorunmaması nəticəsində insanların da müdaxiləsi ilə üzləşirlər. Vətəndaşlar özləri də bəzən abidələrə etinasız yanaşırlar, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin də məsuliyyətsiz münasibəti var. Amma bütövlükdə bu işlə nazirliyin aidiyyatı strukturları, yerli idarələr məşğul olmalıdır. Təmir-bərpa olunmalı olan abidələrimiz də az deyil. O abidələrin uzun illərdir bərpa edilməsi ləngiyir. Çox zaman maliyyə çatışmazlığından şikayət edirlər. Təbii, bu sahəyə məsul olan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəhbəri Zakir Sultanov abidələrin bərpasına ayrılan pulları mənimsəməsəydi yəqin bu problemlər indiyə qalmazdı. Çünki bu adam illərlə abidələrə ayrılan pulları şəxsi məqsədləri üçün istifadə edib.
Quba rayonun Qrız kəndindəki qədim Əbu Müslüm Məscidi, bu tarixi abidə o etinasızlığın qurbanı olub. Abidə illərdir bərbad vəziyyətdədir, materialları daşınıb aparılıb və başqa tikintilərdə istifadə edilib, ərazisi mal-qaranın örüş yerinə çevrilib,taxtalarından futbol oynamaq üçün qapı düzəldilib və sair. Nazirliyin aidiyyəti qurumu da problemi aradan qaldırmaq əvəzinə deyir ki, bərpa növbəti illərdə həyata keçirilə bilər.
Bir çox abidələrin hazırkı vəziyyətini bu sahəyə rəhbərlik edən məmurlar da yaxşı bilir, mütəxəssislər də...sadəcə, ortaya iradə qoyub fəaliyyətə başlamaq nədənsə çətin bir işə çevrilib.
“Abidələrin hamısının mühafizə zonası olmalıdır”
Memarlıq üzrə fəlsəfə doktoru, dosent,AMEA Memarlıq və incəsənət İnstitutu, aparıcı elmi işçi Rizvan Qarabağlı “Bakı-Xəbər”ə bildirdi ki, abidələrin mühafizəsi ilə bağlı ciddi problemlər mövcuddur və onlar aradan qaldırılmalıdır: “Abidələr mühafizəsi hazırda bərbad vəziyyətdədir. Bu məsələyə tamamilə yenidən yanaşmaq lazımdır. Mən rayonlarda çox oluram. Rayonların mədəniyyət şöbələrinə də gedirəm, orda cavan-cavan qızlar oturur, bunlar mühafizəçilərdir, guya abidələri mühafizə edirlər. Soruşuram ki, sən hansı abidəni mühafizə edirsən? Tutalım, deyir filan abidəni.O abidənin harda yerləşdiyini soruşanda cavab vermir, çünki o abidənin harda yerləşdiyini özü də bilmir. Bu sahə də pis vəziyyətədir. Bu yeni yanaşma tələb edir. Abilər elektronlaşmalıdır, hər bir abidəyə videokamera qoyulmalıdır, onlar mərkəzdən izlənilməlidir. Dağ rayonlarının hansına gedirsən bu sahədə problemlə qarşılaşırsan. Daşkəsən, Tovuz, Gədəbəy, Qazax, Şəmkir kimi rayonlarda dağlarda olan qədim alban məbədlərinin 99 faizi “mal tövləsidir”, əksəriyyəti mal tövləsi kimi istifadə olunur. Yəni vəziyyət belədir”.
R.Qarabağlı bildirdi ki, bəzi məbədlərin təqdimatında da təhriflərə rast gəlinir. “Sizə bir fakt deyim. GəncədəAqrar Universitetlə üzbə-üz bir məbəd var. O məbədi vaxtilə ruslar tikib, bizimkilər ona səhvən alban məbədi deyirlər. O kilsənin zəng qülləsində 8 ədəd sütun var, amma Mədəniyyət Nazirliyi götürüb onun üzərinəki lövhəyə“7 sütunlu məbəd” yazıb. O lövhə də tuncdan, əridilmiş metaldan tökülüb. Bilmirəm, onlar niyə 8 sütunu 7 sütun görür, mən bunu anlaya bilmirəm? Yəni 8 sütunu görmək bu qədərmi çətindir? Belə nümunələr çoxdur. Mən bunlardan birini dedim.
Abidələrin qorunması məsələsi ciddi bir mövzudur, özü də mübahisəli məsələdir.
Burda bir məsələ də var ki, abidələrin mühafizə zonası yoxdur. Abidələrin hamısının mühafizə zonası olmalıdır. Məsələn, abidədən bir on metr kənarda onun mühafizə zonasını çəkmək lazımdır ki, yerli bələdiyyələr o ərazini kiməsə, hansısa iş adamına, yaxud vətəndaşa sata bilməsin. Hər bir abidənin mühafizə zonası olmalı olduğu halda heç bir birində yoxdur. Abidələrin mühafizəsi çox aktual və vacib məsələdir. Məsələn, Pənah xanın birinci qalası Bayat qalası Ağcabədinin Bayat kəndində olub. Vaxtilə bu qalanın yerini şumlayıb taxıl əkiblər. Vəziyyət belədir” - deyə R.Qarabağlı bildirdi.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin yaydığı xəbərlərdə tarix-mədəniyyət abidələrinin pasportlarının hazırlanaraq təsdiq edildiyi və mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı işlər görülüdüyü bildirilir.
Yeri gəlmişkən, son vaxtlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə işləri gücləndirir, Ümid edirik ki, yaxın gələcəkdə mövcud problemlərin hamısı aradan qaldırılacaq. Abidələrin sayı həddən artıq çox olduğu üçün onların hamısını tez bir zamanda pasportlaşdırmaq, mühafizə zonalarını müəyyən etmək çətindir. Bu iş başdan görülsəydi indiyə bu problemlər qalmazdı. Amma dediyimiz kimi, bu illər əvvəldən qalan problemlərdir ki, bunu da kökündən həll etmək nazirliyin və onun müvafiq qurumunun üzərinə düşür...
İradə SARIYEVA