BAKI, 1 may. TELEQRAF
Rusiya və Ukraynanın mövqeləri arasında böyük uçurum var.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Rusiya-Ukrayna münaqişəsinin həlli üçün ilk və zəruri addım hər bir tərəfin sülhlə bağlı öz təklifini irəli sürməsi idi. Bu, baş verdi. Ukraynalılar da, ruslar da bildirdilər ki, bunu istəyirlər. İndi diplomatiyanın işi bu iki tərəfi hansısa yolla yaxınlaşdırmağa çalışmaqdır. Çünki rusların istəkləri ilə ukraynalıların istəkləri arasında çox böyük uçurum var”, - Amerika rəsmisi bildirib.
Vensin sözlərinə görə, ABŞ yaxın 100 gün ərzində Rusiya və Ukraynanın mövqelərini yaxınlaşdırmağa çalışacaq:
“Bizim sülhlə bağlı təklifimiz var və növbəti 100 gün ərzində tərəfləri bir araya gətirmək üçün çox çalışmalı olacağıq”.
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio bundan əvvəl Rusiya və Ukrayna arasında anlaşmanın bu həftə ərzində əldə oluna biləcəyini açıqlamışdı. Rubio həmçinin söyləmişdi ki, Kiyev və Moskva tezliklə anlaşa bilməsə, Vaşinqton danışıqlar prosesindən geri çəkiləcək.