Məsələ ilə bağlı Ajans.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, gərginliyin bu dərəcədə artmasına Hindistanın addımları səbəb olub: “Hindistanla Pakistan arasında vəziyyətin gərginləşməsinin səbəbi bir həftə öncə mübahisəli Kəşmir ərazisində 26 turistin öldürülməsi oldu. Hindistan bu hadisədən istifadə edərək heç bir araşdırma aparmadan Pakistanı ittiham etdi və faktiki olaraq 1960-cı il anlaşmasından çıxdığını bəyan etdi. Bu, sərhəd çaylarından birgə istifadə məsələsinə dair razılaşma idi. Hindistan, Pakistan istiqamətinə suyun ötürülməsini dayandırmaqla bu ölkəni çətin vəziyyətə saldı. Pakistan isə bu hərəkətləri müharibə səbəbi hesab etdi. Hazırda Hindistanın bilərəkdən vəziyyəti gərginləşdirmək cəhdləri ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq məqsədi güdür. Burada 10 ildən çoxdur hakimiyyətdə olan irqçi, ultra-millətçi mövqeyə malik Modi hökuməti xüsusi rol oynayır. Məhz Modi hökuməti heç bir araşdırma aparmadan dərhal Pakistanı günahlandırdı, Pakistanın birgə istintaq aparmaq təklifi isə qəbul olunmadı. Bununla paralel olaraq Hindistan öz hava məkanını Pakistan aviasiyasına bağladı, pakistanlıların vizası ləğv olundu, Pakistan gəmilərinin Hindistan limanlarına yan almasına qadağa qoyuldu. Bütün bunlar da vəziyyəti qəsdən pisləşdirməyə yönəlib.
Politoloq qeyd edib ki, genişmiqyaslı müharibə ehtimalı yüksək olmasa da, yox da deyil: “Hazırda böyük bir müharibənin baş vermə ehtimalını yüksək hesab etmirəm. Çünki dünya bu gün üçüncü böyük bir savaşı qaldıracaq gücdə deyil. Qlobal oyunçuların da bu savaşda maraqlı olduqlarını düşünmürəm. Digər tərəfdən, Hindistan yaxşı bilir ki, Pakistanla açıq savaşa girmək, eyni zamanda Çinin maraqlarına toxunmaq deməkdir. Böyük ehtimalla bu gərginlik savaş həddinə çatmadan diplomatik yolla həll olunacaq. Savaş ehtimalı azdır, amma mövcuddur. Modi hakimiyyəti islamofob düşüncəyə sahibdir. Həm Pakistanı zəiflətmək, həm də daxildəki vəziyyətdən diqqəti yayındırmaq üçün kiçik bir qələbəyə ehtiyac duya bilər və bu məqsədlə belə bir yola əl ata bilər”. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.