BAKI, 1 may. TELEQRAF
Geoloqlar Missisipi çayının sahilində (ABŞ) təxminən 66-82 milyon il əvvəl Təbaşir dövrünün sonlarında yaşamış nəhəng dəniz kərtənkələsinin (mozazavr) fosilləşmiş fəqərəsini tapıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Hattiesburg American” qəzeti məlumat yayıb.
Missisipi Ekologiya Departamentinin Geologiya İdarəsinin mütəxəssisi Ceyms Starns deyib:
“Bu əsl dəniz yırtıcısıdır. Bu, bir mozazavrın çata biləcəyi ən böyük ölçüdür”.
Mozazavrlar nəhəng dəniz yırtıcıları idi, ən böyüyü 9 000 kiloqrama qədər çəkiyə və 15 metr uzunluğa çata bilirdi.
“Biz tamamilə yeni bir şey görürük. Onu görəndə nə olduğunu dərhal anladım, məni ölçüsü heyrətləndirdi. Əvvəllər heç vaxt görmədiyiniz bir şey tapdığınız zaman həyəcan həddən artıq çox olur”, - Starns qeyd edir.
Elm adamı vurğulayır ki, bu, indiyədək dəniz sürünənlərinə aid məlum olan ən böyük sümükdür: “Bu, nəhəng heyvandır. Bu heyvanın çata biləcəyi maksimum çəki təxminən 9 tondur. Quruda gəzən dinozavrların əksəriyyətindən daha böyükdür”.
Sümük vaxtilə tamamilə su altında qalmış bölgədə tapılıb.
2022-ci ildə Mərakeşdə Thalassotitan atrox adlı başqa nəhəng mozazavr növü kəşf edilmişdidi. “Cretaceous Research” elmi jurnalında təsvir edilən nəhəng dəniz kərtənkələsinin uzunluğu 9 metrə çata bilirdi və müasir iquanaların uzaq qohumu sayılır.
Böyük Britaniyanın Bat Universitetinin alimləri yeni kəşf edilən növlərin bütün digər dəniz canlılarını ovlaya bildiklərini deyirlər.
Mozazavrlar Təbaşir dövrünün sonunda - təxminən 66 milyon il əvvəl planetdəki bütün növlərin təxminən 75 faizinin məhv olduğu hadisələr zamanı yoxa çıxıb. Amma onların nəslinin kəsilməsinin dəqiq səbəbi məlum deyil. Bunun Meksikanın Yukatan yarımadasına asteroid çırpılması ilə əlaqəli olduğu güman edilir.
Tədqiqatçılar bildirirlər ki, mozazavrlar kimi nəhəng yırtıcıların yoxa çıxması balina və suitilərin okeanlarda hökmranlıq etməsinə zəmin yaradıb, qılınc və tuna kimi balıqlar da ortaya çıxıb.