AZ

Azərbaycan HAQQ İŞİNDƏ dost Pakistanın yanındadır - TƏHLİL

Hər hansı xarici xüsusi xidmət orqanına bağlı terror qruplaşmasının fəaliyyətdən Pakistanı məsuliyyət daşımır

Pakistanla Hindistan arasında münasibətlər son günlərdə olduqca kəskinləşib. Buna səbəb Cammu və Kəşmirdə baş verən hadisələr olub. Bununla yanaşı, sərhəddə iki ölkənin hərbçiləri arasında atışma halları da yaşanıb. Nəticə etibarı ilə Cənubi Asiyada baş verən son hərbi və diplomatik gərginlik beynəlxalq diqqəti yenidən Kəşmir probleminə yönəldib. BMT və aparıcı dövlətlər tərəfləri təmkinli olmağa çağırsa da, vəziyyət getdikcə təhlükəli məcraya yönəlir. 

Məlumata görə, Hindistan ordusunun Pakistan ərazisinə qarşı hərbi əməliyyat keçirməsi ehtimalı yüksək qiymətləndirilir. Pakistan Təhlükəsizlik Şurası Hindistanla bütün ikitərəfli sazişləri dayandırdığını açıqlayıb. Həmçinin qeyd ediblər ki, Hindistanın Hind çayından su axınını başqa istiqamətə yönəltmək cəhdini müharibə aktı kimi qəbul edəcəklər. Bundan əlavə, Pakistan Hindistana hava məkanını, Vaqah keçid məntəqəsini bağlayıb və Hindistanın müdafiə, dəniz və hava qüvvələri üzrə müşavirlərini personae non gratae elan etdi. Pakistan Təhlükəsizlik Şurasının hesabatına görə, Hindistanın ölkədəki terror qruplaşmalarına sponsorluq etdiyinə dair sübutlar var. Məlumat üçün bildirək ki, Kəşmir münaqişəsi Cənubi Asiya üçün ən ciddi təhlükə mənbəyi olmaqla yanaşı, qlobal təhlükəsizlik üçün də ciddi təhdiddir. O qeyd edib ki, bu problem 1947-ci ildən bəri üç genişmiqyaslı müharibəyə səbəb olub və bu gün vəziyyət daha kritik hal alıb. Pakistanın Baş naziri Şahbaz Şərif və BMT-nin Baş katibi Antonio Quterriş telefon danışığı zamanı regionda baş verən son hadisələri müzakirə ediblər. Şahbaz Şərif söhbət zamanı Pakistanın terrorizmin bütün forma və təzahürlərini pislədiyini təkrarlayaraq, ölkəsinin bu istiqamətdə atdığı əhəmiyyətli addımları xatırladıb. Dehlinin İslamabada qarşı son iddialarını “əsassız” adlandıran Baş nazir Pakistanı Pahalqam hadisəsi ilə əlaqələndirmək cəhdlərini qəti şəkildə rədd edib. Ş.Şərif, həmçinin Hindistanın Hind çayı hövzəsinə silah yerləşdirməsinin qəbuledilməzliyini, suyun 240 milyon pakistanlı üçün həyat mənbəyi olduğunu qeyd edərək, Dehlinin hər hansı ehtiyatsız hərəkəti halında ölkəsinin suverenliyini və ərazi bütövlüyünü tam gücü ilə müdafiə edəcəyini bildirib. BMT-nin rəhbəri isə Pakistanın regiona sülh gətirmək səylərini yüksək qiymətləndirib və hazırkı kritik zamanda dünyanın hər hansı bir gərginliyə tab gətirə bilməyəcəyini vurğulayıb. Hindistan Pakistan əleyhinə ekoloji böhran yaradacaq əməllərə də əl atır. Hindistanın su resursları naziri Çandrakant Raqhunath Patil deyib ki, Dehli hökuməti Hind çayından Pakistana suyun verilişini dayandırmağın üzərində işləyir. Onun sözlərinə görə, Hind çayından bir damla su da Pakistana axmayacaq: "Bununla bağlı keçirilən görüşdə üç variant müzakirə edilib. Hökumət qısamüddətli, ortamüddətli və uzunmüddətli tədbirlər üzərində işləyir ki, bir damla su da Pakistana düşməsin". Nazir əlavə edib ki, suyun axınının dayandırılması və onun başqa məcraya yönəldilməsi üçün yaxın vaxtlarda çayların şirinləşdirilməsi işləri aparılacaq. Mövcud gərginliyin əsas səbəblərindən biri Hindistanda hakimiyyətdə olan radikal millətçi BJP partiyası və onun lideri Narendra Modidir. Modi uzun müddətdir islamofob və ifrat millətçi siyasət aparır. 2014-cü ildə hakimiyyətə gəldikdən sonra Hindistanda islamofobiya və müsəlmanlara qarşı zorakılıq halları artmağa başlayıb. Hindli millətçilərin müsəlmanları ölümlə hədələyən and videoları dəfələrlə beynəlxalq reaksiyalara səbəb olub. Narendra Modinin müsəlmanlara qarşı atdığı ən qatı islamofob addımlardan biri vətəndaşlıq aktına etdiyi düzəlişdir. Yeni qanuna əsasən, Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlara Hindistan vətəndaşlığının verilməsi sadələşdirilib. Maraqlıdır ki, bu şəxslər əsasən müsəlmanların kompakt yaşadığı şimal vilayətlərinə yerləşdirilir. 2021-ci ildən bəri Hindistanda bu qanuna qarşı etirazlar davam edir. Modinin antimüsəlman siyasəti ilə yanaşı, Hindistandakı ağır sosial-iqtisadi vəziyyət də gərginliyin artmasına səbəb olur. Sadə dillə desək, Modi narazı əhalinin diqqətini müharibə təhlükəsi ilə yayındırmaq istəyir. Azərbaycan bu məsələdə hər zaman Pakistanın yanındadır. Azərbaycan və Pakistan arasında formalaşmış qardaşlıq və strateji müttəfiqlik münasibətləri hər iki ölkənin maraqlarını qorumaq və regionda sülhü təmin etmək üçün mühüm siyasi və hərbi dayaqdır. Onu da vurğulayaq ki, Hindistanın Ermənistana müasir silahlar verməsi və Cənubi Qafqazda destruktiv qüvvələrlə əməkdaşlıq etməsi regionda təhlükəli balanssızlıq yaradır. 

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Şərq"ə deyib ki, Kəşmirdəki qanlı hadisələri təşkil edən qruplaşma Pakistan tərəfindən də terror qruplaşması kimi qəbul olunur. Alim vurğulayıb ki, bu qruplaşma Pakistanın da ərazi bütövlüyünə, dövlətçiliyinə təhdid sayılır: 

"Yəni Pakistan özü terrora qarşı mübarizə aparan və terrordan əziyyət çəkən bir ölkədir. Amma Hindistan baş vermiş hadisəni birmənalı Pakistan dövlətinə bağlamağa çalışır. Kəşmir və su məsələsi başqadır. Pakistanın kənd təsərrüfatına əlverişli əkinçilik əraziləri Hindu çayından gələn su ilə bəslənir. Dolayısı ilə Hindistanın suyu kəsməsi, müharibəni su üzərindən aparması Pakistan iqtisadiyyatına yönəlmiş strateji mübarizədir. Pakistan terror təşkilatı ilə heç bir əlaqəsinin olmadığını bəyan etsə də, özü terrorla mübarizə aparsa da, Hindistan müxtəlif bəhanələrlə Pakistana qarşı zərbə vurmağa çalışır. Bunun arxasında müxtəlif geosiyasi layihələrin ola biləcəyi ehtimalı da var. Pakistanın Çinlə yaxın strateji münasibətləri var. Çinin dünya bazarlarına çıxan yolunun əhəmiyyətli hissəsi Pakistan limanlarının üzərinə düşür. Pakistan Çinin Asiyada təhlükəsizliyini təmin edən mühüm bir ölkədir. Nüvə silahına malik bir dövlətdir". 

T.Nüsrətoğlu vurğulayıb ki, Azərbaycan bu məsələdə birmənalı dost Pakistanın yanındadır:

"Pakistan Azərbaycanın da ən yaxın müttəfiqidir. Türkiyə-Azərbaycan-Pakistan qardaşlığından danışarkən hər zaman üçlü qardaşlıq ittifaqını xüsusi vurğulayırıq. Kəşmir məsələsində də Azərbaycanın mövqeyi bəllidir. Biz Pakistanın milli maraqlarından çıxış edirik. Ona görə də istənilən şəraitdə Türkiyə ilə birgə Pakistanın yanında dayanmağımız təbiidir. Pakistan bu məsələdə haqlıdır. Hər hansı xarici xüsusi xidmət orqanına bağlı terror qruplaşmasının fəaliyyətdən Pakistanı məsuliyyət daşımır. Hindistan daim Ermənistana dəstək olub, hazırda silah-sursat göndərir. Bu da qəbuledilməzdir. Bu mənada Azərbaycanın dövlət və xalq olaraq mövqeyi Pakistandan yanadır. Əlavə olaraq qeyd edim ki, dünyada terrorun himayə edilməsində daha çox Amerikan xəttini görürük. Bunu kimsə inkar edə bilməz. ABŞ Hindistanla yaxın münasibətdədir. Bu yaxınlarda Hindistan rəhbəri ABŞ-yə getdi. ABŞ-nin vitse-prezidenti Hindistana səfər etdi. Məqsəd İpək Yolunu baypas etmək, Çinin ticarət yoluna alternativ Hindistandan ərəb ölkələri üzərindən Avropaya yol inşa etməkdir".







Seçilən
0
sherg.az

1Mənbələr