“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın hücumdakı fəsadlarından söhbət açıb.
Arena.az “Manchester Evening News” dərgisinə istinadən, portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Biz ixtiyarımızda olan oyunçulara kömək etməyə köklənmişik. Rasmus Höylund son oyunda qol vurub. Onun istedada malik olduğu görünür. Coşua Zirkze də istedadlıdır, Çidozi Obi-Martin də.
Biz oyunçularımızı təkmilləşdirməliyik ki, hər bir oyunçunu ayrı-ayrılıqda yaxşılaşdıra bilək, bizə, oyunumuzu da yaxşılaşdırmaq gərəkdir. Biz, hücumçulara qollar vurmaq üçün kömək edə biləcək həqiqətən sahmanlı komanda olmaqdan uzağıq. Bizim qollarımız əskikdir, bu, bizə çox xal bahasına başa gəlib.
Höylund həqiqətən səylə işləyir. Bizim bəzi qollarımızda, xüsusən Avropa Liqasında o, öz hərəkətləri sayəsində böyük rol oynayıb. Fikrimcə, hazırda o, əla oyun keçirmək üçün yaxşı formada və əhval-ruhiyyədədir”, deyə Ruben Amorim vurğulayıb.
34 oyundan 39 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlində 14-cü pillədə qərarlaşıb.
“Qırmızı şeytanlar” İngiltərə Liqa Kubokunda və İngiltərə Kubokunda mübarizələrinə xitam veriblər. “Mançester Yunayted” son ümidini, qalibiyyəti halında Çempionlar Liqasına vəsiqə verəcək Avropa Liqasına bağlayıb. Yarışın yarımfinal mərhələsinə çıxmış “Mançester Yuanyted” burada Bilbao “Atletik”i ilə qarşılaşacaq.
Xatırladaq ki, “Atletik” – “Mançester Yunayted” oyunun bu gün, mayın 1-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
Əlavə edək ki, “Mançester Yunayted” və “Atletik” cari mövsüm Avropa Liqasını qazanmağa ən əsas namizədlər olaraq qəbul edilirlər.