Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və British Council-ın birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu ilə əməkdaşlıqla hazırlanan “ELSA Roadmap” (English Language Strategy for Azerbaijan Roadmap – Azərbaycan üçün İngilis Dili Strategiyası Yol Xəritəsi) sənədinin təqdimat mərasimi keçirilib.
Dəyirmi masa formatında təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən təhsil ekspertləri iştirak edib.
Tədbirin açılış mərasimində Britaniya səfirinin müavini Edvard Evans, British Council-ın ölkə üzrə rəhbəri Nərgiz Hacıyeva, Təhsil İnstitutunun direktoru Elnur Əliyev, və sənədin hazırlanmasında iştirak etmiş ekspert British Council-ın beynəlxalq eksperti Simon Borg təqdimatla çıxış edib. Daha sonra iştirakçılar ixtisaslaşdıqları sahələrə uyğun olaraq sənədlə bağlı müzakirələr edib və öz təkliflərini bildiriblər.
Qeyd edək ki, bu strateji sənəd ölkədə ümumtəhsil sistemində ingilis dili tədrisinin mövcud vəziyyətini hərtərəfli təhlil edir. Təhlil ingilis dili kurikulumu, dərslik və resurslar, qiymətləndirmə sistemi, müəllimlərin ilkin və davamlı təhsili, işə qəbul prosesi və ümumilikdə tədris keyfiyyəti sahələrini əhatə edir və bu sahələr üzrə tövsiyələr təqdim edir.
Azərbaycan üçün İngilis Dili Strategiyası sənədi ölkə üzrə ingilis dilinin tədrisini beynəlxalq standartlara uyğun olaraq inkişaf etdirilməsini hədəfləyir.