BAKI, TurkicWorld
Yeni Zelandiya fövqəladə vəziyyət elan edilib -güclü küləklər və yağışlar həyatı iflic edib.
TurkicWorld xəbər verir ki, Yeni Zelandiyanın bir sıra bölgələrində, o cümlədən Kraystçörç şəhərində güclü küləklər və davamlı yağışlar səbəbilə fövqəladə vəziyyət elan olunub.
Paytaxt Vellinqtonda saatda 120 kilometrə çatan küləklər və aramsız yağıntılar daşqınlara səbəb olub, məktəblər müvəqqəti bağlanıb. Vellinqton hava limanında onlarla uçuş ləğv edilib, bərə reyslərinin bir hissəsi dayandırılıb.
Rəsmilər əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyini proqnozlaşdıraraq əhalini mümkün qədər evdə qalmağa çağırıb. Meteoroloji xidmət güclü küləklərin ağacların aşması, enerji kəsintiləri və sahilyanı ərazilərdə təhlükəli şərait yaratma riski barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Yeni Zelandiyada təbii fəlakətlərlə bağlı sürətli reaksiya mexanizmləri mövcuddur və hazırda fövqəladə hallar xidmətləri vəziyyəti nəzarətdə saxlamaq üçün səfərbər olunub.