AZ

Müğənni estetik cərrahı ifşa etdi: Sertifikatsız həkimdən qalmaqal!

Ajans.az xəbər verir ki, ifaçı iki dəfə bədənşəkilləndirmə əməliyyatı keçirdiyini və hər iki prosedurun uğursuz alındığını bildirib. Onun sözlərinə görə, əməliyyatlardan sonra bədənində ciddi çapıq izləri qalıb. Günəş əlavə edib ki, prosedurlar üçün cərraha 14 min manat ödəyib, lakin buna dair heç bir rəsmi sənəd təqdim olunmayıb. İfaçının iddiasına görə, pulu geri istədikdə isə cərrah onun əməliyyatdan əvvəl çəkilmiş geyimsiz fotosunu üzünü bağlamadan sosial şəbəkədə yayıb.
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.  Qurumdan Ajans.az-a bildirilib ki, istənilən həkim və ya tibbi müəssisə ilə bağlı şikayətlərin araşdırılması üçün müəyyən mexanizm mövcuddur: “Şikayətçi, əlində həmin klinika və ya həkimlə münasibətləri təsdiqləyən sənədlərlə birgə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etməlidir. Yalnız bu halda işçi qrupu tərəfindən araşdırma aparılır və zərurət yaranarsa, plandankənar yoxlama həyata keçirilir. Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və apteklərdə rast gəlinən istənilən qanunsuzluq – o cümlədən reseptsiz antibiotik satışı ilə bağlı da şikayət etmək mümkündür.  Bunun üçün AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya www.pharma.az saytının “Müraciət” bölməsi vasitəsilə bizə müraciət edilə bilər. Hadisəyə gəlincə, əgər iddialar doğrudursa və həmin estetik cərraha sertifikat verilməyibsə, bu halda onun bu sahədə fəaliyyət göstərməsi qanunsuzdur’’. Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, estetik cərrah Əmiraslan Əmiraslanov telefon zənglərimizə cavab vermədi. Daha sonra onun çalışdığı “International2 Medical Centre” xəstəxanası ilə əlaqə saxladıq. Verilən məlumata görə, cərrah bir müddət əvvəl xəstəxanadan ayrılıb və bu səbəbdən yayılan şikayətlə bağlı heç bir açıqlama verə bilməyəcəklər. Onun hazırda ölkə hüdudlarından kənarda olduğu da diqqətə çatdırılıb.

Qeyd edək ki, Əmiraslan Əmiraslanovun adı Səhiyyə Nazirliyi tərəfindən sertifikatlaşdırılmış estetik cərrahların siyahısında yer almır.

Seçilən
0
Ajans.az

1Mənbələr