TBİLİSİ, 1 may. TELEQRAF
Ötən gün Tbilisidə keçiriləcək Caz Festivalı çərçivəsində açılan fotosərgiyə baxmaq üçün şəhərin mərkəzində yerləşən “Union Jazz Bar”a yollandım. Sərgiyə məndə böyük maraq oyadan bir məqam var idi. Tədbir haqqında elanda bildrilmişdi ki, unikal fotolar arasında görkəmli musiqiçimiz, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin də fotoşəkli sərgilənəcək.
Bu zamana qədər yolumun düşmədiyi Vera rayonunun Erekle Tatişvili küçəsində 12 saylı binada yerləşən caz bara yaxınlaşıram. Qapısı bağlıdır. Qapının şüşəsindən içəriyə boylanıram, qaranlıqdır. Düşündüm ki, kluba giriş arxa və ya yan tərəfdəndir. Bir neçə addım önə gedirəm, Erekle Tatişvili 14 ünvanında, Bakradze küçəsi ilə kəsişmədə ucalan qeyri-adi bina məni ayaq saxlamağa vadar edir.
Gözümü tikilinin hər kərpic daşından, qüllə formasındakı hissəsindən, pəncərə və eyvanlarından çəkə bilmirəm. Baxdıqca baxıram. Ürəyimdə “Azərbaycan izi olmalıdır” deyib mobil telefonumu binaya tərəf tutub “Google Lens”də axtarış verirəm. Və budur. Düşüncəmdə yanılmamışam. Tikili əbəs yerə diqqətimi cəlb etməyib, doğma gəlməyib. Axtarışın nəticələri bir neçə gürcü mənbəsindəki son iki ilə aid məlumatları göstərir. Məlum olur ki, unikal memarlığı ilə məni özünə cəlb etmiş bina şuşalı general-mayor şahzadə Əmir Kazım Mirzə Qacara (1853-1920) məxsus olub. Tikilinin o tərəf-bu tərəfinə keçib hər detalına böyük maraqla baxıram. Bir saata yaxın binanın ətrafında dolanıb, fotoşəkillərini çəkirəm. Artıq ətrafdakı insanlar mənim binanın “başına dolanmağı”mı təəccüb dolu baxışlarla izləyirlər.
Tikili yaşayış binasıdır, qapısı kodla olduğundan içəriyə daxil olmağım alınmır. Amma bunu hədsiz dərəcədə arzulayıram. Unikal binanın girişi də mütləq fərqli tərtibatda olmalıdır və bunu mütləq görməliyəm. Elə bu an qapı içəridən açılır və üç nəfər rusdilli şəxs binadan çıxır. Kişi qapını bir neçə dəfə bağlamağa çalışır, amma qapı örtülmür. Yanındakı qadın “Bəsdir. Bağlanmır. Bütün şüşələri sındıracaqsan!” deyir. Qapı aralı qalır. Sanki bunu İlahi qüvvə edir, mənim üçün. Gözlərimə inanmıram. Yaranan fürsətə heyrətlənirəm. Binanın girişində latın dilində “xoş gəlmisiniz” mənasını ifadə edən “Salve” sözü yazılıb. Bina ilə “dialoq”um başlayır. Şuşalının mülkü mənə sanki “xoş gəldin deyir”. Özümü içəri atıram. “Xoş gördük. Nə xoş təsadüf” deyirəm. Gözümün önündə sanki şəkil qalereyası açılır. Yan divarlar və tavandakı rəsmlər köhnəlsə də, rəngləri solsa da, cazibədarlığını hələ də qoruyub saxlayıb. Pilləkənlərlə yuxarı qalxıram, ətrafdakı incə naxışlar, məhəccərləri seyr edirəm. “Paradnı”da bir neçə fotoşəkil çəkirəm. Binadan çıxmaq üçün qapıya yaxınlaşıram. Elə bu an bir gənc içəri daxil olur. Sakin olduğunu yəqin edirəm. Mən qapıdan küçəyə çıxıram, o isə daxil olur və bayaq bağlanmayan qapı rahatca örtülür. Təəccüb yenə məni bürüyür.
Deyirlər ki, təsadüflər təsadüfən olmur və zərurətdən doğur. Həm də belə bir deyim də var ki, təsadüflər kainatın bizə gizlicə söylədikləridir. Ötən gün mənim üçün təsadüflərlə dolu və bir az da mistik oldu. Vaqif Mustafazadənin adını tutub fotosərgiyə getməsəydim, caz barın qapısı bağlı olmasaydı, mən küçə boyu yuxarı addımlamasaydım, qarabağlı hərbçimizin mülkü olmuş tarixi tikilini aşkar etməyəcəkdim. Amma təsadüflər bununla bitmir. Əmir Kazım Mirzə Qacar haqqında “Wikipedia”da məlumatı oxuyuram, doğum tarixinə nəzər salıram. Yenə təəccüblənirəm. Şuşalı hərbçimiz sabah, yəni bu gün – mayın 1-də anadan olub. Bu gün Əmir Kazım Mirzə Qacarın anadan olmasından 172 il ötür. Onun Tiflisdə tikdirdiyi mülkün doğum günü ərəfəsində aşkarlanması gərəkdir ki, bir zərurət idi.
Qeyd olunan fotosərgiyə qayıdım. Caz barın qapısı önündə duran barmen geyimində olan gəncə yaxınlaşıb tədbir barədə maraqlanıram. Klubun saat 19:00-da açılacağını bildirir. Həmin vaxta hələ bir saat qalır. Yenə şuşalının mülkünə doğru üz tuturam, energetikası ilə məni maqnit kimi özünə çəkirdi.
Gürcü mənbələrinə əsasən, bina 1905-ci ildə inşa edilib və “Gəlir evi” olub. Tikilinin fasadında vaxtilə burada yaşamış iki nəfərin — rəssam-monumentalist Emir Burcanadze (1937-2014) və yazıçı, ictimai xadim Elquca Mağradzenin (1927-1999) xatirə lövhələri vurulub. Qeyd edim ki, E.Burcanadze Tbilisi şəhərinin gerbinin müəllifi kimi tarixə düşüb.
Əmir Kazım Mirzə Qacarın şəxsiyyəti və Tbilisidəki fəaliyyəti onun bu şəhərdə xatirəsinin əbədiləşdirilməsini zəruri edir. O, ilk təhsilini Tiflis klassik gimnaziyasında alıb. Məhəmməd Əmin Rəsulzadənin “istiqlal şəhidi” adlandırdığı, dövrünün ən ali ordenləri ilə təltif olunmuş şuşalı hərbi xadim həm də maaarifçi olub, Tbilisidə xeyriyyəçilik fəaliyyəti də göstərib. Həyat yoldaşı Gövhər Qacar “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti”ni yaradanlardan biri olub.
Şəmistan Nəzirlinin “Arxivlərin sirri açılır” adlı kitabında (Bakı-1999) bu barədə söz açılıb:
“Əmir Kazım Mirzə Qacar xalqımızın maariflənməsində də yaxından iştirak etmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi cəhətdən kömək göstərmiş və kasıb balalarını öz xərcinə oxutdurmuşdur. Onun ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan dram cəmiyyətinin təsisi və tamaşa binasının açılmasında yaxından iştirakı olmuşdur. 1911-ci ildə M.F.Axundovun yüz illik yubileyi də general-mayor Əmir Kazım Mirzə Qacarın sədrliyi ilə keçmişdir”.
Nəşrdə qeyd olunub ki, 1920-ci ilin iyun ayında daşnak-bolşevik ordusuna qarşı vuruşan general Əmir Kazım xan Qacar əsir düşüb və Gəncə “ÇK”-sı Tuxareli tərəfindən qılıncla doğranıb. O da vurğulanıb ki, Qacar nəslinin Tiflis və Şuşadakı mülkləri müsadirə olunub.
Binaya vizual baxışdan məlum olur ki, 120 yaşlı tikiliyə mədəni irs abidəsi statusu hələ verilməyib. Tbilisidə belə statusa malik binaların fasadında bu barədə məlumatın yer aldığı QR-kodlu lövhəciklər vurulub.
Tikili haqqında Gürcüstanın İmedi telekanalında ötən ilin noyabrında efirə getmiş “İmedis Dila” proqramında da bəhs edilib. Erekle Tatişvili küçəsinin tarixinə həsr olunan süjetdə küçənin əvvəlki adlarının Yeni Hollandiya və Kazbeqi olduğu bildirilib. Müəllif binanın Əmir Kazım xan Qacara məxsus mülk olduğunu vurğulayıb və onun kimliyi barədə məlumatlar təqdim edib.
Gürcüstanın onlayn resurslarında bina haqqında son məqalə bu yaxınlarda - martın 16-da dərc olunub. Tbilisidə tikinti layihələri, investisiyalar, şəhər planlaşdırılması, dizayn, tikinti bazarında tendensiyalar barədə yazıların yer aldığı gürcüdilli “Top Industrial Articles” adlı onlayn nəşrdə bina haqqında məqalə “Tiflisdə ən gözəl evi tikən Qacarlar sülaləsinin şahzadəsi kim olub?” başlığı ilə oxuculara təqdim olunub.
Görkəmli şuşalı hərbi xadimin, Azərbaycan Xalq Cümhuriyyətinin generalının xatirəsi Tbilisidə ona məxsus olmuş binanın fasadına memorial lövhənin vurulması ilə mütləq əbədiləşdirilməlidir. Bu, həm onun xatirəsinə ehtiram göstəricimiz, həm də Tbilisidə təhsilin və mədəniyyətin inkişafına verdiyi töhfələrinə minnətdarlıq jestimiz olardı.
Tbilisidəki izlərimizdən olan tarixi tikili ilə bağlı araşdırmalarımı davam etdirəcəyəm. Maraqlıdır, görəsən, binanın memarı kim olub, müsadirədən sonra hansı məqsədlər üçün istifadə olunub. Bu suallara cavab tapmağa çalışacağam. “Axtaran tapar” deyirlər. Məhəmməd peyğəmbərin isə belə bir kəlamı var: “Tapanlar axtaranlardır”. Tbilisidə Azərbaycan izlərini bəzən təsadüf nəticəsində tapıram, çünki onları axtarıram.
P.S. Barəsində söz açdığım fotosərgiyə gəlincə, bu barədə ayrıca yazım olacaq.