AZ

"Trampı Putinin onu axmaq vəziyyətə saldığına kim inandırıb?" - "Politico"

 
"Zelenskinin Romadakı danışıqlarda Trampın düşüncə tərzinə birbaşa təsiri olub..."
 
ABŞ prezidenti Donald Trampın Rusiya diktatoru Vladimir Putin barədə ritorikası bir qədər dəyişib. Bu dəyişiklik Böyük Britaniya baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun bir neçə aylıq qapalı diplomatik səyləri nəticəsində baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri avropalı siyasətçilərə istinadən yazıb.
 
Starmer və Makron Trampı Ukrayna prezidenti Vladimir Zelenskə təzyiq göstərməkdən çəkindirməyə və qəzəbinin bir hissəsini Putinə yönəltməyə inandırıb. Onlar bu məqsədlə Trampa belə arqument irəli sürüb: guya, Putin onu axmaq vəziyyətə salır.
 
"ABŞ prezidentinin Putinə qarşı açıq tənqidi London və Parisdəki diplomatlara müəyyən təmkinli sevinc hissi yaşadıb, çünki son üç ayda göstərilən səylər artıq nəticə verməyə başlayıb", - nəşr yazır.
 
Nəşrin məlumatına görə, Trampın komandası ilə danışıqlarda əsas rollardan birini Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell və müdafiə naziri Con Hili oynayıb. Bu səylər ABŞ-ın Londondakı səfiri Mark Bernett ilə koordinasiya olunub.
 
Böyük Britaniya xarici işlər naziri Devid Lemmi isə etiraf edib ki, təkcə bu il ABŞ Dövlət katibi Marko Rubio ilə 13 danışıq aparıb, Starmerlə Tramp isə "təxminən bu qədər" təmasda olub.
 
Britaniyanın sabiq səfirlərindən biri deyib: "Zelenskinin Romadakı danışıqlarda Trampın düşüncə tərzinə birbaşa təsiri olub". Onun sözlərinə görə, Böyük Britaniya və Fransa davamlı olaraq vurğulayıb ki, Putin Trampa hörmətsizlik edir, o, daim özü elan etdiyi atəşkəsi pozur. Diplomat hesab edir ki, bu məsələ Tramp üçün xüsusilə həssasdır, çünki o, insan tələfatına qarşı çox duyarlıdır.
 
"İndi Tramp başa düşür ki, Putinə etibar etmək olmaz. Bu, Makronun Trampa dəfələrlə çatdırmağa çalışdığı fikirdir. Bu, bizim hazırkı strategiyamızdır", - bir fransız məmuru bildirib. Lakin "Politico" qeyd edir ki, Britaniya və Fransa indi narahatlıq içindədir - Trampın Putinə qarşı sərt mövqeyi nə qədər davam edəcək?
 
Brookings İnstitutunun analitiki və ABŞ-ın Ukraynadakı sabiq səfiri Stiven Payfer qeyd edib ki, "Trampın Putinə qarşı kor zonası olub, o isə ABŞ-ın tələblərini qulaqardına vurub". "Amma Trampın son bəyanatları göstərir ki, artıq Putin tərəfindən istifadə olunduğunu hiss etməyə başlayır", - o, qeyd edib.
 
Tramp və Putin
 
Əvvəllər Tramp iddia edib ki, Rusiya lideri Ukraynada müharibənin dayandırılmasını istəyir. O, həqiqətən də Kremlin sülh sazişi imzalamaq niyyətində olduğuna inanıb. Lakin zaman keçdikcə Tramp üçün məsələlərin bu qədər də şəffaf olmadığı aydınlaşıb.
 
Elə dünən ABŞ prezidenti bəyan edib ki, Putin "onun başını qatır", çünki sülh razılaşmasının əldə olunması uzanır. Putinə olan simpatiyasına baxmayaraq, Tramp ona etibar edib-etmədiyi ilə bağlı birbaşa suala cavab verməkdən yayınaraq mövqeyini açıq şəkildə bildirməyib.
Seçilən
0
50
moderator.az

10Mənbələr