Azərbaycan Biznes Partnyorları Klubu (BPC) Qarabağda beynəlxalq tədbirlər keçirəcək.
BPC İdarə Heyətinin sədri Gülpəri Bayramovanın verdiyi məlumata görə, “Kənddən Qlobal Yüksəliş: Qarabağda Gələcəyin Təsərrüfatı” adlı beynəlxalq tədbirdə yerli sahibkarlarla yanaşı, Körfəz ölkələrindən və digər dövlətlərdən olan iş adamları iştirak edəcək. Eyni zamanda dövlət rəsmilərinin, Milli Məclisin deputatlarının, diplomatik korpusların, assosiativ birliklərin və kütləvi informasiya vasitələrinin təmsilçilərinin də tədbirdə iştirakı nəzərdə tutulub.
Qarabağda kənd təsərrüfatının tərəqqisi üçün yeni və müasir texnologiyaların təqdim edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalını və daşınmasını asanlaşdırmaq üçün müasir infrastrukturun qurulması, logistika inkişafı, investisiya cəlbi, məşğulluğun artırılması, bölgə iqtisadiyyatının güclənməsi mövzularna həsr olunan tədbirin əsas məqsədi Azərbaycanın kənd təsərrüfatı məhsullarının beynəlxalq miqyasda tanınmasına nail olmaq və dünyadakı rəqabət mühitinə transformasiya olunmasına şərait yaratmaqdır.
Tədbirin təşkili ilə bağlı dövlət qurumları ilə fəal müzakirələrin aparıldığını bildirən G.Bayramova növbəti tədbirin beynəlxalq forum formatında təşkil olunacağını söyləyib: “Azərbaycan qadınlarının iqtisadiyyatda və sahibkarlıqda daha fəal iştirakını təmin etmək məqsədilə Qarabağda “Women Economic Forum 2025” beynəlxalq tədbirini təşkil etmək niyyətindəyik. Bu forum, Qarabağın iqtisadi bərpasına töhfə vermək, qadın sahibkarları bir araya gətirmək və beynəlxalq investorlarla əməkdaşlıq imkanlarını müzakirə etmək üçün mühüm və unikal bir platforma olacaq” – müsahibimiz söyləyib.
Əlavə edib ki, rəhbərlik etdiyi qurum hər iki tədbirin təşkilinə yüksək səviyyədə hazırlaşır: “İşğaldan azad edilən torpaqlarımızın dirçəldilməsi, yerli və xarici sərmayədarların cəlbi, azərbaycanlı sahibkarla xarici iş adamları arasında faydalı və qarşılıqlı əlaqələrin qurulması, kordinasiyalı fəaliyyətin təşkili baxımdan hər iki tədbir müstəsna əhəmiyyət kəsb edir” – BPC sədri vurğulayır.
Xatırladaq ki, Azərbaycan Biznes Partnyorları Klubu (BPC) ölkəmizin nüfuzlu iş adamlarının təşəbbüsü və dəstəyi ilə təsis edilib. Əsas missiyası ixracın stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi və xarici bazarlara çıxışın təminidir. BPC-nin İdarə Heyətinin sədri Gülpəri Bayramova eyni zamanda paytaxt Bakının marketlər şəbəkələrini gündəlik meyvə-tərəvəz məhsulları ilə təhciz edən “Agromix” şirkətinin təsisçisi, Xocavənd rayonunda yerləşən Yağ Emalı Zavodunun icarədarıdır. O, Körfəz ölkələrinin biznes dairələri ilə ciddi əlaqələrə malikdir və ərəb dövlətlərindən Qarabağa investisiya cəlbi istiqamətində də mühüm layihələr həyata keçirir. Müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə bağlı müxtəlif aksiyaların təşkilatçısıdır.