AZ

Demirəm qərəzdir, amma…

Mövsümə Roman Qriqorçukla başlayan “Neftçi”nin ukraynalının rəhbərliyi altında qorxunc startla diqqət çəkəcəyi yəqin ki, ən bədbin azarkeşin belə, ağlına gəlməzdi. “Qəbələ”də adından söz etdirən çalışdırıcının niyə bu qədər uğursuz olduğunun hələ də mükəmməl izahı yoxdur. Əslində, nə heyət 9 tura qələbə qazana bilməyəcək səviyyədə idi, nə də klubda adətən komandaların çöküşünü şərtləndirən ənənəvi problemlər var idi. Yəni Qriqorçukun Bakı komandasında fiaskoya uğramasının niyəsini yalnız oyunçu seçimində axtarmaq da absurddur. Nə qədər bayağı səslənsə də, bu, futboldur. Alınmayanda alınmır. Nəinki Qriqorçuk elit futbol müstəvisinin elit məşqçiləri də bir klubda bərbad performansla diqqət çəkə, digərində ortaya əməlli-başlı iş qoya bilərlər…

Əslində, əcnəbi çalışdırıcının yerini tutan Samir Abasovun da ruhən sarsılmış komanda ilə qışa qədər vəziyyəti 180 dərəcə dəyişəcəyinə inanmağa dəyməzdi. Şübhəsiz, qışda oyunçu axtarmaq və heyəti arzulanan səviyyəyə çatdırmaq yetərincə çətin missiyadır. Bu başqa məsələ ki, Abasov daha yaxşı performansla diqqət çəkə, “Neftçi” hazırda 36 xalla 6-cı yox, tutaq ki, 51 xalla 4-cü ola bilərdi. “Ağ-qaralar”ın bəzi qarşılaşmalarda komanda şəklində ümidləri doğrultmayaraq xal və xallar itirdiyi faktdırsa, uğursuz nəticələrin bəzilərində hakimlərin də “əməyi” az olmayıb.

Bu mövsüm baş tutan qarşılaşmalarda “qarapaltarlılar”ın “Neftçi”nin əleyhinə verdiyi qərarları ayrı-ayrılıqda təhlil edərək bir yazıya sığdırmaq çətin məsələdir, amma “Sumqayıt”la son turdakı heç-heçə də (2:2) belə oyunlardan idi. Təəssüf ki, Fərid Hacıyevin başçılıq etdiyi hakimlər briqadası işinin öhdəsindən gəlməyi bacarmadı. Yetərincə elita təcrübəsi olan referinin önəmli anlarda yanılması bakılıların evə qələbə ilə dönməsini əngəllədi. Konkret iki epizod üzərində dayansaq, əlavə şərhə əlyeri qalmaz.

Matçın 12-ci dəqiqəsində “kimyaçılar”ın braziliyalı müdafiəçisi cərimə meydançasında Edvin Kuçun qarşısını kobudluqla kəsir. Dias mübarizə zamanı monteneqrolunu görsə də, topa toxunduğu dizini yığmır və rəqib yarımmüdafiəçinin qasıq nahiyəsinə kikboksinq fəndi ilə zərbə endirir. Hakimin epizodu sərtlik həddini aşmayan təmas kimi dəyərləndirməsi sözün əsl mənasında, qəribə yanaşmadır. Diasa sarı vərəqə göstərilməli, meydan sahiblərinin qapısına penalti təyin edilməli olduğu halda, referinin qayda pozuntusunu qeydə almaması yetərincə diqqətçəkən və şübhəli məqamdır. Bunun kobud səhv, səhvi düzəltmək qorxusu, bacarıqsızlıq və ya qərəz olmasını araşdırmaq isə bizim işimiz deyil.

Qarşılaşmanın 72-ci dəqiqəsində Ağadadaş Salyanskinin ofsaydda olduğunun iddia edilməsi də qabardıla bilər. Həmin epizodda gənc hücumçunun topa toxunduğunu videotəkrara dönə-dönə baxanda da görmək olmur. Hakimin vurulan qolu qeydə almaması əlbəttə ki, birbaşa nəticəyə təsir edən qərardır. Bəlli, bu iki epizoddan birində Fərid bəy fitini “ağ-qaralar”ın lehinə səsləndirsəydi, yekun hesab 2:2 yox, 2:3 olardı, deyilmi? Onsuz da hədəflərindən uzaq düşən “xalq komandası”nın “sıxılmasının” kimin və ya kimlərin işinə yaradığını incələmək isə ayrıca yazı mövzusudur. Gələn görüşlərədək…

Nihat

Seçilən
0
arena.az

1Mənbələr