“Məhəmməd Əmin bəy Cümhuriyyətin süqutunun başlıca səbəblərini beynəlxalq şərait və bolşevik Rusiyasının işğalçılıq siyasəti ilə əlaqələndirərək yazırdı: “Rus bolşevik təcavüzü ilə mübarizədə Baltika dövlətlərinin maraqları Qərb məmləkətlərinin siyasi maraqları ilə üst-üstə düşdüyü, bu mübarizədə onlar həm mənəvi, həm də maddi cəhətdən dəstək gördükləri bir zamanda Qafqazda tam fərqli vəziyyət yaranmışdı...”
Tanınmış tarixçi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizlə Moderator.az üçün budəfəki söhbətimizdə Moskvanın 70 ildən çox Azərbaycan xalqının beyninə guya bizə Şimaldan xoşbəxtlik, səadət gətirən bir “xalq inqilabı”nın baş verdiyi gün kimi yeritdiyi 28 aprel 1920-ci il tarixində əslində nələr baş verməsi, bolşevik Rusiyasının Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini hansı iyrənc, həyasız metod və taktikalarla işğal etməsi və s. haqda danışdıq.
(Əvvvəli burada:)
-Boran bəy, məlumdur ki, bolşevik Rusiyasının Azərbaycanı işğal etməsindən sonra Rəsulzadə hökumətinin əsas liderləri təqib olunduğundan ölkəni bəziləri ölkəni tərk etməyə məcbur oldu, bəziləri həbs edildi, güllələndi və s. Bəs müstəqil dövlətimizin zamanında dövlət idarələrində çalışmış kiçik və orta çinli məmurların taleyi necə oldu?
-Təbii ki, onların da çoxu başqa yollarla repressiyalara məruz qaldı... Moskvadan gələn bolşevik-kommunist işğalçı qüvvələrinin müstəmləkə siyasətinin bir istiqaməti də dövlət idarələrində çalışan azərbaycanlıların kütləvi surətdə işdən çıxarılaraq yerlərinə qeyri-azərbaycanlıları - rus, erməni, gürcü və s. təyin etmələri, yerli milli qüvvələrə qarşı amansız terror tətbiq etmələri idi. Bu işi isə yerli hökumətə deyil, gəlmə, işğalçı Qırmızı Orduya tabe olan cəllad ləqəbi qazanmış Pankratovun başçılıq etdiyi Fövqəladə Komissiya həyata keçirirdi. Həmin repressiya dəzgahına rus dilində “Çrezvıçaynaya komissiya” adlandığından qısaca “ÇK” deyilirdi. 70 il digər keçmiş sovet xalqları kimi Azərbaycan xalqının da başına olmazın oyunlar, fəlakətlər, faciələr gətirən “çekist”lərin adı da buradan götürülmüşdü...
Məhəmməd Əmin Rəsulzadə bolşeviklərin bu qanlı siyasətini ifşa edərək yazırdı: “Hökumətin ən məsul mövqelərini rus, erməni, gürcü və türk olmayan fəhlə adı ilə xaricdən gələn yabançılara verdilər. Qızıl Ordu təşkilatına tabe olan “ÇK”lar təsis edildi. Müqabil ixtilal təşkilatı şəxslərə qarşı mücadilə edən bu qanlı müəssisə müdhiş bir surətdə edamlara başladı. Pankratov adlı bir cəlladın ismi hər kəsi titrədir, edam edilənlərin saya gəlməz siyahıları hər tərəfə dəhşət təlqin edirdi .
Bütün bunların nəticəsində təkcə “Osmanlı müsafirlərimiz” deyil, hətta özünü “sol müsavatçı” adlandırıb bolşeviklərin tərəfinə keçənlər, “İttihadçılar, bir sözlə, “…artıq hər kəs aldandığını gördü”.
Rəsulzadə uzaqgörənliklə rus bolşevizminin əsl niyyətini açaraq göstərirdi ki, “bir ay əvvəl müsavatçı və s. millətpərvərlərin təxmin etdikləri təhlükə bütün çılpaqlığı ilə zühur edirdi. Rus bolşevikləri keçmiş Rusiya hüdudlarını tuturlardı”.
Beləliklə, insanlar “bolşevik istilasından bir ay sonra artıq bütün Azərbaycan məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk etmişdi”. Məhəmməd Əmin bəy belə acı həqiqətin dərk edilməsinin üsyanlara gətirib çıxardığını göstərərək yazırdı ki, ordusunun, özünün izzəti, mənəviyyatı tapdandığına, təhqir edildiyinə, sərvətlərinin, mal-mülkünün yağmalanaraq vaqonlara doldurub Rusiyaya göndərilməsinə “…xalq dözə bilmədi. Üsyan etdi”.
O bu dövrdə üsyanın yayıldığı arealdan bəhs edərək göstərmişdir ki, üsyanlar bütün Azərbaycanı bürümüşdür... üsyan edilməyən bir yer qalmamışdır”...
-Bildiyimizə görə, o dövrdə bəziləri belə üsyanların heç bir nəticə verməyəcəyini bildirərək Azərbaycan xalqını mübarizədən çəkindirirmiş...
-Bəli. Amma Cümhuriyyət öndəri Rəsulzadə baş verən üsyanların insanlara yalnız bədbəxtlik, dağıntı gətirdiyini, xeyli adamların heç nəyə nail olmadan əbəs yerə öldürülməsi kimi qiymətləndirilməsini səhv düşüncə hesab edərək onun tarixdəki yerini çox doğru müəyyənləşdirmişdi. “Bu üsyanların mənasız olduğunu və ümumi əhalinin salamatlığına zərər gətirdiyini iddia edənlər var. Fəqət, bu üsyanlar dəxi olmasa idi, Azərbaycan xalqı bilməm hansı hadisələrlə öz namusunu müdafiə etmiş olduğunu isbat edəcəkdir?!”.
İşğal ərəfəsi və ilk günlərində qəsbkarların irəli sürdüyü şüarların - Anadoluda ölüm-dirim savaşı aparan türklərə köməyə getmələri, haqqı tapdanan, əzilən siniflərə azadlıq verəcəyi, bərabərlik yaradacağı və s. bu kimi yalançı təbliğatın mahiyyətini xalq çox keçmədən başa düşdü. İşğalçıların Vətənimizdə həyata keçirdiyi siyasət “…bütün keyfiyyətlərilə birlikdə əhalini ayıltdı və misli-bərabəri olmayan yalanın dumanı dağılmağa başladı. Yerlərdə üsyanlar başlandı”...
-Maraqlıdır, 28 aprel işğalı ərəfəsində ümumilikdə Qərb, Avropa ölkələri Azərbaycanda ümumilikdə Güney Qafqazda gedən proseslərə necə yanaşırdı. Hansısa Avropa dövlətinin Rusiya işğalına qarşı bizə dəstək vermək niyyəti var idimi?
-Rəsulzadə “Azərbaycanda Milli Hərəkat”adlı əsərində də Cümhuriyyətin süqutunun səbəbləri, işğalçılara qarşı aparılan mübarizə və onun nəticələrindən bəhs etmişdir. O burada tarixşünaslığımızda heç bir yerdə qeyd edilməyən, yazılmayan bir məsələyə - Avropa dövlətlərinin işğalla bağlı Qafqaz respublikalarına nisbətən Baltikyanı dövlətlərə fərqli yanaşmasına və bunun səbəblərinə də toxunmuşdur. Məhəmməd Əmin bəy Cümhuriyyətin süqutunun başlıca səbəblərini beynəlxalq şərait və bolşevik Rusiyasının işğalçılıq siyasəti ilə əlaqələndirərək yazırdı: “Rus bolşevik təcavüzü ilə mübarizədə Baltika dövlətlərinin maraqları Qərb məmləkətlərinin siyasi maraqları ilə üst-üstə düşdüyü, bu mübarizədə onlar həm mənəvi, həm də maddi cəhətdən dəstək gördükləri bir zamanda Qafqazda tam fərqli vəziyyət yaranmışdı.
Bəlli səbəblər üzündən böyük dövlətlər Qafqaz respublikalarını vaxtında dəstəkləmədilər; birbaşa qonşulara - İran və Türkiyəyə gəlincə isə, onlar, xüsusən də Türkiyə elə durumda idi ki, öz varlığı uğrunda mübarizədə bolşeviklərlə dostluq etməyə, hətta onlardan yardım almağa məcbur idi...
Belə bir şərait, xüsusən gənc, hələ möhkəmlənməmiş Azərbaycanın fəlakəti ilə nəticələndi...”
-Rəsulzadə AXC-nin işğalında erməni amilini necə dəyərləndirirdi?
-Məhəmməd Əmin bəy bolşevik Rusiyasının köməyi ilə ermənilərin Qarabağda üsyan qaldırmasını da işğala kömək edən amillərdən biri kimi qiymətləndirmişdi. Və həmin üsyanda Moskvanın dəstəyini alan irqçi xislətli “bolşevik”, “menşevik”, “daşnak” cildli ermənilər Cümhuriyyətinin süqutundan sonra nəinki Qarabağdakı haylara muxtariyyət verilməsi, eyni zamanda Zəngəzur, Göyçə və s. torpaqlarımızın Ermənistana hədiyyə edilməsi və faktiki işğalı ilə nəticələndi...
Cümhuriyyət dövrünün görkəmli ictimai-siyasi xadimi, Müsavat Partiyasının ikinci başqanı Mirzə Bala Məmmədzadə “Milli Azərbaycan hərəkatı” adlı məşhur əsərində
haqlı olaraq qeyd edirdi ki, bolşevik Rusiyasının təcavüzünün gətirdiyi bəla təkcə Vətənimizin işğalı, Cümhuriyyətin süqutu ilə yekunlaşmamışdı. Faciə burasında idi ki, işğal nəticəsində ərazi bütövlüyümüz pozulmuş, torpaqlarımızın bir hissəsi bolşeviklər tərəfindən Ermənistana verilmiş, Naxçıvan Azərbaycandan ayrı salınmış, torpaqlarımızda “Muxtar Dağlıq Qarabağ” vilayəti yaradılmışdı...
-Boran bəy, sovet dövründəki kimi, hazırkı Rusiya hakimiyyəti də o dövrdə Xalq Cümhuriyyətini işğal etməkləri azmış kimi, onun bir çox liderlərini, xüsusən də Rəsulzadəni az qala bütövlükdə Rusiya xalqının düşməni kimi qələmə verməyə çalışırlar. Əslində müstəqil Azərbaycan dövlətinin banisinin bütövlükdə Rusiyaya münasibəti necə olub?
-Sözsüz ki, bunlar hamısı ağ yalandır. Yetərincə demokratik və mötədil düşüncəli bir dövlət xadimi və siyasi lider olan Məhəmməd Əmin bəy Rusiya xalqına qarşı qətiyyən nifrət bəsləmirdi. Əksinə, o, Rusiya xalqına bir yaxın qonşu olaraq tam rəğbət və ədalətlə yanaşıb. Bunu ADR banisinin 1918-ci ilin dekabrında Azərbaycan Parlamentinin açılışındakı nitqində söylədikləri də isbatlayır:
“Əfəndilər! Bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç ədavətimiz və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya, çarizm Rusiyası, Rusiya istibdadır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya cəmaətına nifrət demək deyildir. Bizcə, mənfur olan Rusiya, millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır, hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlər ilə ürəyi istədiyi kimi əqdi-ittifaq etməlidir...Ərz etdim ki, biz Rusiya camaatının düçar olduğu fəlakətdən qurtulmasını ürəklə istəriz. Biz Rusiya hökumətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız. Çünki, Qafqaziya dağlarının şimalında təşəkkül edən müstəbid və təcavüzkar bir hökumətə biz laqeyd qala bilməriz. Biz Rusiyanın səadətini istəriz, Rusiya camaatını sevəriz, fəqət, kəndi istiqlalımızı da əziz tutarız. Cəbr ilə qəbul etdirilən bir şeydə səadət olmaz. Çünki səadət və hürriyyət istiqlaldır...”.
Eyni zamanda Məhəmməd Əmin daim işğalçı xislətli Rusiya imperiyasını nəzərdə tutaraq belə bir müdrik fikir də söyləyib: “Rusiya kiçilib öz tarixi torpaqlarına sığınmayanadək dünya xalqlarına rahatlıq yoxdur...”
Bu gün Rusiyanın Ukraynaya qarşı törətdikləri də Rəsulzadənin dediklərini təsdiqləyir...
Söhbətləşdi:
Sultan Laçın