Regionun inkişafı üçün “3+3” kimi formatlar çərçivəsində əlaqələri dərinləşdirmək önəmlidir.
Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov danışıb.
Politoloq qeyd edib ki, İranla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşmasına, soyuqluğun aradan qaldırılmasına ehtiyac var:
“İran Prezideninin Azərbaycana səfəri zamanı ikitərəfli və regional münasibətlər müzakirə olundu. Regional əlaqələrin inkişafı üçün “3+3” formatının icrası önəmlidir. Doğrudur, hazırda Gürcüstan bu platforma daxilində görüşlərdə iştirak etmir, ancaq gələcəkdə onun da iclaslara qoşulması mümkündür”.
S.Hümbətov hazırda nəqliyyat-kommunikasiya sahəsində İran-Azərbaycan-Rusiya əlaqələrinin olmasına diqqət çəkərək bu üçtərəfli əməkdaşlığın da münasibətlərin inkişafına önəmli töhfə verdiyini söyləyib:
“Şimal-Cənub nəqliyyat dəhlizi bu çərçivədə nümunə ola bilər. Amma buna paralel olaraq altılı (“3+3”) platformanın tam şəkildə icrası önəmlidir. Həmin platformanın inkişafına təkan verəcək bir digər məsələ isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan bu istiqamətdə ciddi addımlar atmalıdır. Bütün bunlar baş verdikdən sonra iştirak edən tərəflərə əhəmiyyətli gəlir gətirəcək iqtisadi layihələr həyata keçirərək əməkdaşlığı daha da dərinləşdirmək olar”.
Ekspert hesab edir ki, əlaqələri dərinləşdirmək bölgənin yeganə çıxış yoludur:
“Bölgədə gərginliyi nə qədər saxlasalar, problemlərin böyümə riski bir o qədər çox olar. Bu gərginliyi yox etmək üçün iqtisadi səmərə verəcək layihələrin həyata keçirilməsi mütləqdir”.