Hazırda Kənd Təsərrüfatında Bilik və İnnovasiyalar Milli Mərkəzinin direktoru Şuxrət Otacənovun rəhbərliyi ilə Özbəkistan Kənd Təsərrüfatı Nazirliyi və ona tabe olan qurumların rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdədir.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında aqrar sahədə elmi əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə bir sıra görüş və danışıqlar aparılır.
Nümayəndə heyəti Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Bitkilərin Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və elmi heyəti ilə görüş keçirib. Görüş zamanı toxumçuluğun inkişafı, bitki xəstəlikləri və zərərvericilərlə mübarizə, həmçinin kadr hazırlığı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşün yekununda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Bitkilərin Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Özbəkistanın Kənd Təsərrüfatında Bilik və İnnovasiyalar Milli Mərkəzi nəzdindəki M.Mirzəyev adına Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Pambıqçılıq Elmi-Tədqiqat İnstitutu arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Bu memorandum çərçivəsində toxumçuluğun inkişafı, bitki xəstəlikləri və zərərvericilərə qarşı səmərəli mübarizə, elmi əməkdaşlar və doktorantlar üçün ixtisasartırma proqramları, eləcə də müasir aqrar texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
Bu əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında aqrar elm və innovasiya sahəsində potensialın daha da artırılmasına xidmət edəcək.
Newscenter.az