Rusiya ordusu Ukraynanın materik hissəsinə raketlər, o cümlədən “İsgəndər-M” ballistik raketləri atmaq üçün müvəqqəti işğal olunmuş Krımdan istifadə edir.
Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi, 3-cü dərəcəli kapitan Dmitri Pletençuk məlumat yayıb.
"Rusiya müvəqqəti olaraq işğal etdiyi Krımı "İsgəndər-M" raketlərinin buraxılış meydançası, əməliyyat-taktiki kompleks kimi istifadə edir. Onlar buradan istifadə etməklə məsafəni və müvafiq olaraq uçuş müddətini azaltmağa çalışırlar ki, bizim atışlara reaksiya ehtimalımızı azaltsınlar. Təəssüf ki, bu ərazilər işğaldan azad edilənə qədər, Krım düşmən tərəfindən bu məqsədlər üçün istifadə olunacaq...".
Xatırladaq ki, bir neçə gün öncə isə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural