AZ

Azərbaycan millisinin Avropa çempionatının II təsnifat mərhələsində uğursuz çıxışının səbəbləri açıqlanıb

Azərbaycanın 16 yaşadək oğlan voleybolçulardan ibarət millisinin Avropa çempionatının II təsnifat mərhələsində uğursuz çıxışının səbəbləri müəyyənləşib.

Bu barədə “Report”a açıqlamasında yığmanın baş məşqçisi Cahangir Seyed Abbasi məlumat verib.

Mütəxəssis ilk dəfə bu mərhələdə çıxış etdiklərini bildirib:

“Yarışın səviyyəsi yüksək, komandalar güclü idilər. Azərbaycan millisi bu yaş qrupunda ilk dəfə II mərhələyə vəsiqə qazanmışdı. Getdikcə daha yaxşı oynamağa başladıq. Avstriya qrupda ikinci yeri tutdu. Amma biz bu rəqibdən set almağı bacardıq. Uşaqlar mübarizə apardılar. Buna baxmayaraq, rəqib oyunçular ucaboy, fiziki cəhətdən üstün, həm də təcrübəli idilər”.

O, yarışda hədəfin rəqibləri tanımaq və gələcək planları buna uyğun qurmaq olduğunu söyləyib:

“Komandanı yeni formalaşdırmışıq. Azərbaycan Voleybol Federasiyası Regional Voleybol Klubları yaratdı və müxtəlif yaş qrupları üzrə yarışlar keçirdi. Bu uşaqları da həmin yarışlardan fiziki özəlliklərinə əsasən seçmişik. Komanda təxminən bir ay birlikdə məşq etmişdi. Bəziləri voleybola yeni başlamalarına baxmayaraq, perspektiv vəd edirlər. Yarışda məqsəd rəqiblərimizi tanımaq, güclərini görmək və gələcək planlarımızı buna əsasən qurmaq idi”.

Baş məşqçi heyətdə dəyişikliklər olacağını nəzərə çatdırıb:

“Hazırda təxminən 6-7 perspektiv vəd edən voleybolçumuz var. Onların sayını artırmağa çalışırıq. Gələcəkdə U-18-lərin yarışına gedəcəyik. Federasiya tərəfindən bu uşaqların diqqətdə saxlanılmasına qərar verilib. İyundan etibarən 2027-ci ilə qədər komanda şəklində mütəmadi hazırlıqlar keçəcəklər. Ümid edirəm ki, həmin vaxta qədər rəqiblərimizə çatarıq və fərqli nəticələr görərik”.

O, U-16-dan əlavə daha iki yığma hazırladıqlarını vurğulayıb:

“Eyni zamanda üç komanda hazırlayırıq. Qızlardan ibarət 2008-2009 təvəllüdlü voleybolçular Az'rbaycanda keçiriləcək MDB Oyunlarına hazırlaşırlar. 2009 və daha yuxarı təvəllüdlülər isə noyabrda EEVZA yturnirində iştirak edəcəklər. Hazırlıqlar üçün Sumqayıt Olimpiya İdman Kompleksinin zalını seçmişik. Səhər və axşam məşq edəcəklər. İlk məqsədimiz MDB Oyunlarına tam fərqli komanda çıxarmaqdır. Ümid edirik ki, federasiyanın bizə göstərdiyi etimadı doğruldacağıq və fərqli nəticələr göstərəcəyik”.

Qeyd edək ki, U-16 Avropa çempionatının ikinci təsnifat mərhələsində Estoniya (0:3), İspaniya (0:3) və Avstriya (1:3) millilərinə məğlub olub.

Seçilən
0
50
report.az

10Mənbələr