“Borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Elçin Mirzəbəyli deyib.
Milli Məclisin üzvü bildirib ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericiliyin istisna halları nəzərə alması son dərəcə vacibdir:
“Mülki Prossesual Məcəllənin 231.3-1-ci maddəsində qeyd olunur ki, “Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır”.
Hesab edək ki, borclu şəxsin məhkəmə qərarından 1 gün sonra ailə üzvlərindən biri ölkədən xaricdə vəfat edib və o doğmasının dəfnində iştirak etmək, yaxud cənazəsini ölkəyə gətimək üçün ölkə xaricinə getməlidir. Bu halda, yəni istisna hal kimi hansı hüquqi prosedurlar və necə həyata keçirilməlidir?
Cinayət Məcəlləsinin 78-ci maddəsinə görə, şəxs ağır xəstəliyə düçar olduqda o, cəzadan azad oluna bilər. Yəni burada cinayətdə ittiham olunan, yaxud cinayət törətdiyi sübuta yetirilmiş şəxsin cəzadan azad olunmasından gedir. Düşünürəm ki, əgər cinayət törətmiş şəxsə münasibətdə humanizm nümayiş etdirilirsə, borclunun müstəsna hallarda, təcili ehtiyac duyulduqda ölkəni tərk etməsinə imkan yaradılmaması hüququn fəlsəfəsinə ziddir. Qənaətimə görə, bu məsələnin həllinə İcra haqqında qanunun 84-1-ci maddəsinə müvafiq əlavə etməklə nail olmaq mümkündür”.
O qeyd edib ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericilik istisna halları nəzərə almalı və insanların hüquqlarını, humanitar prinsipləri qorumaq məqsədilə xüsusi hallarda operativ məhkəmə qərarı ilə şəxsin ölkəni tərk etməsinə icazə verilməlidir.
Günay Şahmar, Bizim.Media