Son vaxtlar sosial şəbəkədə elmlər doktoru dərəcəsinin ləğvi, elmi təhsilin birpilləli olması ilə bağlı müzakirələr gedir. Bəzi elm adamları bu sahədə islahat aparılmasını zəruri hesab edir və ikipilləli təhsilin gərəksiz olduğunu bildirirlər.
Maraqlıdır, bu məsələ reallaşa bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova bildirib ki, bu barədə uzun mddətdir müzakirələr gedir və müxtəlif fikirlər səsləndirilir:
“Deyilir ki, elmi müdafiə birpilləli olsun. Mən də bunun tərəfdarıyam. Məncə də alimlərimizi belə formal məsələlərdən kənarda saxlamaq daha yaxşı olardı. Amma hələlik bu məsələ söz olaraq qalır. Parlamentdə müzakirə olunması ilə bağlı bir fikir yoxdur”.
Deputatın fikrincə, burda bir məqama xüsusi diqqət etmək lazımdır:
“Buna qədər olan elmlər doktoru adını necə ləğv eləmək olar? İndiyədək neçə-neçə müdafiə edənlər olub. Onların böyük zəhməti, əziyyəti var. Bu elə-belə qazanılan bir şey deyil axı... Bundan sonrakı mərhələ üçün bu haqda düşünmək, digər ölkələrdəki kimi müdafiənin birpilləli olmasını təmin etmək olar. Alim ondan sonra öz yazısını yazsın, tədqiqatını aparsın, araşdırmasını ortaya qoysun".
E.Akimova qeyd edib ki, o və həmkarlarm bu məsələni Elm və Təhsil Komitəsinin iclaslarında bir neçə dəfə gündəmə gətiriblər:
"Çünki bu mövzuda mənə də xeyli sual ünvanlayırlar. Mən də, Sevinc xanım Fətəliyeva da bu haqda dəfələrlə demişik. Bildirmişik ki, alimlər bu məsələ ilə bağlı narahatdırlar, buna aydınlıq gətirilməlidir. Elə Akademiyada da ən çox soruşulan suallardan biri budur ki, hətta müdafiə prosesində olanlar, elmlər doktorluğu üzrə iş götürənlər bilmirlər yazıb işlərini davam etdirsinlər, ya yox. Çünki burda həm də texniki məsələlərdən söhbət gedir. Alimin əsəri onun qazancıdır.
Araşdırma aparıb sonunda bir kitab çıxarır. Amma müdafiə prosesinin texniki tərəfləri də var.
Xaricdə kitab çap etdirmək, filan qədər xarici ölkə resurslarında elmi məqalələr çıxarmaq. Belə şeylər axı alimi yorur. Ona görə də bu məsələ bir çaşqınlıq yaradır. Düzdür, hələlik bu yöndə məsələ müzakirəyə çıxarılmayıb”.
“Müzakirə mövzusu deyil”
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov isə bu məsələnin ümumiyyətlə, gündəmdə olmadığını bildirib:
“Elmlər doktoru dərəcəsinin ləğvi və müdafiənin birpilləli olması yönündə heç yerdə müzakirə getmir. Jurnalistlər bunu yazırlar. Amma konkret olaraq hansı dövlət qurumunda bu məsələ müzakirə olunur, belə bir şey yoxdur. Bir də elmlər doktoru dərəcəsinin ləğv edilməsi harda müzakirə oluna bilər? Belə bir şey yoxdur və bu haqda düşünməyə də ehtiyac yoxdur.
Parlamentdə də belə müzakirə gedə bilməz. Parlament qanunverici orqandır. Kimsə elmi dərəcə alıbsa, elmlər doktorudursa, bir vəzifəsi varsa, parlament bu məsələni müzakirə eləmir ki?!
Ümumiyyətlə isə gələcəkdə "Ali təhsil haqqında" qanun qəbul olunacaqsa, orada bəli, doktoranturanın ikipilləli yox, birpilləli olması məsələsi müzakirə oluna bilər. Sonra o layihə qanun şəklinə çevrilə bilər. Ancaq sizin dediklərinizin heç biri nə Milli Məclisdə müzakirə olunur, nə də başqa qurumların bu məsələ ilə söz deməyə hüququ, haqqı var”.
Rəna Cumaqızı, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta