Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Respublikasının xarici siyasət doktrinasında qonşu dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi hər zaman prioritet istiqamətlərdən biri olub. Bu siyasətin əsas dayaq sütunları Türkiyə ilə qardaşlıq və müttəfiqlik, Rusiya ilə strateji əməkdaşlıq, Gürcüstanla tərəfdaşlıq və qonşu İranla mehriban qonşuluğa əsaslanan münasibətlərdir. İran İslam Respublikasına münasibətdə mehriban qonşuluq prinsiplərinin önə çəkilməsi, istisnasız olaraq, rəsmi Bakının təmkinli, uzaqgörən və milli maraqlara söykənən siyasətinin nəticəsidir. Azərbaycan geridə qalan zaman kəsiyində xalqımızın və dövlətimizin mənafeyinə zidd bütün neqativ təzahürlərə baxmayaraq, qonşu ölkələrlə, o cümlədən İranla yaxın qonşuluq münasibətlərinin qorunub saxlanılması, əlaqələrin genişləndirilməsi üçün bütün mümkün addımları atıb və əməldə regionun gələcəyini düşünən məsuliyyətli bir dövlət kimi davrandığını sübuta yetirib.
Azərbaycanın milli maraqlarını əsas götürən və regionda sabitlik üçün strateji baxış ortaya qoyan siyasətimiz qonşu dövlətlərlə qarşılıqlı etimad və əməkdaşlıq ruhuna əsaslanır. Bu baxımdan İranla münasibətlərə dair yanaşmamız da müstəqil və uzaqgörən xarici siyasətimizin tərkib hissəsidir.
Məhz bu xüsusda İran İslam Respublikasının Prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.
Ortaq tarix, mədəniyyət, milli dəyərlər, qohumluq bağları və coğrafi yaxınlığın Azərbaycan-İran münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək üçün əlverişli zəmin yaratdığını bildirən deputat hazırkı geosiyasi şəraitdə bu fürsətin daha da aktuallaşdığını qeyd edərək deyib: “İran Prezidentinin səfəri məhz bu baxımdan tarixi fürsət kimi qiymətləndirilə bilər. Azərbaycan və İran prezidentlərinin bir-birinə “əziz qardaşım” deyə xitab etməsi isə iki ölkə rəhbərləri arasında olan səmimi münasibətlərin göstəricisidir. Bu, sadəcə, diplomatik nəzakət deyil, eyni zamanda, gələcək əməkdaşlığın ideoloji və mənəvi təməlini göz önünə sərgiləyən dostluq, qardaşlıq nümunəsidir.
Regionda və dünyada baş verən dəyişikliklər fonunda Azərbaycan rəhbərliyi İranla münasibətlərin inkişafına xüsusi önəm verir. Bu münasibətlər, ilk növbədə, xalqımızın vahid milli dəyərlərini ifadə edən və Azərbaycan lideri üçün bütün məqamlarda prioritet sayılan prinsiplərə əsaslanır.
Azərbaycan hər zaman İranın daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb. Azərbaycan diplomatiyasının əsas mövqeyi-müxtəlif siyasi sistemlərin dinc yanaşı yaşaması, qarşılıqlı hörmət və mehriban qonşuluq – İranla münasibətlərin əsas dayağıdır.
İranın 12 ölkə ilə quru sərhədi var, lakin ən sabit və etibarlı sərhəd Azərbaycanladır. 2020-ci il Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin Xudafərin səfəri və burada körpünü “Dostluq körpüsü” adlandırması bu münasibətlərin dərin rəmzi ifadəsi kimi dəyərləndirilir.
Məlum olduğu kimi, Azərbaycan müharibədən sonra regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Xüsusilə 3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan + İran, Rusiya, Türkiyə) regional sabitliyin və iqtisadi inkişafın açarı kimi nəzərdə tutulur. Eyni zamanda Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatlarının davam etdirilməsi Prezident İlham Əliyevin uzaqgörən diplomatiyasının nümunəsidir. Bu görüşlərdən 2016-cı ildə Bakıda və 2017-ci ildə Tehranda keçirilən Zirvə toplantıları strateji dialoqun mühüm mərhələləri hesab oluna bilər”.
Elçin Mirzəbəylinin fikrincə, Azərbaycanın Avrasiya məkanındakı geoiqtisadi mövqeyi gündən-günə güclənir. Şimal-Cənub Nəqliyyat Dəhlizi, Bakı-Qusar istiqamətində yeni yollar, Kəlalə-Ağbənd layihəsi və onun Araz dəhlizi kontekstində leksikona daxil olması Azərbaycanı Fars körfəzi ilə Qara dəniz arasında önəmli körpüyə çevirir. Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu isə bu tranzit imkanlarını daha da genişləndirir.
Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayan deputat əlavə edib: “Azərbaycanın artan enerji gücü, xüsusilə bərpaolunan enerji sahəsində imkanları bu əməkdaşlığa əlavə dəyər qatır. Azərbaycan, İran və Rusiya arasında regional enerji bazarının yaradılması real perspektiv olaraq önə çıxır. Bununla yanaşı, Rəşt-Astara dəmir yolunun tikintisi və Azərbaycanın dəmiryolu infrastrukturunun yenilənməsi regionda nəqliyyat və logistika baxımından ciddi canlanmaya səbəb olacaq. Azərbaycanın Rusiya və Türkiyə ilə ticarət dövriyyəsi son illər ərzində əhəmiyyətli dərəcədə artsa da, İranla dövriyyə bu tempə uyğun gəlmir. Bu sahədə əməkdaşlıq imkanları böyükdür və yaxın gələcəkdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, çox güman ki, prioritet istiqamətlərdən biri olacaq”.
E.Mirzəbəyli bildirib ki, İran və Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), D8, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq edir. Bu platformalar iki ölkənin regional və beynəlxalq miqyasda mövqelərinin yaxınlaşması üçün əlavə imkanlar yaradır.
“Azərbaycan dövləti regionda dialoqun, əməkdaşlığın və qarşılıqlı etimadın tərəfdarıdır. İranla münasibətlərin bu yeni mərhələsi həm xalqlarımızın rifahına, həm də Cənubi Qafqazda dayanıqlı sabitliyə xidmət etməlidir. Biz nəinki bu istiqamətdə siyasi iradəyə, eyni zamanda, praktik resurslara da malikik. Söhbət təkcə diplomatik jestlərdən deyil, konkret layihələr, strateji kommunikasiyalar və ortaq iqtisadi maraqlardan gedir. Bu baxımdan İranla münasibətləri inkişaf etdirməklə Azərbaycan qonşularla balanslı və milli maraqlara əsaslanan münasibətlər modelini də inkişaf etdirir.
Bütövlükdə isə, İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluğun, qarşılıqlı hörmətin və əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Bu səfər təkcə diplomatik jest deyil, həm də regional sabitliyin və iqtisadi inkişafın təməl daşı ola bilər. Azərbaycan isə bu münasibətləri qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığa çevirmək üçün bütün resurslara və siyasi iradəyə malikdir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.