XOCALI, 1 may. TELEQRAF
Əsgərən-Xocalı yolu üzərində aşkarlanan kütləvi məzarlıqdakı insan qalıqlarının çox hissəsinin qadınlara aid olduğu ehtimal edilir.
Teleqraf xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, beynəlxalq hüquqa görə, insanların girov götürülməsi qadağan olunsa da, burada insanlar girov götürülməklə yanaşı işgəncələrlə qətlə yetirilib:
"Onlar qətlə yetirildikdən sonra burada kütləvi şəkildə dəfn olunub. Azərbaycan tərəfi uzun müddət həm Xocalı soyqırımı zamanı, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin araşdırılması ilə bağlı beynəlxlaq təşkilatların vasitəsi ilə Ermənistana sorğular göndərib. Bu insanların taleyi ilə bağlı faktları Ermınistan tərəfi gizlətməyə dacam edir".
Onun sözlərinə görə, aşkarlanan meyit qalıqlarında zorakılıq izləri aşkar görünür:
"Onların ayaq, əl və kəllə sümüklərində küt alətlərlə vurulmuş zədələr var. Meyit qalıqları üzərində işgəncə izləri aşkar görünür. Geyimlərdən aşkar görünür ki, bu qalıqlar mülki şəxslərə aiddir. Mütəxəssislərin rəyinə görə, onların arasında qadınlar çoxluq təşkil edir. Qazıntı prosesi davam edir. Ola bilsin ki, yerin aşağı laylarında yenə meyit qalıqları tapılsın"