Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum yenidən ictimai gündəmə gələn Kanal İstanbul layihəsi ilə bağlı qiymətləndirmələr edib. AKP-nin TBMM qrup toplantısı öncəsi mətbuat mənsublarının suallarını cavablandıran Kurum, "İstanbul Kanalı ilə bağlı gündəmimizdə heç bir məsələ yoxdur" deyib.
Hafta.az-ın yazdığına görə, CXP sədri Özgür Özəlin Kanal İstanbul layihəsinin mənzil tikintisi və ərəbcə reklamlarla birlikdə yenidən gündəmə gətirilməsi ilə bağlı iddialarına cavab verən Kurum, "Mənzilin Kanal İstanbulla heç bir əlaqəsi yoxdur. Bu iş evi olmayan vətəndaşlarımızın ev sahibi olması üçün aparılır" deyib.
Nazir, evlərin ərəblərə satılmasına dair iddiaları da təkzib edərək, "Dediklərinin əksinə olaraq, ərəblərə və başqa ölkə vətəndaşlarına ev satılmayıb. Evləri alanların hamısı Türkiyə vətəndaşıdır" deyə bildirib. Layihənin Kanal İstanbul-la heç bir əlaqəsinin olmadığını vurğulayan Kurum, müxalifətin açıqlamalarının ciddi qəbul edilməməsi lazım olduğunu vurğulayıb.
Kanal İstanbul vasitəsilə siyasi polemika yaratmaq cəhdlərinin edildiyini bildirən Kurum, "Bu cəhd millətimizin gözündə qarşılıqsız qalacaq. Gündəmimiz millətimizə verdiyimiz vədləri yerinə yetirməkdir" deyərək müxalifətin iddialarını rədd edib.