AZ

Qazaxıstanda Xalqın Birliyi Günü qeyd olunur

Astana, 1 may, AZƏRTAC

Mayın 1-də Qazaxıstan Xalqın Birliyi Gününü - respublikada yaşayan yüzdən çox etnik qrupun nümayəndələri arasında sülh, harmoniya və dostluğun rəmzi olan bayramı təntənəli şəkildə qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu bayram 1996-cı ildə təsis edilib.

Milli Statistika Bürosunun 2025-ci il aprelin 1-nə olan məlumatına görə, Qazaxıstan əhalisinin sayı 20 milyon 316 min 155 nəfər olub. Ölkədə 124 etnik qrupun nümayəndəsi yaşayır ki, onların arasında 15 millət daha çoxluq təşkil edir.

Bayram şərəfinə respublikanın hər yerində genişmiqyaslı tədbirlər keçirilir. Şəhərlərdə festivallar, konsertlər, müsabiqələr təşkil olunur, burada hər bir etnik qrup öz adət-ənənələrini, mədəniyyətini, yaradıcılığını nümayiş etdirə bilir.

Astanada Xalqın Birliyi Gününə həsr olunmuş bayram marafonunda üç mindən çox insan iştirak edib. İştirakçılar arasında peşəkar idmançılardan sağlam həyat tərzinin tərəfdarlarına qədər müxtəlif yaş və millətlərdən olan insanlar var. Tədbirin əsas məqsədi dostluq, qarşılıqlı anlaşma və aktiv həyat tərzinin vacibliyini təşviq etməkdir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
0
azertag.az

1Mənbələr