2025-ci ilin ilk üç ayında Azərbaycanda valyuta satışlarında ciddi artım qeydə alınıb. Dövlət Neft Fondu tərəfindən 2 milyard 420,6 milyon dollar satış həyata keçirilib. Maraqlısı odur ki, bu məbləğin 64,3 faizi cəmi 13 iş günü olan mart ayında satılıb. Valyutaya bu qədər tələbatın birdən-birə artması “dollar bahalaşa bilərmi?” sualını aktuallaşdırır. Məsələni dəyərləndirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Ajans.az”a söyləyib ki, Mart ayında Azərbaycanda dollara tələbatın artması təbii qəbul olunmalıdır:
‘’Bu dövrdə yaz-yay mövsümünə hazırlıqla bağlı olaraq idxalçılar tərəfindən xarici valyutaya olan ehtiyac artır. Xüsusilə qeyri-iş günlərində ticarət daha aktiv xarakter daşıyır və bu da dollar alışına təsir göstərir. Bundan əlavə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi və ölkədə dolların bahalaşacağı ilə bağlı yayılan xəbərlər də valyutaya olan tələbi artıran əsas səbəblərdən biridir. Azərbaycandan xarici ölkələrə gedən əsas valyuta axını, adətən, iri investisiya layihələri çərçivəsində idxal olunmalı sənaye məhsulları və tikinti materiallarının alınması ilə bağlıdır. Xüsusilə Şərqi Zəngəzur və Qarabağ bölgələrində aparılan genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işləri çərçivəsində bu cür məhsullar əsasən xaricdən dollarla idxal edilir. Qeyd edək ki, dövlət büdcəsinin böyük bir hissəsi məhz bu istiqamətdəki layihələrin maliyyələşdirilməsinə yönəldilib’’. Ekspert vurğulayıb ki, bütün bu amillər nəticəsində mart ayında dollar satışları yüksəlib: ‘’Lakin bu artımın dolların məzənnəsinə təsir edəcəyi düşünülmür. Mərkəzi Bankın açıqladığı strateji yol xəritəsində də göstərilir ki, yaxın aylarda dolların məzənnəsində ciddi dəyişiklik gözlənilmir. Dövlət Neft Fondunun valyuta ehtiyatları kifayət qədər yüksəkdir və bu, bazarda dollar tələbatını qarşılamağa tam imkan verir. Bu səbəbdən bazarda tələb və təklif arasında disbalans, eləcə də qiymət artımı gözlənilmir’’.