Bakı, 1 may, AZƏRTAC
Ölkədə aparılan sistemli hüquqi və institusional islahatlar prokurorluğun fəaliyyətinə birbaşa təsir edir və bu çərçivədə rəqəmsallaşma, şəffaflıq və süni intellekt texnologiyalarının tətbiqi prioritetə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
O, Azərbaycan prokurorluğunun qarşısında duran əsas vəzifələr və strateji hədəflər barədə məlumat verib. K.Əliyev “Elektron Prokurorluq” informasiya sisteminin tətbiqinin artıq nəticə verdiyini, cinayət icraatlarının çevikliyinin və vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynadığını qeyd edib. Eyni zamanda, süni intellekt texnologiyalarının hüquq sisteminə inteqrasiyası ilə bağlı addımların atılacağı mesajını verib. Bu istiqamətdə həyata keçiriləcək islahatların Azərbaycan prokurorluğunu daha çevik və müasir idarəetmə modelinə yönəldəcəyi bildirilib.
Baş prokuror, eyni zamanda, hüquq-mühafizə orqanları arasında koordinasiyanın gücləndirilməsinə, korrupsiya ilə mübarizənin sistemli şəkildə davam etdirilməsinə və gənc hüquqşünasların yetişdirilməsi məsələlərinə də toxunub. Bildirib ki, bu, Azərbaycan hüquq sistemində insan resurslarının inkişafına verilən önəmin göstəricisi kimi qiymətləndirilə bilər.