“Həyatımda etdiyim heç nəyə görə peşman deyiləm. Bir daha da dünyaya gəlsəydim eyni xəttlə yaşayardım. Yenə də dünyaya gəlsəydim televiziyanı seçərdim. Televiziya mənim həyatımdır. Həyatımın ən gözəl hissəsidir. Həyatımın geridə qalan hissəsini doğmalarımla keçirmişəm. Hətta o vaxtlar məni bir çox yerlərə dəvət edəndə belə çalışırdım ki, vaxtımı boşuna keçirməyim. Hər zaman çalışırdım ki, valideynlərimi daha çox görüm, onlara zaman sərf edim. Ona görə də ailəm mənim üçün həmişə önəmli olub. Mən ən böyük varlığımı-anamı itirmişəm. Amma fikirləşirəm ki, onu doya-doya gördüm. İşdən çıxanda o qədər sevinclə gedib onu evə gətirirdim ki.. Sanki sevgilimin, ən gözəl varlığımın arxasınca gedirmiş kimi.. Həqiqətən də belə idi. Bu illərlə belə davam etdi. Bu gün bir çox insanlar deyir ki, kaş valideynimlə daha çox zaman keçirərdim, onlara daha çox vaxt ayırardım. Mən bunu etmişəm deyə “kaş” demirəm. Kariyera baxımından da lazım olan yerdəyəm. Dövlət tədbirlərinin, məsuliyyətli layihələrin aparıcılığını edirəm. İstədiyim yerdəyəm”

Bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Günay Firudinqızı deyib. O daha sonra əlavə edib:
“Əgər hansısa bir quyuya düşmüşəmsə də, bu quyuya özüm düşmək istəmişəm deyə düşmüşəm. O quyunun dibini də yaşamaq istəmişəm. Fikirləşirəm ki, illərimi əbəs yerə yaşamamışam. “Kaş” deyəcəyim sözlərim çox deyil. Mən hər zaman qonaqlarımdan müsahibə alanda “kaş” sözünü çox eşidirdim. Fikirləşirdim ki, mən heç vaxt “kaş” deməyəcəm. Bəzən olur nəyəsə “kaş” deyirəm. Amma o da mənə qalsın. Həyatımda hər şey istədiyim kimidir. İstərsəm Allahdan istərəm. O da mənə nəsib edər bunu. Verərsə nemətimdir, verməzsə hikmətim. Heç kimə pisliyim dəyməyib. Bundan sonra da həyatıma daha da kamilləşmiş bir insan olaraq davam edirəm. Niyə kamilləşmiş dedim? İnsan həyatın müəyyən hissəsini geridə qoyanda daha təcrübəli olur. Daha çox anlayır və daha çox şey onun üçün sadələşir” deyə Günay Firudinqızı bildirib.
Tanınmış teleaparıcı informasiya bolluğunun əksər hallarda insanlara zərərli olduğunu da bildirib:
“Düşünmürəm ki, hər şey belə olacaq. Televiziyalar mütləq cəmiyyətin kübar güzgüsü olaraq sosial şəbəkəni geridə qoyacaqlar. Çünki sosial şəbəkə insanların həyatını o qədər sürətləndirib ki.. İnsanları o qədər neqativə yükləyir ki.. Şəxsən mənə də neqativ verir. İnsanlar buna tab gətirməyəcəklər.. Hər şeyin öz dəbi var. Geyindiyimiz geyimlər belə illər keçəndən sonra dəbə düşür. Düşünürəm ki, müəyyən bir dövr üçün sosial şəbəkələr yaşayır. Televiziyaya dönüş kütləvi şəkildə olacaq. Buna əminəm. Bir müddət əvvəl sosial şəbəkəni tərk etmişdim. Hər an bu addımı yenidən ata bilərəm. İnsanların bilməməsi lazım olan o qədər mövzunu onlara çatdırırlar ki.. Bəlkə də həmin hadisə 2 əsr sonra olacaq amma indidən insanların həyatını məhv edirlər. Televiziya hər şeyi ölçüb-biçir. Zaman gələcək ki, insanlar rahat yaşamaq üçün sosial şəbəkədən imtina edəcəklər. Kim nə istəyirsə paylaşır, bir-birinə söyləyir, müzakirə edir. Məsələn, marsdan görüntülər paylaşırlar.. O görüntülərin nə dərəcədə real olub-olmadığını bilmirəm. Amma həmin görüntüləri izləyəndən sonra həyat gözümdə o qədər adiləşir ki.. O dəqiqə neqativə yüklənirəm.. O görüntülər mənə çox pis təsir edir. Özümü bu dünyanın bir parçası olaraq görmürəm. Əlim soyuyur dünyadan. Özümün hara aid olduğumu hiss edə bilmirəm. Niyə bu paylaşılır ki? Hər kəsin zəkası bunu qavrayırmı? Əlbəttə ki, yox! Bu dünya o qədər ağırdır ki.. Biz bu dünyanı necə yaşayırıq? Özümüzü aldadaraq, nəsə mükafatlandıraraq.. Həyatın yüngül tərəflərindən yapışırıq, dərinə getmirik. Dərinə getsən batarsan. İnsan bilmək istədiyi qədər bilməlidir. Məsələn, o dövrdə Yuri Qaqarin kosmosa uçmuşdu. Bu mövzular o vaxtı da bəlli olub. Sadəcə olaraq insanların bilməli olduğu qədər məlumat veriblər. Bu da onları xoşbəxt edib. İnsanları o qədər yükləyirlər ki, həyatdan zövq alıb, həyatın dadını çıxara bilmirlər” deyə o bildirib.

Günay Firudinqızı bildirib ki, bu illər ərzində bir çox müəllif layihələri, verilişləri olsa da “Geriyə baxanda” verilişi onu insanlara fərqli bucaqdan təqdim edib:
“ “Geriyə baxanda mənim üçün könül zirvəsindədir. Çünki dəvət etdiyim insanların təcrübələri adama çox təsir edir, onun baxış bucağını dəyişir. Baxır sən onu necə yaşayırsan? Bir veriliş kiminsə əyləncəsi ola bilər, kimin üçünsə ürəyinin ən gözəl yeri. Bu mənim ürəyimin ən gözəl yeridir. Özəlliklə də insanlar dəyərləndirir. Əvvəlki verilişlərimi xatırlayırlar.. “Geriyə baxanda” bir növ mənim üçün pasport rolunu oynayır. Ona görə də mən varamsa həmişə bu veriliş olacaq. Bu verilişə ehtiyac da var. İnsanlar nə qədər əyləncə tərəfdən yanaşa bilərlər? Bu ölkənin akademiki, professoru, müəllimi, o qədər ziyalısı var ki.. Bunları işıqlandırmaq lazımdır. İnsanlar müğənniyə baxıb müğənni olmalı deyil ki.. Səsi olan da, olmayan da müğənniliyə iddialıdır. Akademikə baxıb elmi tərəfə yönələn insanlar da olmalıdır. Bu sahələrin təbliğatıdır mənim verilişim. Ona görə də bu veriliş mənim könlümün zirvəsində, ən gözəl yerindədir” deyə aparıcı bildirib.
Günay Firudinqızı müasir aparıcıların heç nədən səs-küy yaratması, hansısa mövzuları gündəmə gətirməsi sualına bu cür cavab verib:
“Mən Gülbən Ərgəni ümumiyyətlə çox sevirəm. Ötən dəfə instaqramda gördüm ki, Gülbən Ərgən Yaponiyaya gedib. Əlində dönər yeyə-yeyə yolu keçir. Az qalırdı ki, maşın onu vursun. Öz-özümə fikirləşdim ki, bu Gülbən Ərgəndir? Gündəm yaratmaq üçünmü, nə üçünsə bilmirəm, amma Yaponiyada maşın onu vuracaqdı. Bu videonu görəndən sonra mən aparıcıları qınamadım. Bizim aparıcılarımız çox səliqəli, işini biləndir. Əlbəttə ki, söhbət peşəkarlardan gedir. Aparıcılarda bir səliqə səhman görürəm. İndi adi insanlar aparıcıları min dəfə arxada qoyublar” deyə o bildirib.