ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gələndən bəri bir sıra ciddi maneələrlə üzləşib.
Məhkəmələr tərəfindən ləğv edilən qərarlar
Onun verdiyi bir sıra qərarlar mərkəzi və yerli məhkəmələr tərəfindən qanunsuz elan edilərək rədd edilib. Hələ fevral ayında Kolumbiya dairəsi federal məhkəməsi Trampın administrasiyasını ABŞ-nin digər ölkələrə əvvəllər dayandırılmış yardımını müvəqqəti olaraq bərpa etməyə məcbur edib.
Sənəddə vurğulanıb ki, Vaşinqton administrasiyası məsələyə dair hərtərəfli izahat verməyib. Qərara əsasən, dəymiş zərərin miqyasının artmasının qarşısını almaq üçün ABŞ hakimiyyəti məhkəmə araşdırması müddətində yardım göstərilməsinə qoyulan qadağanı ləğv etməlidir. Söhbət ABŞ-nin digər ölkələrə yardım göstərməsi ilə əlaqədar müxtəlif ABŞ təşkilatları və şirkətlərinə dəyən zərərdən gedir.
Başqa bir tərəfdən, aprelin 22-də ABŞ Federal məhkəməsi Tramp administrasiyasının "Amerikanın Səsi" (VOA), “Azad Asiya Radiosu" və "Yaxın Şərq Yayım Şəbəkələri" kimi hökumət tərəfindən maliyyələşdirilən media qurumlarını bağlamaq cəhdlərini dayandırmaqla bağlı da qərar çıxarıb. Qərara əsasən, işçilər öz vəzifələrinə bərpa edilməli və qurumun yayımının davam etməsi üçün bütün zəruri tədbirlər görülməlidir.
Bundan əlavə, məhkəmə tərəfindən Trampın Salvadordan gələn bir miqrantın deportasiya edilməsi qərarı da ləğv edilib.
Bu yaxınlarda isə bir qrup hüquq müdafiə təşkilatı, ticarət-sənaye birlikləri və podratçı təşkilatlar tərəfindən Tramp administrasiyasına qarşı iddia qaldırılıb. Onlar xarici yardımın dondurulmasının tam ləğvini tələb edirlər. İddiaçılar Tramp administrasiyasının qəbul etdiyi tədbirlərin onlara ciddi ziyan vurduğunu bildiriblər.
Eyni zamanda, ABŞ-da Trampa qarşı impiçment məsələsi də gündəmə gəlir. Bu məsələ artıq Nümayəndələr Palatasına təqdim edilib. Bu barədə Miçiqan ştatından olan konqresmen Şri Tanedar bildirib.
"Mən Prezident Trampın impiçmenti ilə bağlı maddələri təqdim etdim. Tramp Konstitusiyanı, Konqresi və məhkəmələri nəzərə almır, demokratiyanı təhlükə altına qoyur", - konqresmen yazıb.
Bu fonda Trampın bir çox silahdaşları onu tərk etməyə başlayırlar. Buna misal olaraq, İlon Maskın Trampı tərk etməyə hazırlaşdığını göstərmək olar.
Bütün bunlar fonunda ABŞ xaosa sürüklənə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi ekspert Abutalıb Səmədov bildirir ki, ABŞ kimi oturuşmuş dövlətdə xaosun olacağını inandırıcı görünmür:
“ABŞ Prezidenti Tramp 100 gün ərzində ictimaiyyətlə işlədi. Daim mətbuatın gözünün önündə oldu, onların suallarından qaçmadı. Aktiv şəkildə sülhün təmin olunmasına cəhdlər göstərdi. Amerikanın iqtisadi maraqlarını hər şeydən üstün tutduğunu açıq şəkildə ortaya qoydu. Bu müstəvidə miqrantları çıxarmaq cəhdləri etdi. Amerika dövlət aparatındakı şişirtmənin fəsadlarını aradan qaldırmağa çalışdı. Özünün bildiyi lazımsız strukturları ləğv etdi.
Yəni onun 100 gün ərzində gördüyü işlər arasında kifayət qədər müsbət işlər də vardır. Bu isə təbii ki, müəyyən adamları razı salmır. Həmin etirazların da bir çoxu ola bilsin, haqsız etirazlar deyil. Ancaq əsas məsələ odur ki, Tramp çalışır. Hər gün gördüyü işlərlə bağlı hesabat verir. Hesab edirəm ki, ABŞ kifayət qədər oturuşmuş dövlət olduğundan orada xaos ehtimalı yoxdur”.
Ekspert güman edir ki, yaxın vaxtlarda mövcud problemlərin bir çoxu həll olunacaq:
“Ukrayna Rusiya müharibəsilə bağlı da ola bilsin müəyyən nəticələr əldə edilsin. Hərçənd ki, bu çox çətindir. Dünyanın əksər ölkələrinə qarşı tətbiq edilən rüsum savaşı da yaxın zamanlarda nizama salınacaq. Danışıqlar gedir və bu da müəyyən nəticələrin olacağına inam yaradır.
Bütövlükdə götürsək, Tramp avantürüst olsa da, bəzən istədiyini nəyin bahasına olursa-olsun reallaşdırmağa çalışsa da, müəyyən bəyanatlarla Putini xatırlatsa da, bütün hallarda o, çalışqandır. Öz dövləti üçün nəsə etmək istəyir və atdığı addımlarda kifayət qədər müsbətləri də var. Bu səbəbdən ABŞ-da xaos və Trampın impiçmenti də gözlənilmir”.
Rüfət Sultan, Bizim.Media