Bu il 30 min əfqan zəvvar Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək. İlk 230 nəfərlik qrup artıq dünən müqəddəs torpaqlara yola düşüb.
Hafta.az-ın “Khaama”ya istinadən yazdığına görə, “Taliban” administrasiyası transferlərin başladığını elan edib. Açıqlamaya görə, zəvvarların daşınmasını iki milli aviaşirkət – Ariana Afghan Airlines və Kam Air həyata keçirəcək. May ayında onlar Həcc ziyarəti üçün kvota almış 30 min əfqanı Səudiyyə Ərəbistanına çatdırmaq üçün 97 uçuş həyata keçirəcəklər.
Zəvvarların maddi-texniki təminatının təşkili və idarə olunmasını sadələşdirmək üçün müxtəlif vilayətlərdə xüsusi Həcc koordinasiya mərkəzləri yaradılıb.
Həcc ziyarətinin qiyməti hər zəvvar üçün 3924 dollar müəyyən edilib.
2025-ci ilin Həcc mövsümü mayın ortalarında başlayacaq və iyunun sonuna qədər davam edəcək.
Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanı Mərkəzi Asiyada ən çox kvotanı Özbəkistana - 15 min, Tacikistana - 7 min, Qazaxıstana - 4,5 minə, Qırğızıstana - 6,06 minə ayırıb.
Türkmənistana nə qədər yer ayrıldığı məlum olmasa da, keçən il 289 zəvvarın ziyarətə getməsinə icazə verildiyi məlumdur.
Bu arada, Həcc ziyarəti üçün Rusiyaya 25 min kvota ayrılıb.