BAKI, 1 may. TELEQRAF
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım TDT üzvləri Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Türkmənistanın Cənubi Kiprdə səfirlik açmaq qərarına münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Nefes” qəzeti məlumat yayıb.
“Bu ölkələr (90-cı illərdə) müstəqillik əldə etdikləri dövrdə Cənubi Kipri tanıyıblar. Hazırda görünən odur ki, əvvəllər digər paytaxtlardan apardıqları diplomatik və konsulluq işlərini Cənubi Kiprdə açacaqları nümayəndəliklərdən birbaşa idarə edəcəklər. Həmin dövlətlər Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusunu da qəbul ediblər. Bu, çox mühüm bir addımdır və bu dövlətlərin Türkiyə və ŞKTC ilə əlaqələrə verdiyi önəmin göstəricisidir”, - qəzet şura rəhbərindən sitat gətirir.
Binəli Yıldırım daha bir mühüm hadisəyə də diqqət çəkib: “TDT-nin Ağsaqallar Şurası mayın 2-də ŞKTC-də toplanacaq”.
Yıldırım ŞKTC-yə Macarıstandan başqa bütün üzv ölkələrin nümayəndələrinin gələcəyini təsdiqləyib.
Xatırladaq ki, aprel ayında Qazaxıstan, Qırğızıstan Tacikistan, Türkmənistan və Özbəkistanla Avropa İttifaqı arasında imzalanmış 12 milyard avroluq müqavilədən sonra bu ölkələr Cənubi Kipri “adada yeganə qanuni dövlət” kimi tanıyıblar. Həmçinin bu çərçivədə Cənubi Kiprdə səfirlik açmaq qərarı verilib. Saziş Türkiyədə Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanıdılması səylərinə zərbə kimi də şərh edilib.