Həkimlərin və müəllimlərin sertifikasiyaya cəlb olunması cəmiyyətdə birmənalı qarşılanmır. Bu posesə tənqidi yanaşanlar, onu lazımsız sayanlar kifayət qədərdir.
Milli Məclisin deputatı Səttar Mehbalıyev Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib ki, hər şeyi imtahana çevirmək doğru deyil.
“Həkim uzun müddət oxuyub, təhsil alıb. Əgər o, diploma layiq deyilsə, dövlət imtahanından kəsilməlidir. Dövlət diplomu təsdiq edib. Həkim praktiki işlə məşğul olur, xəstələrlə görüşür. Biliklərin artırır. Düşünürəm ki, nazirlikdə bir qrup yaradılmalıdır və tibbi yenilikləri həkimlərin diqqətinə çatdırmalıdır. Yoxsa 5 ildən bir çağırıb imtahan verirlər. Elə bil tələbədirlər. Yeni tibbi cihazların tətbiqi və s. məsələlər onlara izah edilməlidir. Yoxsa hər şey imtahana çevirmək?.. Bütün sahələrdə belə olmalıdır. 5 il universitet oxuyub, əgər işini bilmirsə, onsuz da işdən çıxaracaqlar. Hər şey imtahandır, olmaz belə. Gələcəkdə bu məsələyə baxmaq lazımdır"-deyə S.Mehbalıyev vurğulayıb.
Ekspertlərin bir çoxu hesab edir ki, millət vəkili olduqca akrtual bir məsələni dilə gətirib və həkimlərin 5 ildən bir imtahana cəlb edilməsi narahatvericidir.
Aydın Əliyev: “Həkimləri imtahana cəlb etmək əvəzinə yenilikləri onlara mənimsətmək üçün başqa üsullardan istifadə etmək olar”
Azərbaycan Tibb Universitenin dosenti, həkim formokoloq Aydın Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, narazılıqlarda həqiqət var. “Yüksək praktiki nəticələri olan həkimlərin imtahanlara cəlb edilməsinə müəyyən etirazlar var. Bu etirazlarda da həqiqət yox deyil. Anaq elmi nöqteyi-nəzərdən uzun illərin təcrübəli həkimlərinin qarşısında duran sual budur ki, dünyada həmin sahə üzrə hansı yenliklər var və həkimlərimizin o yeniliklərdən xəbərləri varmı? Söhbət elə olmalıdır. Həkimin təcrübəsi var, o yenilikləri mınimsəyir, yoxsa yox? Mən də onu qəbul etmirəm ki, uzun illərin həkimlərinə qazandığı təcrübəyə uyğun sullar verilsin. Çünki artıq o bunları bilir. Həkimlərin yeniliklərdən xəbərinin olub olmamasını imtahan çərçivəsində yox, fikir mübadiləsi şəklində həyata keçirmək lazımdır ki, onların yeniliklər barədə məlumatları olsun. Həkimləri imtahana cəlb etmək əvəzinə yenilikləri onlara mənimsətmək üçün başqa üsullardan istifadə etmək olar. Ümumiyyətlə, təcrübəsi çox olan həkimlər daim yenilikləri də öyrənməlidirlər. Yaxud “mənbin praktikam çoxdur, yeniliksiz də keçinə bilərəm” yanaşması da düzgün deyil”-deyə A.Əliyev bildirdi. A.Əliyev hesab edir ki, bu proses imtahanla yox, müəyyən fakir mübadiləsi, seminarlar və sairlə həyata keçirilməlidir.
“Mən 43 ildir dərs deyirəm. 1971-1972-ci illərdən tibb sahəsindəyəm. Biz oxuduğumuz dövrdəki məlumatlarla indiki məlumatları müqayisə etmək olmaz. O qədər yeni fikirlər var ki. Ona görə də yeniliyi həkim bilməlidir”-deyə A.Əliyev qeyd etdi.
İlqar Hüseynli: “Ardıcıl olaraq öz işində çalışan həkimlərin 5 ildən bir sertifikasiyaya cəlb olunması lüzumsuzdur”
Digər ekspert İlqar Hüseynlinin fikrincə, sertifikasiya məsələsi bir qədər ziddiyyətli məsələdir. “Məsələn, doğrudan da elə həkimlərimiz var ki, nəzəri bilikləri kifayət qədər deyil, amma praktiki imkanları, bilikləri xəstələri sağaltması, diaqnostika etməsi və sair üçün yetərlidir. Əslində, Həkimləri Təkmilləşdirmə İnstuitutu var və burda kurslar keçirilir. İki həftəlik və iki aylıq kurslar var. İki həftəlik kurslar son beş ildə öz ixtisası üzrə mütamadi olaraq işləyən həkimlərə, yaxud əczaçılara tətbiq olunur. Ancaq iki aylıq kurslara ümumiyyətlə, son beş ildə peşə fəaliyyətindən, öz ixtisas fəaliyyətindən uzaqlaşmış həkimlər cəlb olunurlar. Həmin ixtisasartırma kursları zamanı yeniliklərlə, müəyyən tibbi biliklərlə bağlı kifayət tədris həyata keçirilir. Nəticə etibarı ilə həkimlər ordaca müəyyən imtahanlardan və sınaqlardan keçirlər. Bu sınaqlardan, imtahanlardan sonra həkimlərin yenidən sertifikasiyaya cəlb olunması prosesi bir qədər ziddiyyətli və artıq iş kimi görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, burda həm də institutun özünü maliyyə maraqları da var. Tibb və əczaçılıq fəlaiyyəti ilə məşğul olmaq üçün sertifikasiyanı keçmək o zaman mümkün olur ki, siz Həkimləri Təkmilləşdirmə İnstuitutunun təşkil etdiyi o kurslardan keçmiş olasınız. Burda iki həftəlik kursa cəlb edilən hər bir şəxs 300, iki aylıq kursa cəlb olunanlar isə 500 manat dövlət rüsumu ödəyir. Bu rəqəmi kurslara cəlb olunan həkim və əczaçıların sayına vurun və görün ki, ildə Həkimləri Təkmilləşdirmə İnstuitutuna nə qədər vəsait daxil olur. Burda bu prosesi dayandırmamaq şərti ilə nə etmək olar? Tutaq ki, sonradan sertifikasiyanın mərhələsini dayandırmaq da olar. Məsələn, Sovet dövründə ümumiyyətlə belə bir sertifikasiya prosesi yox idi. Həkimlərin hər birinə xüsusi olaraq yeni çıxmış dərman preparatları, onların anatasiyaları ilə bağlı informasiyalar ötürülürdü və həkimlər öz üzərlərində bununla bağlı çalışırdılar. Hər bir yeni dərman preparatları, yaxud tibbi-diaqnostika avadanlıqları ölkəyə daxil olurdusa onunla bağlı həkimlər məlumatlandırılırdı. Bununla da həkim öz fəaliyyətini davam etdirirdi”.
Hazırda informasiya və rəqabət əsri olduğunu deyən İ.Hüseynlinin sözlərinə görə, həkimlər internetə daxil olmaqla öz sahələrinə uyğun bütün yeniliklərlə, dünyada tətbiq olunan yeni texnoloji avadanlıqlarla, diaqnostik cihazlarla bağlı kifayət qədər məlumatlar əldə edə bilirlər. Onun qeyd etdiyinə görə, bu sahədə rəqabət olduğu üçün hər bir həkim öz üzərində ciddi şəkildə çalışır ki, öz reputasiyasını saxlaya bilsin: “Ona görə də həkimlərin o yersiz sertfikasiyadan beş ildən bir keçməsinin mən də tərəfdarı deyiləm. Fikir vermişəm, həkimlərə bir neçə dəfə şans verirlər və əgər həkim sertifikasiyadan keçə bilmirsə o işdən çıxarılır. Bir halda ki, ölkədə bu qədər həlim çatışmazlığı var. Şablon bir sertifikasiyadan keçə bilməyən həkimin işdən uzaqlaşdırılması özü də absurd bir yanaşmadır. Praktik təcrübəyə malik olan həkimin sertifikasiyadan keçə bilmədiyi üçün işdən azad olunmasının qarşısı da alınmalıdır.
Sertifikasiyaya hazırlıq mərhələsində, sertifikasiyanın özündə yenilənmə, müəyyən nəzəri biliklərin təkrarlanması var. Bu baxımdan müsbət tərəfini qeyd edə bilərəm, amma bunu başqa formada da etmək olar. Hardasa Səttar Mehbalıyevlə orda razılaşıram ki, yenilikləri informasiya şəkilində, toplu olaraq həkimlərə çatdırmaq olar, bu kliniklarda seminarlar vasitəsilə etmək mümkündür. Həmin seminarlar vasitəsilə yenilikləri öyrəndikdən sonra həkimin özü ilə bir test yoxlaması da etmək olar və bununla kifayətlənmək olar ki, həkim yeniliklərlə bağlı məlumatlara nə qədər nail oldu və öz işini davam etdirsin. Mənə elə gəlir ki, bunu bu formada davam etdirmək olar, nəinki sertifikasiya ilə. Orda yüz ballıq sullar qoyullar, məsələlərin həllini istəyirlər və sair. Mənə elə gəlir ki, bu bir az dövrün nəbzinə uyğun olmayan prosesdir. Bildiyim qədər dünya ölkələrində, eləcə də bələd olduğum qardaş Türkiyədə həkimlər öz fəaliyyətlərini əbədi olaraq davam etdirirlər, hər hansı bir sertifikasiya prosesində keçmirlər.
Bir məqamı da qeyd edim. İş yeri olmayan, işləmək məqsədilə sertifikasiyadan keçən həkimlərin də bu prosesdən keçməsi hələ o demək deyil ki, o işlə təmin olunacaq. Ondan sonra Səhiyyə Naizrliyi, yaxud TƏBİB strukturunda fəaliyyət göstərmək üçün müraciət edən həkimlərin yenidən o strukturlar daxili imtahanlar verməsi də şərt kimi qoyulub. İki-üç mərhələli bəzi imtahanlar var. Həm peşə ilə bağlı bir imtahan verirlər, həm də idarəetmə və işin xüsusiyyətləri ilə əlaqədar həkimlər, yaxud əczaçılar müvafiq vakansiya üzrə ikinci, müsahibə imtahanına cəlb olunurlar. O müsahibədən keçəndən sonra tibb müəssisəsində çalışmalarına icazə verilir. Yəni bir həkim işə düzəlmək üçün görün nə qədər büroktarik prosesdən keçməlidir. Düşünürəm ki, bunlar aradan qaldırılmalıdır”.
İ.Hüseynli bildirdi ki, diploma olsa da uzun müddət çalışmayan, peşəsindən uzaqlaşan, beş, on, iyirmi il fasilə verən həkimlər, yaxud əczaçılar var: “Bunları Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq kurslardan keçib sertifikasiya imtahanı verməsini isə çox zəruri hesab edirəm. Düşünürəm ki, bu atılmalı vacib addımdır. Bu qəbildən olan şəxslər sertifikasiyadan keçsinlər və bu sertifikasiya onlara həmişəlik versilsin. Yəni sonradan 5 ildən sonra yenidən sertifikasiyaya cəlb olunmasınlar. Bu daha məntiqlidir. Sizə açıq deyim, 32 ildən sonra özümü sınamaq məqsədilə Həkimləri Təkmilləşdirmə İnstitutunda yenidən kursa cəlb olundum, kursdan keçdim və Səhiyyə Nazirliyinin sertifikasiya imtahanını uğurla başa vurdum, sertifikasiyadan keçib sertifikat aldım. Əgər praktik olaraq öz işimdə çalışaramsa 5 ildən sonra yenidən sertifikasiyaya cəlb olunmağıma ehtiyac görmürəm. Məsələyə bu cür yanaşmaq lazımdır ki, ardıcıl olaraq öz işində çalışan həkimlərin 5 ildən bir sertifikasiyaya cəlb olunması lüzumsuzdur, amma uzun illər fasilə verib çalışmayan yendiən öz peşəsinə qayıtmaq istəyən həkimlərə, əczaçılara, diş həkimlərinə təkmillə kursundan və ardınca da sertifikasiyadan keçməsini məqbul hesab edirəm”.
İradə SARIYEVA