Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin qərarıyla Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.
Mərkəzin nizamnamə fondu 2.000.000 (iki milyon) manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır.
Bəs yeni mərkəzin yaradılması sahibsiz heyvanlarla bağlı problemə son qoyacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Arzuxan Əlizadə bildirib ki, sahibsiz heyvanlar hər kəsi narahat edən bir məsələdir:
“Son zamanlar seçicilərimizlə keçirilən görüşlərdə, qəbullarda ən çox səslənən məsələ sahibsiz heyvanlarla bağlı olur. Təmsil etdiyim Sabunçu rayonunun 4 qəsəbəsində bu məsələ insanları çox ciddi şəkildə narahat edir. Həm sakinlər, həm də bələdiyyə üzvlərindən dəfələrlə mənə müraciət ediblər ki, sahibsiz itlərlə bağlı problemdə onlara yardımçı olaq. Düzü, mən də məsələ ilə bağlı müvafiq icra orqanlarında müraciətlər etmişəm. Ancaq real bir nəticə olmayıb”.
Müsahibimiz qeyd edib ki, hökumətin bu qərarından gözləntilər böyükdür:
“Etiraf etmək lazımdır ki, sahibsiz itlər küçə və məhəllələrdə uşaqlara, yaşlılara, bir sözlə özünümüdafiədə zəif olan insanlara tez-tez hücumlar edir. Hətta bu hücumlar nəticəsində xəsarət alanlar da olub.
Ona görə də hökumətin son qərarını alqışlayırıq. İnanırıq ki, bu qərar ilk növbədə Bakı şəhərində sahibsiz heyvanlarla problemə bir çözüm olacaq. Ən azından sahibsiz heyvanlarla davranışda müvafiq qurumların əlində bir əsas olacaq. Ən əsası insanlar biləcək ki, sahibsiz heyvanlarla bağlı problem üçün hara və kimə müraciət etmək lazımdır”.
Surxay Atakişiyev, Bizim.Media