Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilə rəsmi müqavilə bağlayıb.
Bu barədə Offsideplus.az saytına Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov deyib.
O bildirib ki, T.Musayevin iyunun 21-də UFC Baku Fight Nightda debüt edib-etməyəcəyi dəqiq bilinmir. Ancaq hər bir halda, 35 yaşlı idmançı UFC-yə hazırlaşmaq üçün bu gecə Tailanda uçub.
"Tofiq UFC yarışına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçmək üçün
Tailanda uçdu. Onun Bakı turnirində Qırğızıstan təmsilçisi ilə döyüşəcəyini yazmışdılar. Ancaq rəqiblə bağlı hələ dəqiq məlumat yoxdur. Bu xəbəri görəndə Tofiq özü də təəccübləndi ki, bunu hansı əsasla yazıblar. Mən federasiya prezidenti kimi dəqiq məlumat verməliyəm. Hələ yarışın kartları tam açılmayıb. Buna görə də hələ bir müddət gözləməliyik. Tofiqin Bakıda döyüşüb-döyüşməyəcəyi, rəqibinin adı yaxın günlərdə bilinəcək", - deyə A.Əsgərov vurğulayıb.
Qeyd edək ki, UFC Baku Fight Nightda Azərbaycan idmançılarından Rafael Fiziyev və Nazim Sadıxov oktaqona çıxacaq.