AZ

Yaşlılarda polifarmasiya nədir?

Yaşlılarda polifarmasiya nədir?

Türkiyədə hər üç yaşlı insandan biri hər gün beş və ya daha çox dərmandan istifadə edir. Bəs bu qədər dərmanı eyni anda qəbul etmək doğrudanmı zəruridir? Ankara Təhsil və Araşdırma Xəstəxanasının Geriatri Kliniyasının mütəxəssisi Dr. Sinan Arı polifarmasiyanın yaşlılar arasında getdikcə artan, lakin çox vaxt görünməyən təsirlərinə diqqət çəkir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Türkiyədə əhalinin sürətlə yaşlanması ilə yeni bir sağlamlıq problemi gündəmə gəlir: Polifarmasiya. Yəni yaşlı insanların eyni anda beş və ya daha çox dərman qəbul etməsi. Zərərsiz kimi görünən bu çoxlu dərman istifadəsi yaşlıların həyat keyfiyyətini aşağı sala, hətta həyatlarını riskə ata bilər. Yaşlılarda tək dərman istifadəsi 87% nisbətindədirsə, beş və daha çox dərman istifadə edənlərin sayı 36%-ə çatır. Üstəlik, bu rəqəmlərə yalnız həkim təyinatlı dərmanlar deyil, həmçinin vitaminlər, bitki tərkibli əlavələr və reseptsiz preparatlar da daxildir.

Polifarmasiyanın əsas səbəbi: Xroniki xəstəliklər

Dr. Arıya görə, polifarmasiyanın əsas səbəbi yaşla birlikdə artan xroniki xəstəliklərdir: Hipertoniya, şəkərli diabet, ürək-damar xəstəlikləri, KOAH, depressiya və demans kimi diaqnozlar hər biri üçün ayrıca dərman qəbulunu tələb edir. Ancaq yaşlanan bədən artıq əvvəlki kimi deyil: əzələ kütləsi azalır, yağ faizi artır, su miqdarı isə azalır. Bu da dərmanların bədəndə fərqli şəkildə təsir göstərməsinə səbəb olur.

“Yağda həll olan dərmanların təsiri daha uzun çəkə bilər; suda həll olanlar isə zəhərli səviyyələrə çata bilər. Məsələn, diazepam yaşlılarda daha uzun müddət təsir göstərir və daha təhlükəlidir.”
Mütəxəssis Dr. Sinan Arı

Səssiz dərman qarşılıqlı təsirləri

Dr. Arının sözlərinə görə, polifarmasiya bir sıra ciddi nəticələrə səbəb ola bilər:

  • Düşmələr və sınıqlar: Xüsusilə təzyiq dərmanları ilə sakitləşdiricilərin birgə istifadəsi zamanı.

  • Delirium və çaşqınlıq: Antikolinerjik yüklənmənin nəticəsi olaraq.

  • Xəstəxanaya yerləşdirmə: Mənfi dərman reaksiyaları tez-tez qarşısı alına bilən səbəblər sırasındadır.

  • Ürək ritm pozğunluğu: Bəzi antibiotik və antipsikotik dərmanların birgə istifadəsində.

  • Hipoqlikemiya, zəhərlənmə, huşun itməsi: Qarşılıqlı təsirlərin gözlənilməz nəticələri.

Yalnız bədəni deyil, zehni də yorur

Dərmanların psixoloji və nevroloji təsirləri də nəzərəçarpacaqdır. Antixolinergiklər, sedativlər, steroidlər, beta-blokerlər – hamısı yaddaş və əhval-ruhiyyəyə mənfi təsir göstərə bilər. Dr. Arı polifarmasiyanı nəzarətdə saxlamaq üçün aşağıdakı sualları təklif edir:

  1. Bu dərmanın hələ tibbi əsaslandırması varmı?

  2. Onun faydası zərərindən çoxdursə?

  3. Xəstənin klinik vəziyyəti dəyişibmi?

  4. Dərman artıq dozada istifadə olunurmu?

  5. Daha təhlükəsiz alternativ mövcuddurmu?

  6. Eyni təsirə malik iki dərman birlikdə verilibmi?

  7. Xəstə dərmanı həqiqətən qəbul edirmi?

Sadələşdirmə: Kiçik addımlar, böyük təsirlər

Bəzən yaşlı insanlar üçün dərmanlar bir “təhlükəsizlik simvoluna” çevrilir. Dr. Arı deyir ki, bu həssas tarazlığı nəzərə alaraq pasiyentlərlə səmimi ünsiyyət qurmaq vacibdir:

“Hələlik bu dərmanı azaldaq və necə hiss etdiyinizi görək” yanaşması daha uyğundur.

Polifarmasiya təkcə dərmanların çoxluğu deyil – bu, həm də həyat balansının pozulmasıdır. Yaşlı insanların daha təhlükəsiz, daha sadə və dinc bir tibbi səyahətə sahib olmaları üçün həkimlər, əczaçılar, ailə üzvləri və səhiyyə sistemi birlikdə çalışmalıdır. Çünki bəzən sadəcə bir dərmanın azaldılması belə — bir həyatın işığını geri qaytara bilər.

Tərcümə : Zəhra Niftiyeva

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr