Çin Xarici İşlər Nazirliyi ABŞ-ın tarifləri artıraraq başlatdığı ticarət müharibəsinə qarşı digər ölkələri də Pekinin yanında olmağa çağıran təbliğat videosu yayımlayıb.
Gundem.az xəbər verir ki, nazirliyin “WeChat” hesabında ingilis dilində “Heç vaxt diz çökmə” başlıqlı video yayımlanıb.
Sözügedən videoda ABŞ-ın qlobal tarif fırtınası başladaraq Çini qəsdən hədəfə aldığı, digər ölkələrlə “90 günlük gecikmə oyunu” oynayarkən Çinlə ticarəti məhdudlaşdırmağa çalışdığı bəyan edilib.
Həmçinin videoda Vaşinqtonun rəftarının "tələ" olduğu iddia edilib: “Zalıma boyun əymək susuzluğunuzu yatırtmaq üçün zəhər içmək kimidir. Bu, böhranı daha da dərinləşdirəcək".
Videoda qeyd edilib ki, Çin bu təzyiq altında heç vaxt diz çökməyəcək, dik duraraq gələcək əməkdaşlıq imkanlarını yaşadacaq.
Həmçinin ABŞ-ın bütün dünyanı təmsil etmədiyi və onun ümumi ticarətinin dünya ticarətinin 20 faizindən az hissəsini təşkil etdiyi vurğulanıb: "Bütün tiranlar kağız pələnglərdir. Dünyanın qalan hissəsi həmrəylik nümayiş etdirsə, ABŞ quruda qalan kiçik bir gəmi kimi görünəcək. ABŞ-ın bir tərəfdən geri addım ataraq təhdidkar hərəkətlərini davam etdirəcəyinə şübhə etməyin.
Lakin Çin buna qarşı qətiyyətlə dayanacaq. Külək nə qədər güclü əssə, buludlar nə qədər sıx olsa da, gecə nə qədər qaranlıq olsa da, ulduz parlamağa davam edəcək. Kimsə məşəli götürüb qabağa getməlidir ki, dumanı dağıtsın, yolu işıqlandırsın. Bütün ölkələr dik dursa, dünya hegemonluğun divarlarını yıxacaq". /Publika.az