''Fənərbaxça''nın futbol komandasından fərqli olaraq basketbol komandası son illərdə həm Avropada, həm də daxili turnirlərdə kifayət qədər uğurlu çıxış edir.
''Football-plus.az'' xəbər verir ki, ''Fənərbaxça'' Avroliqada pley-off seriyasının 3-cü oyununda ''Paris''in qonağı oldu. Evdə keçirdiyi ilk iki oyunda qalib gələn və Fransaya üstünlüklə yollanan İstanbul nəhəngi məsələni uzatmadan bütün suallara 3-cü oyunda aydınlıq gətirdi.
Şarunas Yasekyaviçyusun komandası həm ilk çeyrəyi (20:18), həm ilk yarını (46:40), həm də 3-cü çeyrəyi (63:61) öndə tamamladı. Son 10 dəqiqə çox maraqlı və gərgin alındı. 35-ci dəqiqədə hesab 71:71, sona 15 saniyə qalmış isə 80:80 oldu.
''Fənər'' son hücumdan xal çıxara bilməyincə, oyun əlavə vaxta getdi. Qonaqlar əlavə vaxta uğurlu başlayaraq 7:0-lıq seriya yaxaladılar. Əla oyununu davam etdirən ''Fənər'' əlavə vaxtın 4-cü dəqiqəsində ilk dəfə görüşdə fərqi ikirəqəmli həddə çatdırdı (93:82). Qalan bölümdə üstünlüyünü qoruyan komanda 98:88 hesabı ilə qalib gəldi.
Beləliklə, seriyanı 3:0-lıq parlaq qələbə ilə tamamlayan ''Fənər'' ardıcıl 2-ci, son 11 ildə isə 7-ci dəfə ''dördlər finalı''na yüksəldi! Tarık Biberoviç 21 xalla karyerasının ən məhsuldar oyununu keçirdi. Ümumiyyətlə, ''Fənər''in heyətində bu matçda oynamaq şansı qazanan bütün basketbolçuların xal toplaması diqqət çəkdi. Naycel Hayes-Devis (18) və Mario Quduriç (14) ikirəqəmli həddə çatan digər oyunçular oldu. Qeyd edək ki, ''dördlər finalı'' bu mövsüm ilk dəfə Avropadan kənarda - Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dəbidə keçiriləcək.
''Fənərbaxça'' mayın 23-25-də keçiriləcək ''dördlər finalı''na vəsiqə qazanan ilk komanda oldu. ''Fənər'' yarımfinalda ''Panatinaikos'' - ''Anadolu Efes'' duelinin qalibi ilə qarşılaşacaq. Bu seriyada hesab 1:1-di və 3-cü oyun bu gün İstanbulda keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta