"İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri həm ölkə, həm də dünya gündəmində geniş işıqlandırılır və müzakirə olunur. Müzakirə obyekti qonşu dövlətin rəhbərinin Azərbaycana səfəri deyil. Onun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ilə səmimiyyəti, paytaxt Bakıda doğma dilimizdə dahi Şəhriyarın şeirini səsləndirməsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O deyib ki, Pezeşkian prezident seçildikdən sonra onun türk kökəni, türklərə, türkçülüyə qarşı müsbət və isti münasibəti fars mollalarını dərindən narahat etsə də türk dünyasına, türk dövlətlərinə ümid vermişdi:
"Azərbaycan ictimaiyyəti tərəfindən də Pezeşkian haqqında müsbət və mənfi xarakterli müzakirələr aparılırdı, müxtəlif arqumentlər səsləndirilirdi. Ancaq obyektivliyin hansı səviyyədə olması qeyri-müəyyən idi. İran prezidentinin Azərbaycana qısa müddətli ancaq bütün dünyanın diqqətini cəlb edən səfəri çoxsaylı suallara cavab oldu, şübhələrə isə son qoydu".
Anar Salehoğlunun sözlərinə görə, Məsud Pezeşkianın Azərbaycanda olduğu müddətdə hərəkətlərinə, yumoruna, ruh halına, sözlərinə, ifadələrinə fikir verən, elementar təhlillər aparan hər kəs görə bilərdi ki, o, özünü doğma vətənindəki kimi hiss edir və bütün ətrafı maraqla sezir:
"Bütün bunlar onun əsl azərbaycanlı kökündən olduğuna dəlalət edir.
Azərbaycan və İran münasibətləri özünün inkişaf mərhələsinə qədəm qoyub. Ayrılıq uzun müddət çəkməyəcək. Şimalda yaşayıb cənubun, cənubda yaşayıb şimalın həsrətini çəkən, pərən-pərən olub ayrı düşən azərbaycanlıların həsrəti bir gün tamamilə sona çatacaq. Buna şübhə etməyin!".
Süleyman