Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Lakin, əgər nüvə silahları istifadə olunmazsa belə hər iki ölkənin ordusunun sayı nəzərə alınarsa, müharibə on minlərlə insanın ölümünə səbəb ola və Kəşmir problemini daha da dərinləşdirə bilər. Amma mən hesab edirəm ki, Hindistan və Pakistan artıq bu münaqişənin simptomlarını dərk edirlər. Hər iki tərəf bu simptomları tanıyır və ona görə də zaman-zaman gərginlik olsa da, uzun müddətdir ki, genişmiqyaslı hərbi əməliyyatlar baş vermir.
Ən son 1999-cu ildə qismən genişmiqyaslı hərbi əməliyyatlar olub, o zamandan bəri 26 il keçib və ciddi hərbi toqquşmalar baş verməyib. Bunun bir çox səbəbi var. Birincisi, həm Hindistan, həm də Pakistan anlayır ki, belə bir müharibə heç bir tərəfə fayda gətirməyəcək. Kəşmir problemi, mənim fikrimcə, yalnız hərb yolu ilə həll edilə biləcək bir məsələ deyil, çünki hər iki ölkənin resursları böyükdür və müharibə başlayarsa, heç bir tərəf güzəştə getməyəcəkdir.
Bundan başqa, Hindistanın prioritetləri artıq dəyişib. Hindistan bugün yüksələn bir güc olaraq, Asiyada əsas rəqibinin Pakistan deyil, Çin olduğunu görür. Hindistan, əsasən iqtisadi mübarizəyə hazırlaşır və bu mübarizədə Çinlə qarşılaşmağı gözləyir.
Pakistan isə öz prioritetində Hindistanı görür. Pakistan, Cənubi Şərqi Asiyada sürətlə iqtisadiyyatda və siyasi arenada rolunu artıran bir gücə çevrilib və regional əməkdaşlıqlar vasitəsilə çəkisini artırır. Buna görə də, hər iki ölkə maksimum dərəcədə geniş münaqişələrdən qaçmağa çalışır. Son dövrlərdəki proseslər əsasən su kəsintiləri ilə bağlıdır.
Mənim fikrimcə, Hindistan və Pakistan bu məsələni diplomatik danışıqlar vasitəsilə həll edə bilərlər".
Zeynəb Rzayeva