“Ev şəraitində yatıram. Sağalmağım uzun çəkir. Xəstəliyim revmatizmdir. Ötən il insult, infarkt keçirdim. Bu günə şükürlər olsun ki, ayaq üstəyəm. Yenə də bu gün həftədə bir dəfə “Biləyən” verilişini səsləndirmək üçün doğma kanalıma gedirəm. Evim mənim 2-ci plana düşüb. Efir mənə hər zaman evimdən də əziz olub. Uzaqlaşandan sonra burnumun ucu göynədi efir üçün. İndi də darıxıram”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ofeliya Sənani bildirib. Diktor bildirib ki, insanlar bu gün daha çox sosial məzmunlu verilişləri izləyirlər:
“Deyim ki, efirlərdən çox razıyam, yalan olar. Belə də, pis deyil. Bu dəqiqə sosial verilişlərdir də gündəmdə olanlar. Xoşqədəm axtarış edir, özü axtarışlara gedir. Onun işi də, verilişi də çox ağırdır. Sibirə qədər gedir kişinin qızı. Onu necə dəyərləndirməmək olar?. Bu işin ağırlığını mən bilirəm” deyə Ofeliya Sənani bildirib.
Diktor deyir ki, bir çox efirlərdə mental dəyərləri gözləmirlər:
“Bir şeyə qarşıyam ki, bizim mentalitetimiz var. Bəzən 60 yaşlı kişini çıxardırlar ki, evlənmək istəyirəm. Bu ayıbdır. Hamı evlənmək istəyir, evlənməyin nəyi pisdir ki? Sadəcə bunları çıxıb efirdə demək olmaz. Buna çox pis baxıram. Mətbuat Şurasına yazmaq, demək lazımdır ki, nə efirdə yaxşıdır, nə pis? Çünki bizlərin bunu deməyə haqqı çatır” deyə diktor bildirib.