AZ

“Göygölün kiçik bacısı” Xanbulandan REPORTAJ /VİDEO+FOTO

Füsunkar təbiətə və gözəlliyə malik olan Lənkəran rayonunda turistlərin diqqətini ən çox cəlb edən məkanlardan biri də “Göygölün kiçik bacı”sı adlandırılan Xanbulançay dəryaçasıdır.

Ekologiya.az  xəbər verir ki, Azərbaycan təbiətinin incilərindən olan və ilin bütün fəsillərində göz oxşayan mənzərəsi ilə insanları valeh edən Xanbulançay Talış dağlarının ətəyində, Lənkəran şəhər mərkəzindən 25 kilometr cənub-qərbdə yerləşir. Xanbulan gölü ilə yanaşı, onu əhatə edən nadir və endem ağaclar da dünyada məşhurdur. Xüsusilə burada bitən dəmirağacı, Hirkan şümşadı, palıd və şabalıd Lənkəran təbiətinin inciləri sayılır.

Xanbulançayda təbiətsevərlər üçün ideal yürüş marşrutları mövcuddur. Turistlər 2023-cü ildə yaradılmış 2,5 kilometrlik “Dəmirağac” marşrutu ilə hərəkət edərək Xanbulan gölünün füsunkar gözəlliklərini, o cümlədən endem və relikt ağacları müşahidə edə bilirlər. Təmiz havanın və gözəl mənzərənin olduğu Xanbulan dincəlmək üçün mükəmməl məkan hesab edilir.

Gölün yaxınlığında fəaliyyət göstərən istirahət mərkəzlərindən birinin əməkdaşı Sahil Mikayılov bildirir ki, Xanbulançay dəryaçasının ətrafındakı əsrarəngiz gözəlliyə malik landşaft və biomüxtəliflik turistləri buraya cəlb edir. Hazırda havanın nisbətən istiləşməsi ilə əlaqədar istirahət üçün Xanbulana üz tutanların sayı artmaqdadır: “Burada təbiət çox gözəldir. Xanbulana yerli və xarici turistlər gəlirlər. Bu yaxınlarda Almaniyadan gəlmişdilər. Bura onların çox xoşuna gəldi. Xarici qonaqları burada daha çox təbiət cəlb edir. Buraya demək olar ki, ilin bütün fəsillərində turistlər gəlirlər. Amma yayda onların sayı daha çox olur”.

Bələdçi Nahid İmanov isə deyir ki, Lənkəranın təbiəti ilə yanaşı, bu diyarın insanlarının səmimiyyəti, milli mətbəxi, o cümlədən də çayı turistlərin xoşuna gəlir: “Azərbaycanın bütün bölgələrindən və xaricdən bura gəlirlər. Ruslar, ərəblər, ukraynalılar və başqaları buranın təbiətini sevirlər”.

Turist Aytac Feyruzova ailəsi ilə birlikdə istirahət üçün hər il Xanbulana gəldiyini söyləyir. “Xanbulan füsunkar təbiətə malikdir. Ərazidə gəzməli yerlər çoxdur. Lənkərana gələndə yerli mətbəxin dadlı təamlarından da dadırıq”, - deyə o əlavə edib.

Digər turist Məhəmməd Kazıbekov isə hər il istirahət üçün İsmayıllı rayonundan bura gəldiyini bildirir. “Ailəmizlə hər il Xanbulana gəlirik. Lənkəranın təbiətini, həmçinin mətbəxini, xüsusilə də ləvəngini və balıq yeməklərini çox sevirik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Xanbulançay dəryaçasında Lənkəranın əsas su ehtiyatı toplanır. Su anbarı 1976-cı ildə istismara verilib."Azertag"


Seçilən
1
ekologiya.az

1Mənbələr